Modern.az

Parlament jurnalistləri deputat Elmira Axundovanı necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Elmira Axundovanı necə xarakterizə edirlər?

30 Avqust 2010, 18:53

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Elmira Axundova barədə fikirlərini bildiriblər.

Elmira Axundova 71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilib. Filologiya elmləri namizədi, əməkdar jurnalistdir, «Şöhrət» ordeni ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.
1977-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Yazıçılar İttifaqında, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, «Literaturnaə qazeta»da, «Svoboda» radiosunda, «Obşaya qazeta»da çalışıb. 2002-ci ildən Bakı Slavyan Universitetinin dosentidir. Bitərəfdir.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür.

Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Bir deputat kimi Elmira Axundovanın fəaliyyətini bəyənirəm. Çox çalışqan olduğu hiss olunur. Xoşuma gələn cəhəti odur ki, demək olar qanun layihələrinin hamısını diqqətlə oxuyur, əksəriyyətinin müzakirəsində iştirak edir. Bəzən hansısa layihədə yer alan elə məsələdən danışır ki, həmkarları da mat qalırlar. Həmçinin, seçicilərinin, xüsusilə də qadınların hüquqlarının müdafiəsində yaxından iştirak edir. Bəzi siyasi baxışlarını paylaşmasam da, millət vəkili kimi fəaliyyətini qənaətbəxş hesab edirəm.

Jurnalistlərlə münasibətinə dair pis döz deyə bilmərəm. Bu vaxtadək həmkarlarımdan kiməsə qarşı kobudluq, saymazyana yanaşdığını şahidi olmamışam”.

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli: “Onu fəal xanım deputatlardan hesab edirəm. Qadın hüquqları sahəsində və dövlətçilik mənafeyi uğrunda fəallıq nümayış etdirir. Azərbaycan dilinin qorunmasında təkliflər irəli sürüb. Seçicilərinin hüquqlarının müdafiəsində fəal iştirak edir. Seçicilərinin hüquqlarını parlamentdə qabardır. Jurnalistlərə açıq deputatdır. Əfv komisiyasının üzvü kimi də fəal işləyir”.

Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Elmira Axundova bizim jurnalist həmkarımızdır. Maraqlı məqalələrlə çıxış edib. Milli Məclisədə müəyyən məsələlərlə, seçicilərinin problemləri ilə bağlı çıxış edir. Passiv deputat hesab etmirəm. Mətbuata açıq olan bir millət vəkilir. Mən görməmişəm ki o hansısa jurnalistə müsahibə verməkdən imtina etsin”.

“Xəbərlər” İA-nin əməkdaşı Mürtəza Bünyadov: “Ən layiqli və fəal deputatlardan biridir. O, fəaliyyəti müddətində bir sıra qanunvericilik təklifi ilə çıxış edib və həmin qanunların da qəbul edilməsinə nail olub. Əsasən də sosial sahələrdən çıxış edib, qəbul olunmasına nail olub. Elmira xanım bayram tətillərinin uzadılması təkifi ilə də çıxış edib və buna da nail olub. O təklif etmişdi ki, əgər bayram günü bazar gününə düşərsə, onun kompensasiyası kimi bayram digər günə keçirilsin. O, sosial məsələləri, qadın hüquqları ilə bağlı məsələləri, məhkumlarla bağlı məsələləri irəli sürüb və bir çox hallarda bunların qəbul olunmasına nail olub. Mən onu ən aktiv deputat kimi qiymətləndiririəm. Öz üzərinə düşən bütün işləri görən deputat hesab edirəm. Jurnalistlərlə münasibəti çox gözəldir. Yüksək düşüncə sahibi olan bir xanım deputatdır. Cəmiyyətə açıq insandır. Öz seçicilərinin problemlərinə qayğı ilə yanaşan deputatdır. Mən onun barəsində ancaq və ancaq xoş sözlər deyə bilərəm”.

Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Mən deyərdim ki, Elmura xanım Milli Məclisə işgüzar deputatlardandır. Özünü və seçicilərinin narahat edən məsələləri qaldırır. Jurnalistləri maraqlandıran, həm də mətbuatla bağlı çıxışları olur. Milli Məclisdə elə də aktiv deyil, passiv də deyil, orta səviyyədə fəaliyyət göstərir. Daim problemlərlə bağlı çıxışları olur.”

“525-ci qəzet"in əməkdaşı Kamil Həmzəoğlu: “Elmira xanım 3-cü çağırış parlamentin aktiv, fəal, işgüzar deputatlarındandır. O, istər qanun layihələrinin, istər cari məsələlərin müzakirəsində kifayət qədər fəallıq göstərməyə çalışır. O hətta Milli Məclisdə özünün bir neçə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Özünün təşəbbüsü ilə təxminən iki il qabaq qanun layihəsi işləyib hazırladı. Bu, məhkum olunmuş şəxslərin sonradan reabilitasiyası ilə bağlı idi. Həmin qanun Milli Məclisdə qəbul olunub. Elmira Axundova bundan başqa, bir neçə qanunların qəbul olunması təşəbbüsü ilə çıxış edib. Elmira xanım özü parlamentə jurnalistikadan gəlib, ona görə də  jurnalistlərlə heç bir problemi yoxdur. Hansı jurnalist ona yaxınlaşırsa, ona açıqlama verir. Jurnalistlərin sosial durumunun yaxşılaşdırılması təşəbbüsləri, parlament jurnalistləri ilə bağlı bütün məsələlərdə dəstəyini verib. Hətta bir müddət öncə “İlin fəal millət vəkili” nominasiyasının prezentasiyası keçirilərkən çıxış etdi ki, konkret olaraq deputatlar  jurnalistlərin sosial şəraitinin yaxşılaşdırlımasına əməlləri ilə kömək etməlidir. Məhz bunun və digər amillərin nəticəsidir ki, Parlament Jurnalistlər Birliyinin “İlin fəal millət vəkili” və “Seçici hüquqlarının ən yaxşı müdafiəçisi” kimi nominasialarında on nəfər deputat içərisində onun adı çəkilir. Eşitdiyimə görə seçiciləri ilə də münasibətləri yaxşıdır. Çox güman ki, bütün bunlar, əgər növbəti dəfə namizədliyini irəli sürərsə, növbəti dəfə də onun seçilməsinə, deputat mandatı almasına gətirib çıxaracaq. Uğurlar arzulayıram”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Elmira xanım savadlı millət vəkillərindəndir. Parlamentdə qabaqcadan onun müxtəlif məsələlərlə bağlı çıxışlarını eşidirik. Həm də müzakirə etdiyi məsələlərdə xalqın mövqeyindən çıxış etdiyi hiss olunur. Çox cəsarətli millət vəkili təsiri bağışlayır. Ümumiyyətlə seçicilərinin problemləri üçün əlindən gələni edir. Jurnalistlərlə də münasibəti yaxşıdır. Bəzən axtaranda tapmaq çətin olur, amma əgər tapırsansa, danışmaqdan imtina etmir”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Elmira xanımın həm Milli Məclisdə müzakirələrdə, həm də bu beş il ərzində jurnalistlərlə ünsiyyətdə səmimi rəftarının şahidi oldum. Hətta onunla bizim reportajımız olmuşdu. O, seçicilərinə qayğıyla yanaşır. Onların problemlərinə biganə deyil. Jurnalistlərlə olduqca isti münasibətdədir. Bəlkə də bu, onun jurnalist olmasından, deputatlığa jurnalistikadan gəlməsindən irəli gəlir. Ona yalnız uğurlar arzulayıram. Mənfi fikir ağlıma gəlmir. Vətəndaşların sosial problemlərin aradan qaldırması məsələsini daha çox parlamentdə qaldırıb”.

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağaverdiyeva: “Məni ən çox təəccübləndirən odur ki, Elmira xanım müstəqil olmağa çalışır. Buna bəzən nail olur, bəzən yox. Düzdür, onun sözlərində müəyyən həqiqətlər var. Onun çıxışlarından xoşuma gələn də olur, gəlməyən də. Jurnalistlərə qarşı münasibəti normaldır. Bəzən olur ki, çıxışları çətinlik yaradır. Seçiciləri ilə münasibətindən məlumatım yoxdur”.

Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Milli Məclisdə fəallıq göstərən deputatlardandır. Seçiciləri ilə də yaxşı işləyir jurnalistlərlə münasibəti pis deyil. Bir məsələ var ki, Azərbaycan dilində yaxşı danışa bilmir. Milli Məclisin deputatı gərək Azərbaycan dilini yaxşı bilsin. Ancaq o əvvəllər Avropa Şurasına gedib-gəlirdi. O bir dəfə Avropa Şurasından qayıdanda yaxşı söz demişdi: “Bizim bəzi deputatlarımız Avropa Şurasına turist kimi gedib gəlirlər. Bunu həqiqətən də düz deyir. Bizim xüsusilə xanım bir deputat var idi, o alver üçün gedib-gəlirdi”.

Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: “Elmira xanım kifayət qədər səviyyəli və savadlı olsa da, o sovetlər donəmində “Literaturnaya qazeta”da Azərbaycanımıza göstərdiyi xidmətdən artıq ictimai-siyasi fəaliyyətlə yadda qalmadı. Ötən müddətdə onun sorağı gəlməli olan ünvanlarda ancaq anti-Azərbaycan ovqatlı sərsəmlər oxuduq-gördük, ancaq Elmira xanımı tutarlı gördüm-oxudum deyən olmadı. İnanmaq istərdim ki, o hələ ölkəmizə hava-su kimi lazım olan informasiya savaşında umduğumuz köməyi göstərəcək”.

“Zaman” qəzetinin əməkdaşı Natiq Pənahlı: “Elmira xanım  jurnalistikadan deputatlığa gələn xanımlardandır. Onun fəaliyyətini orta səviyyədə qiymətləndirirəm. Kifayət qədər aktiv deputat deməzdim. Müəyyən məsələlər gündəmə gələndə fikir bildirir. Jurnalistlərlə münasibəti normaldır”.

“Mediaforum.az” saytının əməkdaşı İmdad Əlizadə: “Elmira Axundova Azərbaycan  Parlamentinin ən fəal deputatlarından biridir. Elmira xanımın istər deputat, istərsə də Prezident yanında Əfv Komisiyasının üzvü kimi gördüyü işlər olduğu kimi mətbuatda əks olunmur, cəmiyyətə çatdırılmır. Amma mən Elmira Axundovanın həm deputat kimi, həm də Əfv Komissiyasının üzvü kimi fəaliyyəti ilə yaxından tanışam. Əminəm ki, o, parlamentin ən fəal deputatlarından biridir. Eyni zamanda Elmira Axundovanın yerlərdə seçiciləri ilə gördüyü işlər barədə məlumatım var və bilirəm ki, Elmura Axundova seçiciləri ilə ən çox əlaqə saxlayan, tez-tez seçildiyi rayonun ərazisinə baş çəkən deputatdır. Mən bilirəm ki, Elmira Axundova bir neçə dəfə qanunvericilik təşəbüssü ilə də çıxış edib. Onun özü də jurnalistdir. Heç bir problem yoxdur”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Elmira Axundova Milli Məclisin fəal deputatlarındandır. Parlamentə jurnalistikadan gəldiyi üçün jurnalistlərə daha yaxındır. Ona görədə jurnalistlərlə isti münasibətinin daim şahidi olmuşam. Bu deputat daim öz düşüncələrini, fikirlərini Milli Məclisin tribunasından səsləndirib. Seçiciləri ilə münasibətinə gəlincə Elmura Axundova öz seçiciləri ilə yaxşı işləyir”.

Vüqar Ağamalıoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi