Modern.az

“Möhtərəm axundlar, dini ibadəti bizə haram etməyin!”

“Möhtərəm axundlar, dini ibadəti bizə haram etməyin!”

Təhsil

22 Sentyabr 2014, 13:17

Hələ tələbə ikən həmsöhbətlərimdən bəziləri cənub zonasından olduğumu biləndə bu regionun adamlarının öz dindarlığı ilə seçildiyini vurğulayar və bunu təqdir edərdilər. Hərçənd özüm dindar olmasam da, bu cür tərifatlar ürəyimcə idi və mənə müəyyən dərəcədə xoş təsir bağışlayırdı. Çünki o zaman din təəssübkeşlərinin qılıncının indiki kimi dalı-qabağı kəsən vaxtlar deyildi, kütlə dinə, islami dəyərlərə yenicə meyllənməyə başlamışdı.

İndi vəziyyət dəyişib. Daha mənə bu cür sözlər deyən yoxdur, olmayacaq da. Çünki indi, Allaha şükür, hər məkanda kifayət qədər məscid də var, namaz qılan da. Oruc tutanlarımızın da ki sayı ildən-ilə artır. Allah qəbul eləsin.

Amma heç vaxt düşünməzdim ki, dini tolerantlıq şəxsən mənim və heç şübhəsiz mənim kimi minlərlə insanın istirahət hüququnun pozulmasına (oxu: əsəblərinin pozulmasına) səbəb olmaqla kütləvi psixoza gətirib çıxara bilər. Söhbət məscidlərin minarələrinə taybatay quraşdırılmış səsgücləndiricilərdən gedir. Sən demə dini tolerantlığı, yəni dözümlülüyü qəbul edən kəs Allahın evinin şıltaqlıqlarına dözməli imiş.

Mən Lənkəranda Böyükbazar məscidinin yanında oluram. İşim yazılı tərcüməçiliklə məşğul olmaqdır. Tək azan səsi olsaydı nə vardı ki. Adamı gündə nə qədər yüksək səslə, fars avazı ilə mənasını başa düşmədiyimiz təziyələrə, mərsiyələrə qulaq asdırarlar?! Bunun bir həddi olmalıdır ya yox? İş o yerə çatıb ki, bu səslər mənim qulağıma ilahidən gələn səslər yox, din naminə aciz və müti bəndə olmağa çağıran səslər (küylər) kimi gəlir. İndi məni daha çox əsrin əvvəllərində böyük Sabirin taziyanələrindəki mollalara, hacılara, axundlara ünvanlanmış sarkazm düşündürür. İstər-istəməz Karl Marksın “din xalq üçün tiryəkdir” ifadəsi yadıma düşür və hərdən də çıxış yolu kimi düşünürəm ki, məscidlərdə də bəzi islahatlar aparmaq lazımdır. Məsələn, niyə də minarəyə keçmişdəki kimi müəzzin ya da pişnamaz çıxıb azan verməsin? Axı minarə bunun üçün tikilib... daha Lənkəranın Böyükbazar məscidindəki kimi yan-yana 5-6 səsgücləndirici düzüb millətin baş-beynini aparmaq üçün yox. Ya da, əgər minarədən öz təbii səsinizlə azan vermək, təziyədarlıq etmək sizin üçün çətindirsə, möhtərəm axundlar, Kremlin  Spasski qülləsindəki kimi minarəyə yekə bir zəng taxın, namaz vaxtı biriniz çıxsın ora, kəndiri o ki var dartsın və zəngin səsi ətrafa yayılsın. Yəni ay camaat, namaz vaxtıdır, gəlin namaza. Belə daha fəzilətli olar, nəinki “kafir əməli” olan səsgücləndiricini işə salmaq. Zira zəng səsi daha təbiidir və onda elektrik yüklü titrəyişlər yoxdur. Bununla da insanlara daha bir yaxşılıq etmiş, savaba batmış olardınız. Bəs necə, xristianlar kimdir ki, biz onlardan geri qalaq, məgər kilsə zəngləri ola bilər, məscid zəngləri ola bilməz?

Yeri gəlmişkən, namaz qılan yüzlərlə insana görə namaz qılmayan, qıla bilməyən və ya qılmaq istəməyən minlərlə insan nəyə görə əziyyət çəkməlidir? Bunun xəstəsi var, uşağı var, dərs oxuyanı var, yatanı var, elmi fəaliyyətlə məşğul olanı var… bəs bu din təəssübkeşləri bunu düşünürlərmi görəsən?

Yenə həmin dövrdür, Seyid Əzimin, Sabirin, Mirzə Cəlilin öz əsərlərində qamçıladığı dövr. İrəli getmək, inkişaf etmək əvəzinə geri gedirik. Biabırçılıqdır...  Bu vəziyyət bəlkə elə dövlətin özünə də sərf edir. İnsanlar nə qədər dini xurafata qapılsalar, cəhalət içərisində batıb qalsalar, siyasətdən bir o qədər uzaq olarlar. Bəlkə elə ona görədir ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları hesablanarkən (bax: Cədvəl 1, Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları) məscidlər yaddan çıxıb. Bu normaların şamil edildiyi məkanlar sırasında binaların (mənzillərin) yaşayış otaqları, mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin yaşayış otaqları, qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər uşaq idarələrinin və internat məktəblərinin yaşayış otaqları, inzibati binalarda, konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında iş otaqları və kabinələr, xəstəxana və sanatoriyaların palataları, xəstəxanaların əməliyyat otaqları, tibb idarələrin həkimlər otağı, tədris müəssisələrinin sinif otaqları, təhsil kabinetləri, təhsil müəssisələrinin auditoriyaları, konfrans zalları, qiraət zalları, müşavirə (müzakirə, görüş) otaqları mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin xolları, habelə kafe, restoran, yeməkxanaların zalları var, təkcə məscidlərdən başqa! Halbuki yuxarıda sadalanan məkanlarda səs-küy normasının pozulması yalnız məhdud sayda insanlara, yəni həmin an orada olan insanlara təsir edə biləcəyi halda, məscidlərin minarələrindən səsgücləndiricilər vasitəsilə havaya buraxılan dalğalar bütün cəmiyyətin sağlamlığına mənfi təsir göstərir. Ancaq sadə insanlar abırlarına bükülüb bunu açıb-ağartmır, açıq şəkildə demir və ya deyə bilmirlər.

Nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları isə məscid rəhbərlərinə nəinki heç bir irad tutmur, hətta bunu istəmirlər də. Halbuki səs-küyün insan orqanizminə zərərli təsirləri ilə bağlı araşdırmalarda tədqiqatçıların gəldikləri nəticələrə görə, böyük şəhərlər üçün xarakterik olan “səs-küy çirklənməsi” orda yaşayanların ömrünü orta hesabla 10-12 il azaldır. İndi belə nəticəyə gəlmək olar ki, din adamları itaətkar, kölə vəziyyətində saxlamaq üçün oliqarxlarla axundların, şeyxülislamların və s. şarlatanların maraqlarının kəsişdiyi ortaq nöqtədir.

Deyəsən bayaq dövlətə qarşı ifrata varıb bir az ədalətsiz davrandım. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının şamil edildiyi yerlər sırasında “habelə insanların cəmləşdiyi digər yerlər” də göstərilib. Deməli, məscidləri də insanların cəmləşdiyi bu yerlər kateqoriyasına aid etmək olar. Madam belədir, o zaman, möhtərəm axundlar, lütfən bu normaları oxuyub onlara əməl edin və dini ibadəti, dini  bayramları bizə haram etməyin.

Alim Hüseynov,
tərcüməçi-filoloq

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı