I ixtisas qrupunda plan yerlərinin 75 faizi dövlət sifarişlidir.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
DİM sədri qeyd edib ki, I ixtisas qrupu iki alt qrupa bölünür:
“RK alt qrupunda plan yerlərinin sayı 12 min 710-dur. Müsabiqəyə 200 baldan yuxarı nəticə ilə buraxılanların sayı isə 7 min 662 nəfərdir. Bu o deməkdir ki, 200 baldan yuxarı nəticə göstərən hər bir abituriyent I ixtisas qrupunun RK alt qrupunda qəbul olmaq imkanı əldə edə bilər.
Hətta 150 baldan yuxarı nəticə göstərənlərin sayı 12 min 622 nəfərdir. Plan yerlərinin sayı isə 12 min 710 olduğuna görə, 150 baldan yuxarı nəticə göstərənlər də bu ixtisas qrupunda özləri üçün yer tapa bilərlər. Bundan sonra da RK alt qrupunda subbakalavrlar üçün müəyyən qədər plan yeri qalacaq”.
Məleykə Abbaszadə bildirib ki, vəziyyət Rİ alt qrupunda bir qədər fərqlidir:
“Rİ alt qrupuna kompüter elmləri istiqaməti daxildir. Burada plan yerlərinin sayı 7 min 440-dır. Müsabiqəyə 200 baldan yuxarı nəticə ilə buraxılanların sayı isə 8 min nəfərdir. Görürsünüz ki, burada müsabiqə vəziyyəti daha gərgindir. Bu halda 8 min nəfərdən yalnız 7 min 440 nəfəri qəbul olunacaq.
250 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10 min 999 nəfərdir. Keçən il bu alt qrupa kifayət qədər subbakalavr da qəbul olunmuşdu. Ola bilər ki, bu il də birinci qəbuldan sonra bəzi abituriyentlər həmin ixtisasları seçmədiklərinə görə müəyyən qədər yerlər subbakalavrlar üçün qalsın. Amma düşünürəm ki, bu yerlərin sayı elə də çox olmayacaq. Təbii ki, burada həm ixtisaslar, həm də ali təhsil müəssisələri üzrə vəziyyət fərqlidir”.