Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir.
Bu dəfə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, ana dilimizin qorunmasında müasir gəncliyin üzərinə böyük yük düşür: “Bu məsələ mənim üçün çox önəmlidir. Dilimizi qorumaq varlığımızı qorumaq qədər vacib məsələdir. Odur ki, mənim üçün “Dilimiz mənəviyyatımızdır” mövzusunda gənclərimizin düşüncələrini bir daha incələmək çox maraqlıdır”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb:
Adi iş günlərindən biridir. Hansısa məlumatı dəqiqləşdirmək üçün dövlət idarələrindən birinə zəng vururam. Telefonun dəstəyini əsas şəxslə əlaqələndirən qız götürür və “sluşayu vas” deyə mənə cavab verir. Əvvəl karıxdım, amma özümü sındırmayıb davam etdim. İdarənin adını deyirəm, qız yenə rusca “da, kto vam nujen” deyə cavab verir. Nəsə, qızla dialoq belə davam edir. Mən azərbaycanca soruşuram, o isə rusca cavab verir. Deməli “xanım qız” Azərbaycan dilində bilir, lakin danışmaq istəmir. Məni o vəziyyətdə kim görsə gülərdi, amma gülməli yox, ağlamalı vəziyyət idi. Dilimizi bu günə qoyanların halına, dilimizin bu günə düşməsinə ağlamaq lazım idi...
Məgər bizim dahi şəxsiyyətlərimiz dilimizi bizə beləmi əmanət qoymuşdular? M.F.Axundov, C. Məmmədquluzadə, H.Zərdabi, Ü.Hacıbəyov kimi mübarizlərimiz repressiyalara, müxtəlif təqiblərə, əvvəl çar Rusiyasının, daha sonra Sovet imperiyasının apardığı təbliğata qarşı qoruyub saxladıqları dilimizin bugünki vəziyyətini görsəydilər, bizə nə deyərdilər?
“Bir dövləti, xalqı məhv etmək istəyirsənsə əvvəlcə onun dilini əlindən al”. Biz əsrlər boyu bu kəlamı qulağımızda sırğa etmişik. Əlifbamızın bir əsrdə dörd dəfə dəyişilməsinə baxmayaraq, öz dilimizi yadırğamamışıq, onu göz bəbəyimiz kimi qorumuşuq.
Amma bu gün.... Sovet imperiyası dağıldıqdan sonra Bakının mərkəzində rus dilində danışanlar öz ana dilində danışanlardan daha çoxdur. Belələri nə soruşsaq, Azərbaycan dilini bilmələrinə baxmayaraq, bizə rus dilində cavab verirlər. Hətta rus dilini yaxşı bilməyənlər də bu dilin “qolunu-qıçını sındıra-sındıra” danışmağa çalışırlar. Sanki rus dilində danışmaq hansısa elitaya məxsus olmağın bir göstəricisidir. Yadıma Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri düşdü. Yəqin hamımız bu əsəri orta məktəbdə təhsil alarkən oxumuşuq. Orada müxtəlif ölkələrdə təhsil alan qardaşlar öz dilimizi bəyənmir, bu dilin fikri ifadə etmək baxımından çox kasad olduğunu bildirirlər. Bu günümüzün aktual problemi bir əsr əvvəl də elə aktual olub. Əslində bu problem hər zaman var, bu gün heç nə dəyişməyib. Dəyişən yalnız zamandır. Bir də dilimiz uğrunda mübarizə aparan mütəfəkkirlərin bu gün olduqca az olması. Demək, dilimizə əvvəlkindən də çox təhlükə görsənir.
70 illik “böyük qardaşlarımız”ın təsirindən bu gün yavaş-yavaş çıxırıq. Amma yazıq dilimiz indi də başqa bəla ilə üzləşib. İndiki zamanda ingilis dillində olan sözlər adi danışığımıza, eləcə də ədəbi dilə sirayət etməyə başlayıb. İngilis dilini bilib sərbəst danışsalar, dərd yarıdır. Amma onlar öyrəndikləri iki-üç cümləni durmadan təkrarlayır, ingilis aksenti ilə Azərbaycan sözlərini tələffüz edir... Bu da bizə müasir Azərbaycan dili...
Günah onlarda deyil. Axı onlar da bunu kimlərdənsə eşidib, o cür danışırlar. Məsələn, elə bu işdə televiziya və radiolarımız ən böyük günah sahibidirlər.
Hətta yaxın günlərdə Milli Televiziya və Radio Şurasının da televiziyalarda dil-üslub pozuntularına yol verilməsi ilə bağlı hesabatı açıqlandı. Amma nə fayda... Eyni vəziyyət yenə davam edir. “Vou”, “sorri”, “ok”, “yess”, “pliz” kimi sözləri buna misal çəkmək olar.
Unutmayaq ki, bu gün televiziyalarımıza baxanlar arasında təzə dil açan körpələrimiz də az deyil. Görün o zaman bizi necə böyük fəlakət gözləyir. Televiziyalarımıza baxan uşaqlarımız o dili mənimsəsə, bizim gələcəyimiz necə olacaq? Acınacaqlı vəziyyətdir....
Hələ mən radiolarımızı demirəm... Dilimizi korlamaq baxımından reytinq üzrə sıralasam radiolar ön cərgələrdə gedərlər. Müstəqilliyin ilk illərində rusca danışmaq dəb idisə, indi də ingilis aksenti ilə danışmaq dəbdir. Hər gün evə gedərkən özlərini “dj” adlandıran şəxslərin danışığına qulaq asanda deyirəm “görəsən mən hansı ölkədə yaşayıram, bunlar hansı dildə danışırlar? Məgər mənim ana dilim belədir ki..?”. Yəqin indi də biz “ingilis qardaşların” təsirindəyik.
Qorkinin bir hekayəsinin qəhrəmanı Parisə gedib qayıdır və ona “Paris necədi” sualı veriləndə cavabında “Paris möcüzədi, orada hətta muzdurlar da fransızca danışır” deyir.
Və əgər Parisdə muzdurlar da fransızca danışırsa, deməli, hər hansı bir dili və ya bir neçə dili bilmək (rus, ingilis, fransız, ləzgi, fərqi yoxdur) hələ adamın alim olmağına dəlalət eləmir, beş dil bilib, beş dildə də bisavad olmaq mümkündür.
Bizim dahi mütəfəkkirlərimiz də məhz öz əsərlərində, öz dilimizdə olan mətbu orqanlarında bunu təbliğ edirdilər. Müxtəlif dilləri öyrənin, bu sizin dünyagörüşünüzün artmasına və daha da dərinləşməsinə yardımçı olacaq,eyni zamanda dilini öyrəndiyiniz, təhsil aldığınız ölkədə gördüyünüz yenilikləri bizə gətirin. Amma “mən əcnəbi dil bilirəm” deyib özünüzü dartmayın, öz ana dilinizi yadırğamayın.
Bu gün dilimizə görsənən təhlükələrdən biri də informasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda qarşılığını tapa bilmədiyimiz yeni əcnəbi sözlərdir. Daha doğrusu bu sahədə aidiyyatı qurumların zəif işləməsidir. Elə Dilçilik İnstitutunun da bu məsələdə günahı az deyil. Rusiyada dilə daxil olan yeni sözlərin işlənib-işlədilməməsi zərurəti ilə bağlı ildə bir dəfə aidiyyatı qurumların toplantısı keçirilir və bu toplantıda ciddi qərarlar qəbul edilir, ehtiyac olarsa, bu sözlərin rus dilindəki qarşılıqları yaradılır.
Amma bizdə tam əksinədir. Bizdə bir söz müxtəlif mətbuat orqanlarında müxtəlif formalarda işlədilir. Elə “kompüter” yoxsa “kopmyuter”, “svetafor” yoxsa “işıqfor” və s. kimi sözləri buna misal çəkmək olar.
Amma qeyd edək ki, dilimizin başının üzərini uzun illər qara buludlar alsa da, onu həmişə qoruya bilmişik. Məhz buna görədir ki, bizim ana dilimiz türk dilləri içərisində ən az dəyişikliyə uğrayan dildir və öz ilkinliyini qoruyub saxlayıb.
Ümumiyyətlə, Azərbaycan dili dünya dilləri içərisində ən zəngin dillərdəndir. Dilimizlə fəxr edək və onu qoruyub saxlayaq ki, gələcək nəsillər də bu zəngillikdən yetəri qədər faydalansın. Daha dilimizin yox olmasına sakit durub baxmayaq....
Aytən Əliyeva
Bakı Slavyan Universiteti, Publisitik jurnalistika, magistr