AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Bu gün Azərbaycan xalqının böyük əksəriyyətini təşkil edən və daha çox «azərbaycanlı» anlayışı ilə tanınan Azərbaycan türklərinin bir millət kimi formalaşması və özünü təsdiq etməsi məsələlərinin tarixi-fəlsəfi yöndən araşdırılmasına ciddi ehtiyac vardır. Belə ki, digər azsaylı etnik qruplardan fərqli olaraq Azərbaycan türklərinin xeyli bir qismi öz etnik mənsubiyyətini (türklyünü) və milli dillini (türk dilini) ifadə etməkdə çətinlik çəkirlər. Şübhəsiz, bunun bir sıra subyektiv və obyektiv səbəbləri vardır.
Hər bir milləti yaşadan və onun varlığını təsdiq edən milli ideyadır. Milli ideyanın son nöqtəsi isə milli və müstəqil dövlətin yaranmasıdır. Əgər biz Azərbaycan türkçülüyü ideyasını (milli azərbaycançılığı) doğru şəkildə mənimsəsək, dünya xalqları arasında milli varlığımızı sona qədər sürdürmək çətin olmaz. Ancaq bu cür mənəvi-ideoloji məsələlərlə uğraşan bir tədqiqatçı kimi hesab edirik ki, milli kimliyini, milli dilini, milli mədəniyyətini, milli tarixini (tarix fəlsəfəsini) və s. vaxtında və obyektiv şəkildə qavramayan, dərk etməyən bir millət, bir toplum üçün dünya millətləri arasında özünü ifadə etmək də çətin olar. Xüsusilə, hər bir millətin tarix fəlsəfəsi o millətin keçmiş təcrübələri olmaqla yanaşı, eyni zamanda milli prinsiplərinin, milli şüurunun da arxividir.
Bizə elə gəlir ki, milli ideologiyanın müəyyənləşməsində əsas rol isə milli kimlik və milli dil ilə birbaşa bağlıdır. Yəni bir xalqın etnik kimliyi və mili dili nədirsə, əsasən bu ideologiyada öz əksini tapır. Hər bir vətəndaş öz kimliyini və dilini dərk edirsə, o hər hansı başqa bir sosial, iqtisadi, siyasi və s. ideyalara rəğbət bəsləməklə yanaşı, milli mənəvi dəyərlərinə həmişə sadiq qalar. Əks təqdirdə millətin keçmişi ilə gələcəyi arasında bağ qırılar, bununla da millətin üzvləri vəhdətlikdən parəkəndəliyə üz tutarlar. Deməli, hər hansı millətin varlığı o zaman əbədiyyən mümkün olar ki, L.N.Qumilyovun təbrincə desək, millətin və yaxud etnik birliyin hər hansı fəal qurucusu özünü əcdadlarının tutduğu xəttin davamçısı kimi görür və ona-milli ideyaya nə isə əlavə etmək istəyir. Bir növ üzərində keçmişlə varisliyin itməməsi və gələcək nəsilə ötürülməsi üçün, hansısa milli bir missiyanın olmasına inanır.
Bu baxımdan Azərbaycan-türk xalqı ilk növbədə, onun aydınları belə bir missiyanın məsuliyyətini dərk edirlər. Məhz bu milli missiyanı dərk etməyin nəticəsi kimi də, onlar millətin etnik kimliyini və milli dilini sözün həqiqi mənasında yaşatmağa çalışırlar. Çünki bunlar olmadan milli ideyadan bəhs etmək mümkündür. Zatən, tarixən Azərbaycan türkləri həmişə etnik kimliyinə və dilinə sahib çıxmış, bunun nəticəsi olaraq bir çox dövlətlər, o cümlədən 20-ci əsrin əvvəllərində Azərbaycan Cümhuriyyətini qurmuşlar. Azərbaycan Cümhuriyyəti isə, keçmişdən süzülüb gələn milli mənəvi dəyərlərin çağdaş dövrün tələbrinə uyğunlaşdırılmış milli ideyasıdır. Başqa sözlə, Azərbaycan türkləri yeni dövləti «Azərbaycan», etnik kimliyini və millli dilini «türk» adlandırmaqla milli mənəvi dəyərlərini bu formada rəsmən ortaya qoymuşlar: Azərbaycan türkçülüyü (milli azərbaycançılıq) ideyası. Deməli, bütün hallarda Azərbaycan və türklük bir-biri ilə sıx şəkildə bağlıdır. Bunları bir-birindən ayrı tutmaq Azərbaycan dövlətinin bu günü və gələcəyi üçün çox təhlükəlidir. Əgər azərbaycançılıq yalnız vətənə, dövlətçiliyə bağlılıqdırsa, türkçülük bunlarla yanaşı, həm də milli kimliyə və milli dilə bağlılıqdır.
Ona görə də, milli ideya dedikdə, Azərbaycan türkçülüyü ideyası-milli azərbaycançılıq önə çəkilməlidir. Çünki, milli azərbaycançılıq vətənçilik, dövlətçilik və s. anlayışlar kimi, türkçülüyü və islamçılığı da tərkibində, yəni öz-özlüyündə əritmir, əksinə onlardan güc alır. Bu baxımdan milli azərbaycançılığı etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş qəbul edərək onu müdafiəçisi ola bilər. Bu mənada fikrimizcə, milli azərbaycançılıqdan çıxış edən hər bir kəs, onun tərkibinə aid edilən bütün ideyalara (türkçülük, islamçılıq, vətənçilik, modernləşmə və s.) dözümlü yanaşmalıdır. Əks təqdirdə azərbaycançılıq adı altında bir ideyanın önə çəkilməsi, digərinin isə üstündən xətt çəkilməsi doğru deyildir.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, aşağıdakı məsələlərin həlli son dərəcədə önəmlidir:
1. Azərbayacan Respublikasının əhalisinin böyük əksəriyyətini, yəni 90 faizdən çoxunu təşkil edən türklərin milli kimliyi Konstitusiyada öz əksini tapmalıdır. Burada hökmən vurğulanmalıdır ki, «azərbaycanlı» anlayışı etnik mənsubiyyəti deyil, siyasi mənsubiyyəti ifadə edir. Bu baxımdan hər bir Azərbaycan vətəndaşı etnik kimliyindən asılı olmayaraq (türk, talış, ləzgi, rus və s.) azərbaycanlıdır. Ancaq həmin azərbaycanlıların əsas nüvəsini təşkil edənlər isə Azərbaycan türkləridir. Bu baxımdan Azərbaycan türklərinin etnik kimliyi Ana Qanunda öz əksini tapmalıdır ki, yeni yetişən nəsil həm milli mənəvi dəyərlərinə, həm də vətəninə və torpağına daha çox bağlı olsun.
2. Azərbaycan Respublikasının əhalisinin danışıdığı, orta və ali məktəblərdə, dövlət strukturlarında və sair də istifadə etdiyi dilin türk dili olması məsələsi də tezliklə öz həllini tapmalıdır. Belə ki, bu gün «Azərbaycan dili» adlandırılan dilin Azərbaycan Respublikası ilə bağlılığı yalnız, ölkənin adını ifadə etməsi ilə bağlıdır. Yəni Azərbaycan tarixi-coğrafi bir addır ki, onu türk dili ilə eyniləşdirmək qətiyyən doğru deyildir. Əgər bu dil hər hansı türk tayfasının birinin, yaxud da bir neçə türk tayfalarının birliyinin (məsələn, oğuz) adı ilə adlandırılsaydı onu anlamaq və qəbul etmək də olardı. Bu baxımdan Qazax, Özbək, Qırğız və s. türklüyü ifadə etdikləri üçün onların dillərinin bu cür ifadə olunması təbiidir. Ancaq bunu «Azərbaycan» sözünə münasibətdə ifadə etmək isə mümkün deyildir. Məlumdur ki, «Azərbaycan dili» və «azərbaycanlı» (etnik mənada) anlayışları SSRİ dövründə türklüyün əleyhinə olaraq Mərkəzin göstərişi ilə özlərinə hüquqi status qazanmışdır. Belə olduğu təqdirdə, Ana Qanunda dəyişikliklər edilərək Türk dilinin hər hansı bir formada (bizə görə Azərbaycan-türk dili) öz əksini tapması zəruridir.
3. Bizə elə gəlir ki, hazırda türkçülük ideyasının mahiyyəti Azərbaycan cəmiyyətinə doğru-dürüst çatdırılmır. Bəzən, türkçülükdən elə bəhs olunur ki, sanki (SSRİ-nin Azərbaycanı işğal etdiyi) 1920-1930-cu illərdə yaşayırıq. Qeyd etmək istərdim ki, heç o vaxt Sovet Rusiyası Azərbaycanda öz yerini hələlik tam şəkildə möhkəmlətmədiyi üçün, insanların milli və dini kimliyi ilə bağlı bu qədər xaotik-qarışıq ideyalar irəli sürülməmişdi. Sovet rəhbərliyi və onların ideoloqları türkçülük ideyasının Azərbaycan türklərinin yaddaşından silmək üçün təxminən 20 ilə qədər (1920-ci ildən 1936-cı ilədək) çalışdılar. Ancaq bu milləti asanlıqla diz çökdirə bilməyəcəklərini, yəni tək-tək onları öldürməklə, yaxud da müxtəlif şirinlikdirilmiş təkliflərlə işin bitmədiyini görüb 1930-cu illərdə kütləvi repressiyalara əl atmışlar. Unutmaq lazım deyil ki, sovet rəhbərliyi yalnız kütləvi repressiyalardan sonra türkçülük ideyasını rəsmən qadağan etmiş, dünənə qədər milli kimliyi türk, milli dili türk dili adlanan bir millətin üstündən amanzıcasına xətt çəkmişlər. Yəni demək istədiyimiz odur ki, o zaman da türkçülüyü əngəl kimi görənlər olmuşdu. Ancaq onda türkçülüyü inkişafa əngəl kimi görənlər sovet rəhbərliyi və onların Azərbaycandakı əlaltıları idilər. Onlar deyirdilər ki, Azərbaycanın gələcəyi ancaq rus xalqı, onun mədəniyyəti, dili, ədəbiyyatı, əlifbası, bir sözlə rusun nəyi varsa onunla bağlıdır. Güya, türk kimliyi, türk mədəniyyəti, türk dili, türk ədəbiyyatı, bir sözlə türklüyə aid nə varsa, hamısı gerilikdir, inkişafa əngəldir. Çox təəssüf ki, bu gün də türkçülüyü başqa formada gerilik, Azərbaycanın inkişafına, hətta, güya, liberalizmə, modernləşməyə və demokratiyaya əngəl kimi görənlər tapılır. Bütün bunlar türkçülüyün mahiyyətini saxtalaşdırmaqdan başqa bir şey deyildir. Hələ, 20-ci əsrin əvvəllərində Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və başqa mütəfəkkirlərimiz türkçülüyün liberalizmə, demokratiyaya nəinki zidd olduğunu, əksinə onlarla üst-üstə düşdüyünü elmi-nəzəri cəhətdən əsaslandırmışlar. Bu baxımdan hər hansı mənada türkçülüyü liberalizmə, demokratiyaya, modernləşməyə və s. zidd sayanlar ya məsələnin əsil mahiyyətini bilmirlər, ya da bilərəkdən bu cür mülahizələr irəli sürürlər.
4. Azərbaycan türkçülüyü ideyasının mahiyyətini və mənasını anlamaq üçün, yeni yetişən nəslə sadəcə, bu millətin qədim dövrlərdən bu günə qədər sahib olduğu dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, fəlsəfəni, dini dəyərləri və s. tədris etmək lazımdır. Xüsusilə, «Azərbaycan tarixi» yenidən yazılmalı və orada digər etnik qruplarla yanaşı, birmənalı şəkildə Azərbaycan türklərinin tarixi öz dəqiq əksini tapmalıdır. Çox təəssüflər olsun ki, mövcud 7 cildlik «Azərbaycan tarixi» əsasən Azərbaycan türklərinin tarixini özündə əks etdirmir. Mövcud 7 cildlik ayrı-ayrı millətlərin, etnik qrupların tarixlərinin mexanki cəmidir. Burada mannalı, atropatenalı, alban, şirvanlı, aran, azərbaycanlı və başqa qeyri-müəyyən etnik kimliklərdən bəhs olunur. Maraqlıdır ki, akademik nəşrin 6 və 7-ci cildlərində isə heç bir əsas olmadan qeyri-müəyyən mənada «azərbaycanlı» millətindən bəhs olunur. Başa düşmək olmur ki, bu «azərbaycanlı» milləti hansı mənada etnik kimliyi ifadə edir. Bizə elə gəlir ki, çox qısa bir zamanda tarix, ədəbiyyat, dil və s. sahələrə aid nəşrlər üzərində ciddi dəyişikliklər edilməlidir. Başqa sözlə, artıq kosmopolit dərsliklərdən, kitablardan və sairdən imtina edilərək milli dərsliklər, milli akademik nəşrlər, yəni milli tarix, milli ədəbiyyat və s. yazılmalıdır.
5. Bizə elə gəlir ki, hazırda Azərbaycan türkləri üçün önəmli məsələlərdən biri də Türk birliyinin yaradılmasıdır. Bunun üçün ilk növbədə dəqiqləşdirmək lazımdır ki, Türk birliyi dedikdə konkret nəyi nəzərdə tuturuq. Çünki bu, bir qədər geniş anlamdır. Burada söhbət konkret milli kimliyini və milli dilini türk olaraq qəbul edən toplumlardan gedə bilər. Ancaq bu məsələlərdə də bir qədər obyektiv və subyektiv səbəblərdən dolayı problemlər var. Məsələn, «Türk birliyi»nin içərisində nəzərdə tutulan ölkələrin (Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan və b.) bir yerə toplanması Türkdilli dövlətlərin sammiti adlandığı halda, orada bir araya gələnlərin əksəriyyəti rus dilində danışırlar. Deməli, birincisi ortaq dil məsələsi çözülməlidir. İkincisi, sammitin adı dəyişdirilb Türksoylu, yaxud da sadəcə Türk dövlətlərinin sammiti, parlamenti və s. adlandırılmalıdır. Əlbəttə, problem yalnız sammitin adı, yaxud da oraya toplaşanların hansı dildə danışmaları ilə bağlı deyildir. Əsas problem bu türk dövlətlərinin hakimiyyətlərindən daha çox, ayrı-ayrı müstəqil ölkələrdə yaşayan eyni soyu, dili, mədəniyyəti və s. paylaşan türk xalqlarının bir-birlərini hansı şəkildə dərk etmələri, qəbul etmələri ilə bağlıdır. Məsələn, SSRİ dövründə bu imperiyanın tərkibində yaşamağa məcbur olan Orta Asiya, Krım, Tatarıstan, Qafqaz, Sibir və başqa türk toplumları arasında iqtisadi, mədəni və s. əlaqələr heç də pis deyildi. Sadəcə olaraq, həmin dövrdə türk toplumlarının əsas əlaqə vasitəsi rus mədəniyyəti, rus dili, rus ədəbiyyatı və s. idi. Qırğız, özbək, qazax, türk (Azərbaycan), türkmən, tatar və başqaları məhz məcbur olaraq rus mədəniyyəti vasitəsilə bir-biri ilə əlaqə saxlayırdılar. Şübhəsiz, bütün bunlar nə qədər müstəmləkəçiliyə xidmət etsə də, müəyyən qədər onlar bir-biri ilə təmas yarada bilirdilər. Ancaq bu ölkələr müstəqil olduqdan sonra həmin səviyyədə eyni təmasları yarada bilməmişlər. Yalnız son zamanlarda bu istiqamətdə müəyyən addımlar atılmışdır ki, bəzi türk ölkələri heç də ortaq türk mədəniyyəti, ortaq türk dili və s. əsasında əlaqələrin yaradılmasında maraqlı görünmür. Bu, nə deməkdir? Bu onun göstəricisidir ki, SSRİ dövründə Mərkəz, yəni Moskva türk toplumlarını kölə halına gətirmək üçün türk dilini, türk mədəniyyətini, türk ədəbiyyatını və s. assimilyasiya etmiş və onun əvəzinə həmin xalqların şüuruna rus dili, rus mədəniyyəti və s. yürütmüşdür (Halbuki, rus mədəniyyətinin, rus ədəbiyyatının və sairənin əsas yaradıcılarından biri də elə türklərin özüdür). Bu gün isə biz könüllü şəkildə türk mədəniyyətinə, türk dilinə, türk ədəbiyatına, türk fəlsəfəisnə sahib çıxmaq istəmirik. Məsələn, Azərbaycanda bəziləri hesab edirlər ki, türk mədəniyyəti, türk dili, türk ədəbiyyatı və s. yalnız Türkiyə türklərinə məxsusdur. Əgər Azərbaycan öz mədəniyyətini, ədəbiyyatını, dilini, hətta milli kimliyini türk adlandırsa, müstəqilliyini itirmiş olar və s. Şübhəsiz, bütün bunlar həqiqəti özündə əks etdirmir və etdirə də bilməz. Azərbaycan Cümhuriyyəti müstəqil dövlət olmaqla yanaşı, həmişə türklüyün bir hissəsi olmuş və olmaqda da davam edir. Bu baxımdan Türk Federasiyasının yaranmasını gerçəkləşdirmək üçün, ilk nöbvədə çox qısa zamanda ortaq türk tarixi, türk dili, türk ədəbiyyatı, türk mədəniyyəti, türk coğrafiyası və s. kimi dərsliklər hazırlanmalı və türk dövlətlərində tədris olunmalıdır.