Modern.az

Redaksiyalarda jurnalistlərə yay məzuniyyəti verilirmi? (sorğu)

Redaksiyalarda jurnalistlərə yay məzuniyyəti verilirmi? (sorğu)

Media

5 İyul 2010, 15:47

Azərbaycan Əmək Məcəlləsinə görə, hər bir işçinin iş yerinin və vəzifəsinin saxlanılması şərtilə illik məzuniyyət hüququ var. Dövlət qurumlarında və bir sıra özəl strukturlarda qanunvericiliyin bu tələbinə əməl olunsa da, media sahəsində vəziyyət fərqlidir. Araşdırmalar göstərir ki, əksər jurnalistlər yay mövsümündə məzuniyyətə çıxıb dincələ bilmirlər. Bununla yanaşı, işçilərinin istirahət hüququnu təmin edən redaksiyalar da var. KİV redaksiyalarında işçilərə məzuniyyət necə verilir? Modern.az bu suala cavab almaq üçün sorğu keçirib.

 

“Lent.az” xəbər portalının baş redaktor müavini Gülşən Hacıyeva: “İyulun 15-dən başlayaraq işçilərin istirahəti üçün imkan yaratmışıq. Məzuniyyət haqları ödənilməklə 21 gün ərzində istirahət edə biləcəklər. Bu növbəli şəkildə həyata keçirilir. İşçilər üç qrupa ayırılıb. Bu il keçiriləcək parlament seçkilərinə görə məzuniyyətlərə bir az tez başladıq. Ötən il işçilərimiz istirahətə avqustdan çıxırdılar. Hazırda bir qrup işçimiz istirahətdədir. Avqustun ortalarından bütün heyətlə yenidən çalışacağıq”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “İstəyirik ki, bütün kollektiv şəkildə istirahətə çıxaq. Redaksiya ilə müzakirədən sonra dəqiq bir qərara gələ biləcəyik. Çox güman ki, mətbuat günündən sonra istirahətə çıxacağıq. İstirahət üçün təxmini bir-iki həftə nəzərdə tutmuşuq. Ancaq fərdi qaydada 3-4  günlük istirahətə gedən işçimiz də var. Bunlar azlıq təşkil edir. Tam kollektiv şəkildə istirahətə çıxmağımızı redaksiya müzakirəsindən sonra dəqiqləşdiricəyik”.

 

“Üç nöqtə” qəzetinin baş redaktor müavini Şahin Əliyev: “Adətən işçilərin istirahəti növbəli şəkildə həyata keçirilir. Bu ayın 12-dən başlayaraq əməkdaşlarımız istirahətə yollanacaqlar. İstirahət müddəti də daxili qaydalara görə müəyyənləşir. 10-15 gün istirahət verilir. Bu istirahət günləri əlavə məzuniyyəti  haqqı kimi hesablanmasa da, istirahatə çıxanlar əmək haqqlarını tam alacaqlar”.

 

“Mərkəz”qəzetinin redaktoru Nicat Sadıqlı: “Bizdə artıq iyul ayından məzuniyyətlər başlayıb. Çox güman ki, avqustun əvvəllində başa çatacaq. Digər əməkdaşlarımız üzərinə ağırlıq düşməsin deyə, bunu  növbəli şəkildə həyata keçiririk. Kim nə qədər istəyir, istirahət götürə bilir. Bu müddət ən çoxu yarım aydır. Onu da qeyd edim ki, bu günlər əlavə məzuniyyət haqqı kimi hesablanır”.

 

“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu: “Biz artıq kolletiv şəkildə istirahət etməyə başlamışıq. İyunun ayının 26-dan 28-dək kolllektiv şəkildə Nabrandakə “Atlant” istirahət məkanında dincəlmişik. Amma bu yay mövsümündə bir dəfə də kollektiv şəkildə istirahətə gedəcəyik. Yəni, işçilərimizlə birlikdə yayın ləzzətini çıxaracağıq. Tək-tək məzuniyyətə çıxmaq istəyənlərə də imkan yaradılır. Ancaq biz kolektiv istirahətə üstünlük veririk”.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Adətən növbəli şəkildə əməkdaşlarımızın istirahətinə imkan yaradılır. Bu, may ayından başlayaraq həyata keçirilir. Beş nəfər artıq istirahətə çıxıb. Qəzetimizin maddi durumu ağır olduğuna görə onlar öz hesablarına istirahətə çıxıblar. Ancaq mətbuat günündən sonra,  avqust ayının ilk 10 günlüyündə düşünürük ki, kütləvi şəkildə 1 həftəlik istirahətə çıxaq. Yadıma gəlir, ya 2006-cı il, ya da 2007-ci il olardı, bir dəfə kollektiv şəkildə istirahətə çıxmışdıq”.

 

“525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayev: “Redaksiyanın bütün şöbələrində, redaksiya korpusunda işçilərimiz öz razılıqları ilə növbəli şəkildə istirahətə yollanırlar. Bu istirahət müddəti 2-3 həftəlik ola bilir. Əgər onlar məzuniyyətlərini bu mövsümdə götürürlərsə, onların məzuniyyət haqları da  hesablanır. Bizim praktikada kollektiv şəkildə istirahət yoxdur”.

 

APA-nın baş redaktoru Vüqar Hüseynov: “Yay mövsümü ilə əlaqədar olaraq bizdə məzuniyyətlər keçən aydan başlayıb. İstirahətlər növbəli şəkildə həyata keçirilir. İşçilərimiz maaşları verilməklə 23 gün istirahət edirlər. Artıq bir qrup istirahət edib gəlib. Seçkilərə görə biz bu yay istirahətə tez başladıq. Bu müddətdə aktiv şəkildə çalışmalıyıq. Mövsüm istirahəti avqustun 16-dək başa çatacaq”.

Təhminə Paşayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi