Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova bildirib ki, hər dəfə belə hadisələr gündəmə gələndə ilk növbədə məktəb rəhbərliyinin rolu sual doğurur.
“Direktor, direktor müavini, sinif rəhbəri və psixoloq baş verənlərdən xəbərsiz olubsa, bu nə dərəcədə peşəkarlıqdır, xəbərdar olub tədbir görməyibsə, bunun məsuliyyətini kim daşımalıdır? Əslində məsələ təkcə bir neçə məktəbdə baş verən insidentlərdən ibarət deyil. Söhbət təhsil mühitinin təhlükəsizliyindən, uşaqların psixoloji sağlamlığından və gələcək nəslin formalaşmasından gedir. Məktəb sadəcə dərs keçilən bina deyil. Məktəb uşağın cəmiyyətlə ilk ciddi təmas nöqtəsidir. Əgər həmin məkanda qorxu, təzyiq, alçaldılma və zorakılıq hökm sürürsə, o zaman təhsilin əsas məqsədi təhlükə altına düşür”.
Deputatın sözlərinə görə, məktəblərdə sistemli şəkildə davam edən bullinq hallarını yalnız şagird davranışı ilə əlaqələndirmək düzgün yanaşma deyil və təhsil müəssisələrinin rəhbərliyi sağlam mənəvi-psixoloji mühit formalaşdırmağa borcludur.
“Bu baxımdan son günlər səslənən fikirlər, xüsusilə məktəb rəhbərliyinin hüquqi məsuliyyətinin artırılması ilə bağlı çağırışlar təsadüfi deyil. Cəmiyyət haqlı olaraq hesab edir ki, məktəbdə sistemli şəkildə davam edən bullinq halları yalnız şagirdlərin davranışı ilə izah oluna bilməz. Çünki hər bir təhsil müəssisəsinin rəhbərliyi məktəbdə sağlam mənəvi-psixoloji mühit yaratmağa borcludur”.
E.Akimova hesab edir ki, problemin həlli yalnız cəzaların sərtləşdirilməsində deyil, mövcud mexanizmlərin daha effektiv işləməsindədir:
“Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu təhsilalanların təhlükəsiz mühitdə təhsil almaq hüququnu tanıyır və təhsil müəssisələrinin və onların rəhbərlərinin vəzifələrini müəyyən edir. Əgər məktəbdə davamlı zorakılıq halları baş verirsə, şagirdlər təhqir olunur, döyülür, sosial təcridə məruz qalır və bu barədə rəhbərliyin məlumatı olduğu halda tədbir görülmürsə, əlbəttə ki, məsuliyyət məsələsi gündəmə gəlməlidir. Bu məsuliyyət yalnız inzibati xarakter daşımamalı, vəzifə səhlənkarlığı hallarında daha ciddi hüquqi qiymət də almalıdır”.
Deputat eyni zamanda vurğulayıb ki, bütün məsuliyyətin yalnız məktəb rəhbərliyinin üzərinə qoyulması düzgün olmaz.
“Məktəb cəmiyyətin bir parçasıdır və burada ailənin, sosial mühitin, internetin və sosial şəbəkələrin təsiri də böyükdür. Bəzən müəllim və ya direktor problemin qarşısını almaq üçün addımlar atır, lakin ailələrin əməkdaşlıq etməməsi və ya digər amillər prosesi çətinləşdirir. Buna görə də qanunvericilikdə balanslı yanaşma qorunmalıdır”.
Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə bildirib ki, son illər məktəblərdə bullinq və zorakılıq hallarının artması artıq ciddi ictimai problemə çevrilib.
“Təəssüflər olsun ki, son vaxtlar məktəblərdə zorakılıq və bullinq halları getdikcə artır. Görünən odur ki, bu problem daha qlobal xarakter almağa başlayacaq. Bu, ciddi problem olaraq bu gün qarşımızdadır və bizi narahat etməlidir. Çünki bu, sıradan məsələ deyil. Cəmiyyətdə baş verən dəyişikliklər, dəyərlərin transformasiyası və digər proseslər bu məsələyə ciddi təsir göstərir”.
Deputat hesab edir ki, məktəb rəhbərliyi və psixoloqların məsuliyyəti artırılmalı, bunun üçün qanunvericilikdə dəyişikliklər edilməlidir.
“Belə hallarda direktorların, direktor müavinlərinin, rəhbərlərin və psixoloqların üzərinə böyük məsuliyyət düşür və mən düşünürəm ki, bu məsuliyyət artırılmalıdır. Bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Biz bu vəzifəni daşıyan insanların həm məsuliyyətini, həm də səlahiyyətlərini gücləndirməliyik ki, prosesi tənzimləyə bilək”.
C.Məmmədov əlavə edib ki, hüquqi mexanizmlərlə yanaşı, maarifləndirmə tədbirlərinin gücləndirilməsi də vacibdir.
“Məsələnin ikinci, çox vacib tərəfi maarifləndirmə və təbliğat işləridir. Biz buna mütləq şəkildə getməliyik. Əgər bunu etməsək, gələcəkdə bizi daha çətin və mürəkkəb dövr gözləyəcək. Ona görə də indidən başlamalıyıq”.