Modern.az

Səlim Müslümov Dövlət Əmək Müfəttişliyinin 19 rəisini cəzalandırdı

Səlim Müslümov Dövlət Əmək Müfəttişliyinin 19 rəisini cəzalandırdı

Aktual

24 Dekabr 2013, 10:35

Dekabrın 20-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə respublikada əmək qanunvericiliyinə düzgün əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və onun regional struktur bölmələrinin vacib bir sahəyə nəzarət edən və işçi hüquqlarının müdafiəsi baxımından geniş səlahiyyətlərə malik olan bir qurum olduğunu qeyd edən Səlim Müslümov bu orqanın fəaliyyətinin bu gün heç də qənaətbəxş səviyyədə olmadığını konkret faktlar əsasında diqqətə çatdırıb. Nazir bu sahədə də fəaliyyət mexanizminin müasir tələblərə uyğun şəkildə yenidən qurulması və müfəttişliklərin öz vəzifə funksiyalarına yanaşmalarında icra məsuliyyətinin artırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib.

İclasda nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev müfəttişliklərin ötən il və cari ilin 10 ayına dair fəaliyyətlərinin araşdırılması zamanı aşkar edilən nöqsanlar barədə məlumat verib. Qeyd olunan dövrdə müəssisələrdə yoxlamaların subyektiv yanaşmalar əsasında tərtib olunmuş siyahılar üzrə, bir sıra hallarda isə aidiyyatı dövlət qurumunun müvafiq çıxarışları olmadan aparıldığı, ayrı-ayrı müəssisələr fəaliyyət göstərdikləri halda onlarda yoxlamaların guya «müəssisənin fəaliyyətinin dayanması» səbəbindən təxirə salındığı bildirilib.

Müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu diqqətə çatdırılıb. Bildirilib ki, dövlət nəzarəti həyata keçirilmiş müəssisələrin cüzi bir qismində cərimələrin tətbiq olunması, hətta bəzi regionlarda il ərzində 250-dək müəssisədə yoxlama aparıldığı halda, onlardan heç birinə qarşı cərimə aktının yazılmaması aparılan yoxlamaların əslində formal xarakter daşıdığını göstərir. Əməyin mühafizəsi üzrə laboratoriyaların faktiki olaraq fəaliyyət göstərmədiyi, əmək müfəttişləri arasında yoxlamalar üzrə qeyri-bərabər bölgünün mövcud olması və digər nöqsanlar da qeyd edilib.

Regional əmək müfəttişliklərinin xidməti ərazilərində olan müəssisələrdə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ənənəvi olaraq yoxlamaların aparılması isə qeyri-məntiqi hal kimi dəyərləndirilib.

İclasda qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılması və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində ciddi dönüş yaradılması, əməyin mühafizəsi laboratoriyalarının işlək vəziyyətə gətirilməsi, qeyri-leqal məşğulluq hallarına qarşı tədbirlərin gücləndirilməsi, əmək hüquqlarının pozulması faktları aşkar edildiyi təqdirdə təsiredici amil kimi cərimələrin tətbiqinin diqqətdə saxlanılması və s. barədə müvafiq tapşırıqlar verilib.

Həmçinin vəzifəsini yarıtmaz şəkildə yerinə yetirən 5 regional müfəttişliyin rəisləri işdən azad edilmiş, 11 müfəttişliyin rəislərinə isə töhmət verilib. Daha 3 müfəttişlyin rəislərinin yerləri rotasiya qaydasında dəyişdirilib.

Əmək müfəttişliyi sistemində avtomatlaşdırılmış idarəetmə sisteminin qurulması və elektron xidmətlərin çeşidinin artırılması, risk qrupundan asılı olaraq müəssisələrdə yoxlamaların keçirilmə müddətlərinin müəyyən olunması, tətbiq edilən cərimələrin vahid hesabda toplanması, müfəttişliyin regional strukturunda məqsədəmüvafiq islahatların aparılması, müfəttişlik rəislərinin ən azı iki ildə bir dəfə olmaqla rotasiyasının həyata keçirilməsi və s. barədə təkliflər irəli sürülüb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!