Modern.az

İstanbulda Fikrət Əmirovun 100 illiyi qeyd edilib

İstanbulda Fikrət Əmirovun 100 illiyi qeyd edilib

Diaspor

18 Noyabr 2022, 17:04

Türkiyənin İstanbul şəhərində Azərbaycanın Qarabağ Zəfərinin ikinci ildönümünə, “Şuşa İli”nə və görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, “Xarı bülbül” Vizyon Teatr Dərnəyi və İstanbulun Ümraniyə bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, Azərbaycanın əməkdar rəssamı, professor Teymur Rzayev, bələdiyyənin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Öncə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

 

Mərasimdə çıxış edən Türkiyədə Azərbaycan teatrının qurucusu, aktrisa-rejissor, bədii qiraət ustası, “Xarı bülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin sədri Kəmalə Kamal Cabbarova, TADEF-in Baş katibi Hülya Ağasoy, Ümraniye bələdiyyəsi sədrinin müavini Mesut Özdemir və ölkəmizin İstanbuldakı baş konsulluğunun vitse-konsulu Murad Balacayev Zəfər Günü münasibətilə soydaşlarımızı və türk dünyasını təbrik ediblər. Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən, “Şuşa İli”nin elan olanması səbəblərindən, bu qədim Azərbaycan şəhərinin mədəniyyətimizə bəxş etditi tarixi şəxsiyyətlərdən, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli və parlaq nümayəndəsi Fikrət Əmirovun yaradıcılığından danışıblar. İki qardaş ölkə arasındakı münasibətlərin gündən-günə daha da gücləndiyini məmnunluqla vurğulayıblar.

 

Sonra Qarabağ Zəfərini, Fikrət Əmirovun həyat və yaradıcılığını, Türkiyə-Azərbaycan qardaşlığını özündə əks etdirən qısametrajlı sənədli filmlər nümayiş olunub.

 

Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan müğənnisi Ayşən Zərbəliyeva, Rusiya sənətçisi Əhməd Əhmədov ölkəmizi vəsf edən mahnılar və Fikrət Əmirovun əsərlərini ifa ediblər.

 

Tədbirdə “Xarı bülbül Azərbaycan Zəfər Sərgisi” kataloqu təqdim edilib və tədbirin təşkilində əməyi olanlara xüsusi təşəkkür plaketləri verilib.

 

Qeyd edək ki, tədbirdən öncə Ümraniyə bələdiyyəsi binasının qalereyasında “Xarı bülbül Azərbaycan Zəfər Sərgisi”nin açılış mərasimi keçirilib.

 

Sərginin açılışına qatılan bələdiyyə sədri İsmet Yıldırım Azərbaycan və Türkiyə arasındakı tarixi bağlardan danışaraq, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladıb. Bildirib ki, Azərbaycanın Qarabağ Zəfəri tarixi torpaqların öz sahiblərinə geri qaytarılması ilə yanaşı, həm də türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə təkan verib. “Bu onu göstərir ki, biz bir olsaq, heç bir qüvvə bizə qalib gələ bilməz”, - deyə bələdiyyə sədri vurğulayıb.

 

Sərgidə Qarabağ Zəfərini və Türkiyə-Azərbaycan qardaşlığını özündə əks etdirən əsərlər, milli geyimlər və əl işləri nümayiş etdirilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü Lətafət Refikin hazırladığı Azərbaycan və Türkiyənin milli geyimləri və əl işləri, azərbaycanlı rəssamlar Sadıx Babayev, Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin idarə heyətinin sədri Ceyran Səttarova, Fatimə Abdal, türkiyəli rəssam Alişan Derin, Canan Tepebaşının əsərləri mərasim iştirakçılarında maraq doğurub.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər