Dövlət Neft Şirkəti 2006-cı ildən başlayaraq, neftlə çirklənmiş torpaqların bərpası üzrə irimiqyaslı işlərin həyata keçirilməsinə başlanıb. Bu günədək Bibiheybət, Balaxanı, Siyəzən, Kürovdağ, Qarabağlı və digər yataqlarda təxminən 300 hektara yaxın çirklənmiş torpaq sahəsi təmizlənib və abadlaşdırılıb. Bibiheybətdə təmizlənmiş ərazidə 80 minə yaxın ağac əkilib və orada Neft Muzeyinin və təhsil kompleksinin tikintisinə hazırlıq görülür. Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev fevralın 18-də ölkə başçısının yanında keçirilən müşavirədə bildirib.
”Bu il isə biz ümumilikdə, 400 hektara qədər mədən ərazisində torpaqların təmizlənməsini nəzərdə tuturuq. Bu işlərə başlamazdan əvvəl, həmin sahələrdə süni gölməçələr qurudulmalı, çirkab suları axan kanallar qapalı beton kollektorlara salınmalıdır”.
R.Abdullayev deyib ki, Prezidentin tapşırığı ilə Böyükşor gölü ilə Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən avtomobil magistralı arasındakı 50 hektarlıq ərazidə yerləşən köhnə nefttutucu anbarları ləğv edilib, torpaq artıq təmizlənir və həmin ərazidə Bakı Olimpiya stadionunun tikilməsi üçün ilkin hazırlıq işlərinə başlanılıb.
ARDNŞ prezidenti deyib ki, neftçilər “Ekologiya ili” elan olunmuş 2010-cu ildə isə 150 min ağac və 16 min gül tinginin əkilməsini nəzərdə tuturlar.