Modern.az

Deputat “Azadlıq” qəzeti ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib

Deputat “Azadlıq” qəzeti ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib

1 Dekabr 2010, 12:47

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ərin yazdığı və “Azadlıq” qəzetində dərc edilən “Azadlıqdan tiranlığa” kitabının yaratdığı hüquqi məsuliyyətin araşdırılması üçün Ədliyyə Nazirliyinə rəsmi şəkildə müraciət edib. 
Bunu Modern.az-a millət vəkili verdiyi açıqlamasında bildirib. Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətdə deyilir:

“Azadlıq” qəzeti bu ilin 17 oktyabr tarixli sayından başlayaraq Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin keçmiş mətbuat attaşesi Turqut Ərin “Azadlıqdan tiranlığa” adlı kitabını ardıcıl olaraq dərc edir. Həmin materiallarda Azərbaycanın müstəqillik qazandığı tarixi dövr, müasir dövlət quruculuğunun əsasları və ulu öndər Heydər Əliyevin şəxsiyyəti əleyhinə ağır ittihamlarla dolu fikirlər, cinayət məsuliyyəti doğuracaq tezislər və mülahizələr əksini tapmaqdadır. Bu söz  və mətbuat azadlığı prinsipləri ilə uzlaşmır. "Kütləvi İnformasiya Vasitləri haqqında" Qanun bir çox müddəalarının kobud pozulması ilə müşayiət olunur. Müasir Azərbaycan dövlətinin nüfuzunun və Heydər Əliyev şəxsiyyətinin ruhu, şərəf və ləyaqətinin qorunması naminə “Azadlıq” qəzetində bu kitabın çapının yaratdığı hüquqi məsuliyyətin araşırdırılması üçün müvafiq addımlar atmağı sizdən xahiş edirəm”.

Müraciətinin səbəbləri barədə danışan Zahid Oruc saytımıza bildirib ki, şərəf və ləyaqət anlayışı həm canlı insanlara, həm də dünyadan köçən insanlara aiddir. O, deyib ki, “Wikileaks” saytının məlumatlarından sonra Hillari Klinton Amerika dövlətinin nüfuzuna dəyən ziyandan və müvafiq addımlar atacağından, o adamların cinayət məsuliyyətinə cəlb olunacağından bəhs eləyib.

“Belə hesab edirəm ki, Turqut Ərin kitabında Azərbaycan dövlətinin və ulu öndərin əleyhinə ən ağır ittihamlar əksini tapıb”.

Millət vəkilinin fikrincə, belə vəziyyətlərdə şərəf və layaqətin qorunma mexanizminin olmaması problem yaradır.
“Qorunma mexanizmi necədir?  Zahid Orucun məhkəməyə müraciəti məsələnin bir tərəfidir. O vətəndaş münasibətidir. Bəs Azərbaycan dövlətinin nüfuzunu kim qorumalıdır?”-deyə deputat qeyd edib.

Onun sözlərinə görə, bununla bağlı qanun da yoxdur. “Yəni “Eks-pezidentlərin statusu haqqunda” Qanun yoxdur, şərəf və ləyaqətin qorunma, şəxsiyyətin qorunma mexanizmlərinin müvafiq olaraq hansı icra hakimiyyəti orqanına tapşırıldığı da bəlli deyil. Kim etməlidir bunu? Məsələn, orda açıq söyüş yazılırsa, necə qorunmalıdır? Bu ciddi məslədir. Mən bu kitabın çap olunmasının əleyhinə də deyiləm. Olunsun. Amma orda elə ciddi ittihamlar var ki, onun hüquqi məsuliyyəti araşdırılmalıdır. Məsələn, Turqut Ər deyir “öz xalqının əsgərlərini gülləbaran eləyəndən sonra o gülləbaranı həyata keçirən insanlar mükafatlandırılıb”. Erməni də bunu götürüb deyir ki, "bu öz xalqını genosidə uğratdı, mənə nə edəsidir ki?". Yəni dövlətin ünvanına bu cür ağır ittihamı yağdırırsan, amma məsuliyyətini daşımırsan”-deyə deputat bildirib.

Z.Orucun sözlərinə görə, Turqut Ərin öz kitabında Azərbaycan hakimiyyəti ilə bağlı işlətdiyi ifadələr yolverilməzdir. “Turqut Ər Stalini görübmü? Heç xəbəri varmı Stalin kim olub?  Kitabda ifadə olunan “repressiyalar”, “qaniçən..., cəlladlığı...”, “Beryanın xortlaması” və s. ifadələr mahiyyəti üzrə Azərbaycana, dövlətin nüfuzuna və ulu öndərin şəxsiyyətinin əleyhinə, şərəf və ləyaqətin əleyhinə olan bir mövqedir”.

Deputat bildirib ki, “Azadlıq” qəzeti mövzunu işləyərkən məsuliyyətli olmalı idi: “Bunu dərc edən zaman qəzet ayrı-ayrı çox ciddi ittiham yaradacaq məqamları çıxmalı idi. Sadəcə, siyasi mövqe kimi, demokratik mövqe kimi, mülahizə kimi işləmək olardı. O məqamların üzərində ya korrektə aparılmalı idi, ya da məsuliyyəti indi bölüşməlidirlər”-deyə Z.Oruc sonda qeyd edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi