Xəbər verdiyimiz kimi, Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar olaraq qızıl xatirə sikkəsi buraxılacaq. Sikkənin buraxılması ölkə başçısının “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamına əsasən həyata keçiriləcək. Eyni zamanda Mərkəzi Bankın yaradılmasının 20-ci ildönümünə həsr edilən qızıl xatirə sikkəsinin buraxılması da nəzərdə tutulub. Mərkəzi Bankın məlumatına görə, dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə dair xatirə sikkəsinin dizaynının yaradılması məqsədi ilə Mərkəzi Bank tərəfindən keçirilən müsabiqənin vaxtı 31 mart 2011-ci il tarixinədək uzadılıb. Müsabiqənin qalibinə 2000 manat məbləğində pul mükafatı veriləcək.
Mərkəzi Bankın 20 illik yubileyinə dair xatirə sikkəsinin dizaynının yaradılması üçün isə Mərkəzi Bank tərərfindən 11mart – 15 aprel 2011-ci il tarixinədək ölkədaxili müsabiqə keçiriləcək, qalibə 2000 manat məbləğində pul mükafatı veriləcək.
Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq, qalib gəlmiş eskiz əsasında qızıl xatirə sikkələrinin dizaynı hazırlanacaq.
Müsabiqənin elanı Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib. Modern.az