Modern.az

Obamadan Netanyahuya MESAJ: “Qərəzli mühakimə lazım deyil”

Obamadan Netanyahuya MESAJ: “Qərəzli mühakimə lazım deyil”

Dünya

3 Mart 2015, 15:18


“İsraillə ABŞ-ı bir-birinə sıx münasibətlər bağlayır. Düşünürəm ki, birinci bunu dərk etmək əhəmiyyətlidir. İkincisi bizim ümumi məqsədlərimiz var ki, bu da İranın nüvə silahı ala bilməməsi ilə bağlıdır”.

Modern.az saytının məlumatına görə bunu “Reuters”ə müsahibəsində ABŞ prezidenti Barak Obama deyib.

Ağ Ev rəhbəri ABŞ-la İsrail arasında İranın nüvə proqramı ilə bağlı yaranmış qalmaqallar haqqında səslənən iddialara münasibət bildirərkən söyləyib ki, məsələyə yanaşmada üsullarında ciddi fərqlər var. Onun sözlərinə görə İsrailin baş naziri ən yaxşı üsul kimi İrana qarşı sanksiyaların ikiqat artırılmasını və ya hərbi güc tətbiqini təklif edir. “ABŞ isə bəyan edib ki, sanksiya rejimi İranı danışıqlar masası ətrafında oturmağa məcbur edəcək”.  

Barak Obama İranın nüvə arsenalını genişləndirəcəyi təqdirdə görüləcək tədbirlərdən söz açaraq bildirib ki, bu zaman ABŞ İranı dayandırmaq üçün hərbi gücdən istifadə edə bilər. ABŞ lideri Benyamin Netanyahunun  İranla danışıqlara son qoymaq barədəki çağırışının onda narahatlıq yaratmadığını bəyan edib: “Düzünü desək, Netanyahunun fikirləri məni narahat etmir. Məsələ ilə bağlı Konqres tədbir görəcək. Əldə edilməmiş razılaşmalar haqqında qərəzli şəkildə mühakimə yürütmək lazım deyil”.

Barak Obama Rusiyada müxalifətin aparıcı lideri sayılan Boris Nemtsovun ölümünə də münasibət bildirib. O, Moskvanı məsələ ilə bağlı obyektiv təhqiqat aparmağa çağırdığını xatırladaraq deyib ki, Rusiya daxilində vətəndaş cəmiyyətləri, müstəqil jurnalistlər özlərinə qarşı təhdid hiss edirlər.

“Rusiya əhalisi daha çox dövlətin nəzarət etdiyi media orqanlarından məlumat alır. Bu, problemdir. Amma mən Boris Nemtsovun qətlə yetirilməsində Kremlin əli olub-olmadığı haqqında informasiyaya malik deyiləm”,-deyə Obama bildirib. 

Qeyd edək ki, xarici KİV-lər İranın nüvə proqramına dair ABŞ-la İsrail arasında ciddi sensasiya sayıla biləcək iddialar irəli sürüb. Məlumatlara görə, İranın nüvə siyasəti ilə bağlı “altılıq ölkələri”nin (ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, Çin + Almaniya) apardığı danışıqlardan ciddi şəkildə əndişələnib. Bundan əvvəl isə ABŞ-a səfəri planlaşdırılan Benyamin Netanyahunun yüksək səviyyəli rəsmi şəxslərlə görüşünün nəzərdə tutulmaması diqqət çəkirdi.

İrəli sürülən iddialarda yer alan mülahizələrdə bildirilir ki, tərəflər Tehranın nüvə məsələsində razılıq əldə etməyə yaxın olduğu bir zamanda İsrail İranın nüvə obyektlərinə aviazərbələr endirməyi planlaşdırıb və Barak Obamanın belə olacağı təqdirdə, havaya qalxan İsrail təyyarələrinin Amerika Hərbi-Hava Qüvvələri tərəfindən vurulub salınacağına dair xəbərdarlıq etdiyi söylənilir.  

Məlumat üçün deyək ki, ABŞ-da səfərdə olan İsrailin baş naziri ötən gün ABŞ-ın  yəhudi icması qarşısında çıxış edərkən İranı terrorçu ölkə adlandırıb. Onun bu gün Konqresdə İranın nüvə strategiyasını hədəf alan çıxışı da gözlənilir. 

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı