Müdafiə Nazirliyinin xətti ilə cəbhə bölgəsinə gedən jurnalistlər şəhid Qaryağdı Eldar oğlu Əhmədovun yas mərasimində iştirak ediblər.
Modern.az saytının mərasimdə iştirak edən əməkdaşı bildirib ki, yas mərasimində ayrı-ayrı bölgələrdən gəlmiş xeyli sayda adam iştirak edib.
Əməkdaşımız şəhidin ailəsi ilə söhbət edib.
Qaryağdının Eldar Əhmədov oğlunun vətən uğrunda şəhid olmasından fəxr hissi keçirdiyini gizlətməyib.
Ata deyib ki, oğlu şəhid olmazdan 2 gün öncə evlərində məzuniyyətdə olub. Maraqlıdır ki, Qaryağdı cəbhə xəttinə qayıdarkən valideyinlərinə “ Şəhid ata-anası ola biləcəyinizlə fəxr edin!” deyib.
Qaryağdı Əhmədov doğulduğu gün həlak olub.
Eldar Əhmədov həmçinin bildirib ki, Qaryağdının tabutuna bükülmüş Azərbaycan bayrağını evlərində asmaqdan qürur duyurlar.
“Bu gün Azərbaycan bayrağını idmançılar, müxtəlif sahənin adamları qaldırırlar. Mənim oğlum da şəhidlik zirvəsinə ucalaraq, bayrağımızı dalğalandırdı. Heç düşünməzdik ki, bizim evimizdə bir gün bu bayraq asılacaq. Azərbaycan xalqına minnətdaram”.
Eldar Əhmədov oğlunun qisasını elə həmin gecə alan əsgərlərimizə təşəkkür edib.
Ata digər şəhidlərimizin də qanının yerdə qalmamasını arzulayıb.



Modern.az