Son 10 ilin statistik göstəriciləri Sumqayıtda əhalinin sayında əhəmiyyətli artım olduğunu göstərir. Bu müddətdə şəhər əhalisi 28,4 faiz və ya təxminən 95 min nəfər artıb. Bununla da Sumqayıt əhali artımının daha yüksək olduğu şəhərlər sırasında yer alıb.
Maraqlıdır, son 10 ildə Sumqayıt əhalisinin bu qədər artması hansı səbəblərlə bağlıdır? İnsanların yaşamaq üçün məhz Sumqayıtı seçməsinə hansı amillər təsir edir?
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında 44 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Mehriban Vəliyeva qeyd edib ki, Sumqayıt əhalisinin son illərdə sürətlə artması, ilk növbədə, şəhərin sosial-iqtisadi inkişafının yeni mərhələyə qədəm qoymasının nəticəsidir.
"Bu artımı yalnız demoqrafik göstərici kimi qiymətləndirmək düzgün olmazdı. Əslində, əhalinin artması Sumqayıtın ölkənin mühüm sənaye, iqtisadi və yaşayış mərkəzlərindən birinə çevrilməsinin göstəricisidir. Bu prosesin arxasında kompleks amillər dayanır. İlk növbədə, Sumqayıtın Bakı ilə yaxınlığı şəhərin yaşayış üçün cəlbediciliyini artıran mühüm faktordur. Bakı ilə sıx nəqliyyat əlaqələrinin mövcudluğu insanlara həm paytaxtın iqtisadi imkanlarından yararlanmağa, həm də Sumqayıtda daha münasib yaşayış imkanları əldə etməyə şərait yaradır. Paytaxtda mənzil və yaşayış xərclərinin yüksək olması da müəyyən sosial qruplar üçün Sumqayıtı əlçatan alternativə çevirir. Lakin hesab edirəm ki, Sumqayıta marağın artmasının əsas səbəblərindən biri şəhərdə yaradılan yeni iqtisadi imkanlardır. Son illərdə dövlət siyasəti nəticəsində Sumqayıtın sənaye potensialı əsaslı şəkildə yenilənib və genişləndirilib.

Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı və digər sənaye müəssisələrinin fəaliyyəti şəhərdə yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığın yüksəlməsinə və əmək bazarının genişlənməsinə ciddi təsir göstərib. Burada Prezident cənab İlham Əliyevin Sumqayıta dəfələrlə səfərlərini və şəhərin inkişafı ilə bağlı verdiyi tapşırıqları xüsusi qeyd etmək lazımdır. Cənab Prezidentin Sumqayıta mütəmadi səfərləri şəhərin inkişafının dövlət siyasətində xüsusi diqqət mərkəzində olduğunu göstərir".
Deputatın sözlərinə görə, sənaye müəssisələrinin açılması, sosial və infrastruktur layihələrinin reallaşdırılması, şəhərsalma və abadlıq işlərinin həyata keçirilməsi Sumqayıtın simasını əhəmiyyətli dərəcədə dəyişib:
"Bu gün Sumqayıt artıq yalnız Bakının yaxınlığında yerləşən şəhər deyil. Sumqayıt öz iqtisadi bazası, sənaye potensialı, əmək bazarı, sosial infrastrukturu və yaşayış imkanları ilə müstəqil inkişaf mərkəzinə çevrilir. Əhali artımının mühüm səbəblərindən biri də məhz bu transformasiyadır. Digər mühüm amil yeni yaşayış komplekslərinin və sosial obyektlərin inşasıdır. Müasir yaşayış binalarının tikilməsi, abadlıq işlərinin aparılması, yolların və kommunal infrastrukturun yenilənməsi insanların Sumqayıtda məskunlaşmasına əlavə stimul verir. Eyni zamanda, şəhərin təhlükəsizliyi də insanların yaşayış yeri seçiminə təsir edən mühüm amildir. İnsan yalnız ev və iş yeri axtarmır, ailəsi üçün təhlükəsiz, sabit və rahat mühit axtarır. Sumqayıtda dövlət orqanlarının, hüquq-mühafizə strukturlarının və digər aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti şəhərdə sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına mühüm töhfə verir. Bu da şəhərin yaşayış üçün cəlbediciliyini artıran amillərdəndir".
O hesab edir ki, Sumqayıtın son illərdəki inkişafı dövlət siyasətinin şəhər səviyyəsində kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir:
"Dövlət tərəfindən müəyyənləşdirilən inkişaf prioritetlərinin yerli səviyyədə ardıcıl icrası, şəhər rəhbərliyinin həyata keçirdiyi abadlıq və quruculuq işləri, hüquq-mühafizə orqanlarının ictimai asayişin qorunması istiqamətində fəaliyyəti və digər dövlət qurumlarının koordinasiyalı işi şəhərin ümumi inkişaf mühitini formalaşdırır. Ona görə də son 10 ildə əhalinin 28,4 faiz artımını şəhərin sosial-iqtisadi və demoqrafik cəlbediciliyinin yüksəlməsinin təbii nəticəsi kimi qiymətləndirirəm. Əhali harada iş, mənzil, təhlükəsizlik, sosial xidmət və gələcək üçün perspektiv görürsə, orada məskunlaşmağa meyl edir. Sumqayıtda son illərdə bu imkanlar əhəmiyyətli dərəcədə genişlənib".
M.Vəliyeva bildirib ki, Sumqayıtın Bakıya yaxınlığı, şəhərdə yeni yaşayış komplekslərinin tikilməsi və sənaye müəssisələrinin genişlənməsi bir-birini tamamlayan amillərdir:

"Bakıya yaxınlıq paytaxtda işləyən və təhsil alan insanların Sumqayıtda yaşamasını mümkün edir, yeni yaşayış kompleksləri mənzil imkanlarını artırır, sənaye müəssisələrinin genişlənməsi isə şəhərin özündə yeni iş yerlərinin yaranmasına şərait yaradır. Bu baxımdan insanların Sumqayıtda məskunlaşmasını yalnız bir səbəblə əlaqələndirmək düzgün olmaz. Şəhərin həm Bakıya əlçatan olması, həm yaşayış imkanlarının genişlənməsi, həm də məşğulluq imkanlarının artması birlikdə Sumqayıta köçü və burada daimi məskunlaşmanı təşviq edir.
Sumqayıtın üstünlüyü ondadır ki, şəhər həm paytaxta coğrafi baxımdan yaxındır, həm güclü sənaye bazasına malikdir, həm də yaşayış üçün yeni imkanlar təqdim edir. Bakıya yaxınlıq insanların gündəlik həyatına və əmək bazarına çıxışına müsbət təsir göstərir. İnsan Sumqayıtda yaşayaraq Bakının iqtisadi və sosial imkanlarından da istifadə edə bilir. Amma hesab edirəm ki, bu gün Sumqayıtın cəlbediciliyini yalnız Bakı ilə yaxınlıqla izah etmək artıq kifayət deyil. Çünki insanın şəhər seçiminə təsir edən əsas amil həmin şəhərdə həyat qurmaq imkanının olub-olmamasıdır. Buraya iş yeri, mənzil, məktəb, uşaq bağçası, səhiyyə xidməti, nəqliyyat, təhlükəsizlik, kommunal xidmətlər və ümumi yaşayış mühiti daxildir. Məhz bu baxımdan Sumqayıtın inkişaf modelində son illərdə müşahidə olunan dəyişiklik xüsusi əhəmiyyət daşıyır. Sənaye müəssisələri və sənaye parkları iqtisadi imkanları artırır, yeni yaşayış kompleksləri mənzil təminatını genişləndirir, sosial və kommunal infrastrukturun inkişafı isə insanların gündəlik həyat keyfiyyətini yüksəldir".
Milli Məclisin üzvü onu da vurğulayıb ki, burada şəhərsalma məsələsinə daha geniş kontekstdən yanaşmaq lazımdır:
"Bu il Bakıda keçirilən BMT-nin XIII Ümumdünya Şəhərsalma Forumunda da müasir şəhərlərin inkişafı, dayanıqlı urbanizasiya, insanların layiqli və əlçatan mənzillə təmin olunması, şəhərlərin böyüməsi prosesinin düzgün idarə edilməsi kimi məsələlər geniş müzakirə olunurdu. Forumun əsas mesajlarından biri də ondan ibarət idi ki, şəhərlərin böyüməsi qaçılmaz prosesdir və əsas məsələ bu böyüməni insan üçün daha rahat, təhlükəsiz, inklüziv və dayanıqlı yaşayış mühitinə çevirməkdir. Bu baxımdan Sumqayıtda gedən prosesləri də həmin qlobal tendensiyadan kənarda təsəvvür etmək olmaz. İnsanların şəhərlərə, xüsusilə sənaye və iqtisadi fəallığın yüksək olduğu şəhərlərə marağının artması bütün dünyada müşahidə olunan urbanizasiya prosesinin tərkib hissəsidir. Əsas məsələ urbanizasiyanın düzgün idarə olunması, yeni gələn əhali üçün mənzil və sosial infrastruktur imkanlarının yaradılmasıdır. Sumqayıtın üstünlüyü isə ondan ibarətdir ki, şəhərin inkişafı yalnız yaşayış binalarının sayının artırılması ilə məhdudlaşmır. Paralel olaraq iqtisadi baza, sənaye, sosial infrastruktur, abadlıq, nəqliyyat və təhlükəsizlik məsələləri də diqqətdə saxlanılır.
Mən xüsusilə təhlükəsiz şəhər amilini qeyd etmək istərdim. İnsan ailəsi ilə birlikdə harada yaşayacağını müəyyənləşdirərkən ilk növbədə təhlükəsizliyi, sabitliyi və övladlarının gələcəyini düşünür. Sumqayıtda hüquq-mühafizə orqanlarının fəaliyyəti, ictimai asayişin qorunması və dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı şəhərdə sabit və təhlükəsiz mühitin formalaşmasına xidmət edir. Bütün bunlar bir yerdə Sumqayıtın cəlbediciliyini artırır. Ona görə də mən hesab edirəm ki, bu gün insanları Sumqayıta cəlb edən əsas amil artıq təkcə Bakı ilə yaxınlıq deyil. Əsas məsələ burada yaşamaq, işləmək, övlad böyütmək və ailənin gələcəyini qurmaq üçün real imkanların formalaşmasıdır. Bakı ilə yaxınlıq isə bütün bu üstünlükləri daha da gücləndirən mühüm faktordur".
M.Vəliyeva əlavə edib ki, əhalinin sürətli artımı, şübhəsiz ki, şəhər qarşısında yeni çağırışlar yaradır:
"Ancaq bunu mənfi tendensiya kimi deyil, inkişafın yaratdığı yeni mərhələnin düzgün idarə olunmasını tələb edən proses kimi qiymətləndirirəm. Əhali artırsa, deməli, şəhər cəlbedicidir. İndi əsas vəzifə həmin artımı düzgün şəhərsalma və infrastruktur siyasəti ilə müşayiət etməkdir.
Bu məsələyə bu il Bakıda keçirilmiş BMT-nin XIII Ümumdünya Şəhərsalma Forumunun əsas müzakirə istiqamətləri kontekstində də yanaşmaq olar. Müasir dünyada şəhərlərin böyüməsi təbii və obyektiv prosesdir. İnsanların şəhərlərdə daha çox məskunlaşması iqtisadi imkanların, iş yerlərinin və xidmətlərin şəhərlərdə cəmləşməsi ilə bağlıdır. Lakin şəhər böyüdükcə insan üçün layiqli və əlçatan yaşayış imkanlarının yaradılması, mənzil təminatının genişləndirilməsi, sosial infrastrukturun əhali artımına uyğunlaşdırılması xüsusi əhəmiyyət qazanır. Sumqayıt üçün də əsas məsələ məhz budur. Yeni yaşayış kompleksi salınarkən yalnız mənzillərin sayı nəzərə alınmamalıdır. Həmin ərazidə neçə insanın yaşayacağı, neçə uşağın məktəbə və bağçaya gedəcəyi, nə qədər ictimai nəqliyyat tələb olunacağı, səhiyyə və digər xidmətlərə ehtiyacın hansı səviyyədə olacağı əvvəlcədən proqnozlaşdırılmalıdır.

Son illərdə Sumqayıtda məktəblərin, uşaq bağçalarının, səhiyyə və digər sosial obyektlərin tikintisi və yenilənməsi, yolların, kommunal xətlərin, su və kanalizasiya sistemlərinin inkişafı, abadlıq və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Lakin əhalinin artım dinamikası göstərir ki, bundan sonra planlaşdırma daha çox gələcəyə hesablanmalıdır. Burada şəhər rəhbərliyinin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Sumqayıtın sürətlə böyüməsi fonunda şəhər təsərrüfatının idarə olunması, abadlıq və quruculuq işlərinin təşkili, sosial obyektlərin və kommunal infrastrukturun inkişafı ciddi koordinasiya tələb edir. Şəhər rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi işlərin əsas məqsədi artan əhalinin tələbatını qarşılayan müasir şəhər mühiti formalaşdırmaqdır".
Deputat onu da diqqətə çatdırıb ki, eyni zamanda dövlət qurumları arasında koordinasiyanın yüksək səviyyədə olması vacibdir:
"Sumqayıtda dövlət siyasətinin müxtəlif istiqamətlər üzrə ardıcıl həyata keçirilməsi, hüquq-mühafizə orqanlarının ictimai təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyəti, yerli idarəetmə strukturlarının şəhər təsərrüfatına nəzarəti və sosial-iqtisadi layihələrin icrası bir-birini tamamlamalıdır. Şəhərin böyüməsi yalnız tikinti məsələsi deyil, kompleks idarəetmə məsələsidir.
Hesab edirəm ki, növbəti mərhələdə Sumqayıt üçün uzunmüddətli şəhərsalma yanaşmasının daha da gücləndirilməsi vacibdir. Əhali artımının proqnozları əsasında məktəb və bağçaların yerləşdirilməsi, səhiyyə müəssisələrinin gücləndirilməsi, ictimai nəqliyyat marşrutlarının optimallaşdırılması, yeni yolların və alternativ nəqliyyat bağlantılarının yaradılması prioritet istiqamətlər sırasında olmalıdır. Bununla yanaşı, təhlükəsiz şəhər mühitinin qorunması da şəhərsalma siyasətinin ayrılmaz hissəsi kimi qəbul edilməlidir. Çünki müasir şəhərin keyfiyyəti yalnız binaların müasirliyi ilə ölçülmür. İnsanların küçələrdə, parklarda, yaşayış məhəllələrində özlərini təhlükəsiz hiss etməsi, hüquq və qanunun etibarlı şəkildə qorunması da şəhərin həyat keyfiyyətinin əsas göstəricilərindəndir".
Onun fikrincə, təhlükəsiz şəhər həm də ailələrin öz gələcəyini həmin şəhərlə bağlaması üçün mühüm psixoloji və sosial amildir.
"Burada rəqəmsal texnologiyaların imkanlarından da daha geniş istifadə etmək mümkündür. Əhali dinamikası, nəqliyyat axınları, məktəb və bağçalarda yerlərə tələbat, kommunal xidmətlərə müraciətlər və digər məlumatların vahid sistemdə təhlili şəhərin idarə olunmasını daha səmərəli edə bilər.
Deputat kimi hesab edirəm ki, əhalinin artması ilə sosial xidmətlərə olan tələbat arasında tarazlıq daim qorunmalıdır. Çünki şəhərin inkişafının əsas göstəricisi yalnız əhalinin sayının artması deyil. Əsas göstərici insanların hansı həyat şəraitində yaşamasıdır.
Prezident cənab İlham Əliyevin regional inkişaf siyasətinin mahiyyətində də məhz bu yanaşma dayanır: yeni iqtisadi imkanlarla yanaşı, insanların rahat, təhlükəsiz və layiqli yaşaması üçün müasir sosial və kommunal infrastruktur yaradılmalıdır. Bu gün Sumqayıtın qarşısında duran əsas məqsəd sadəcə “böyüyən şəhər” olmaq deyil. Əsas məqsəd böyüməni planlı, dayanıqlı, təhlükəsiz və insan mərkəzli şəhər inkişafına çevirməkdir. BMT-nin şəhərsalma ilə bağlı qlobal yanaşmaları da məhz bu istiqaməti önə çəkir. Sumqayıtın hazırkı inkişaf dinamikası göstərir ki, şəhər Azərbaycanın iqtisadi və sosial həyatında getdikcə daha mühüm mövqe tutur. Sənaye parkları və iqtisadi zonalar iqtisadi artımın əsas dayaqlarındandırsa, müasir yaşayış məhəllələri, məktəblər, bağçalar, səhiyyə müəssisələri, nəqliyyat və təhlükəsizlik sistemi həmin inkişafın sosial dayaqlarıdır.
Bu iki istiqamət paralel inkişaf etdikcə Sumqayıtın həm iqtisadi, həm də demoqrafik potensialı daha səmərəli reallaşa bilər. Əhali artımı da bu baxımdan şəhərin qarşısında yalnız əlavə yük deyil, eyni zamanda onun inkişaf potensialına olan ictimai inamın göstəricisidir. İnsanlar öz gələcəyini harada görürsə, orada ev alır, işləyir, övlad böyüdür və uzunmüddətli məskunlaşır. Sumqayıtın son illərdəki inkişafı göstərir ki, şəhər artıq məhz belə bir cazibə mərkəzinə çevrilməkdədir", - deyə M.Vəliyeva qeyd edib.
İqtisadçı Günay Hüseynova isə deyib ki, Sumqayıt şəhərinin əhalisinin artmasının əsas səbəblərindən biri Bakıda köhnə yaşayış binalarının sökülməsi nəticəsində insanların alternativ yaşayış yeri axtarmasıdır.
Onun sözlərinə görə, Bakıda sökülən mənzillərə görə ödənilən kompensasiya ilə şəhərin mərkəzində yeni mənzil almaq əksər hallarda mümkün olmur və bu səbəbdən vətəndaşlar daha əlverişli alternativ kimi Sumqayıta üz tuturlar.
“Əslində, daşınmaz əmlakın alqı-satqısı və kirayə bazarında Sumqayıtda da qiymətlər kifayət qədər yüksəlib. Tələbin artması qiymətlərə də ciddi təsir göstərib. Münasib qiymətə mənzil əldə etmək imkanı əsasən bir-iki il əvvəl mövcud idi”.
İqtisadçı qeyd edib ki, Bakıda gündəlik tıxaclar da insanların yaşayış yerini dəyişməsinə təsir edən amillərdəndir:

“İnsanlar günlərinin böyük hissəsini işdə və yollarda keçirirlər. Bu isə onların sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Nəticədə bir çox ailələr mərkəzdən kənarda yaşamağa üstünlük verməyə başlayıb.
Bundan əlavə, Sumqayıtın coğrafi mövqeyi də şəhərin cəlbediciliyini artıran amillərdəndir. Sumqayıt şimal bölgələrinə yaxın yerləşdiyi üçün meyvə-tərəvəz, ərzaq və xüsusilə kənd təsərrüfatı məhsullarının qiyməti Bakı ilə müqayisədə daha münasibdir. Nəzərə alsaq ki, ailə büdcəsinin böyük hissəsi ərzaq xərclərinə yönəlir, bu amil də vətəndaşların seçimində mühüm rol oynayır”.
Ekspert həmçinin vurğulayıb ki, şəhərdə yeni yaşayış komplekslərinin inşasının sürətlənməsi də əhalinin artımına təsir göstərib:
“Sumqayıtda yeni tikililərin sayı xeyli artıb. Torpaq qiymətləri də Bakı ilə müqayisədə daha münasib olub. Bütün bunlar şəhərdə urbanizasiya prosesini sürətləndirən əsas səbəblərdən biridir. Eyni zamanda şəhərdə sosial infrastrukturun inkişafı da əhalinin məskunlaşmasına müsbət təsir göstərir.Məktəb, uşaq bağçası, xəstəxana kimi xidmət sahələrində özəl sektor kifayət qədər inkişaf edib. Özəl məktəblərin, bağçaların və tibb müəssisələrinin sayı çoxdur və bu da artan tələbatın nəticəsidir”.
İctimai nəqliyyatla bağlı vəziyyətə toxunan iqtisadçı bildirib ki, bu sahədə həm dövlət, həm də özəl sektor fəaliyyət göstərsə də, müəyyən problemlər qalmaqdadır:
“İctimai nəqliyyatın təminatında həm dövlət, həm də özəl sektor iştirak edir. Lakin bəzi qəsəbə və yaşayış məntəqələrinə axşam saat 19:00-dan sonra marşrutların fəaliyyət göstərməməsi əmək qabiliyyətli əhalinin haqlı narazılığına səbəb olur”.