“Birinci mərhələdən keçə bilməyən abituriyentlərin tam şansı var ki, ikinci mərhələdə ali məktəblərin boş qalmış yerlərinə qəbul olsunlar. Bizim abituriyentlər ixtisas seçimi zamanı “Abituriyent” jurnalında açıqlanan qaydalara diqqət yetirmirlər. Onlar nə öz ballarını, nə də nəticələrini fikirləşirlər. Ona görə də, boş yerlər qalır. Əslində bu boş yerlər qalmaya bilər. Bunun üçün abituriyentlər diqqətli olmalıdır”.
Modern.az xəbər verir ki, bunu avqustun 8-də keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O qruplar üzrə boş qalan yerləri açıqlayıb:
I qrup –boş qalan yerlərin sayı 945-dir. Qalan yerlər əsasən ödənişli əsaslarladır. Müsabiqəyə buraxılan, lakin qəbul olmayan abituriyentlər 633 nəfərdir. 945 yerdən 830-u xüsusi qabiliyyət tələb etmir.
II qrup – boş qalan yerlərin sayı 1116-dır. Bu qurupda xüsusi qabiliyyət tələb edən ixtisas yoxdur və boş yerlərə iddiaçıların sayı 818 nəfərdir. Boş qalan yerlərin 132-i dövlət, 984-ü isə özəl ali məktəblərdədir.
III qrup – boş qalan yerlərin sayı 982-dir. Onlardan 548-i xüsusi qabiliyyət tələb edir. Boş qalan yerlərə 692 iddiaçı var.
IV qrup - boş qalan yerlərin sayı 1008-dir. Bunlardan 146-ı xüsusi qabiliyyət tələb edir. Amma bu qrupda cəmi 24 nəfər iddiaçı var.
TQDK boş qalan plan yerlərini “Abituriyent” jurnalının 8-ci sayında çap edib. Jurnalda həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin boş qalan plan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavr dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu üzrə boş yerlər və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunur.
Jurnalı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) binası yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Rüfanə GÜNƏŞ