Nazirlər Kabineti iki gün öncə «Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında» qərar qəbul edib. Həmin qərara görə, Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılıb ki, tabeliyində olan qurumlarda müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. 2011-ci il yanvarın 1-dən qüvvəyə minən qərara görə, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə müvəqqəti olaraq kompensiasiya verilməlidir.
Nazirlər Kabinetinin şöbə müdiri Məhəmməd Məhərrəmov Modern.az saytına açıqlamasında bildirib ki, neçə nəfər məcburi köçkünə konpensasiya verilməsi hələ məlum deyil.
“Məcburi köçkünlərə konpensasiya verilməsi haqqında siyahı bir ay müddətində əraziləri işğal olunmuş rayon İcra hakimiyyətləri tərəfindən Maliyyə Nazirlyinə təqdim olunmalıdır. Bundan sonra məlum olacaq ki, neçə nəfərə kompensasiya veriləcək”.
M.Məhərrəmov qeyd edib ki, bu işlə ancaq əraziləri işğal olıunmuş rayon İcra hakimiyyətləri və Maliyyə Nazirliyi məşğul olur.
Şöbə müdiri onu da bildirib ki, keçən il 14 minə yaxın məcburi köçkünə kompensasiya verilib.
Aytən ƏLİYEVA