“Xalq yazıçısı” və “Xalq şairi” - Onlardan kimlər hazırda sağdır? - SİYAHI

“Xalq yazıçısı” və “Xalq şairi” - Onlardan kimlər hazırda sağdır? - SİYAHI

Ədəbi̇yyat

27 Oktyabr 2022, 11:42

Azərbaycan Yazıçılar Birliyinin (AYB) ötən gün keçirilmiş XIII Qurultayı qalmaqalla yadda qaldı.

84 yaşlı Anarın yenidən AYB sədri seçilməsi, AYB-nin birinci katibi Çingiz Abdullayevin jurnalisti aşağılaması sosial şəbəkələrdə gündəm olub. Bu hadisələrin fonunda AYB rəhbərliyi ilə bağlı müxtəlif müzakirələr açılıb. Bu müzakirələrdə toxunulan mövzulardan biri də “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adlarının ləğv olunması tələbidir.

Qeyd edək ki, sovet dövründən miras qalan “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adları hələ də Azərbaycan Yazıçılar Birliyininin üzvləri üçün ən yüksək tituldur.

Azərbaycanda indiyə kimi xeyli “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adı almış yazarlar olub. Onların bir çoxu dünyasını dəyişib. Amma hazırda sağ olanlar da az deyil.

Modern.az saytı bu fəxri adların sonuncu dəfə kimlərə verildiyini, hazırda həyatda olan “Xalq yazıçısı” və “Xalq şairi” titulu daşıyanların neçə nəfər olduğunu araşdırmağa çalışıb.

Məlum olub ki, “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adları ilə bağlı sonuncu sərəncam 3 il öncə imzalanıb.

“Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” 24 may 2019-cu il tarixli həmin Prezidentin sərəncamı ilə üç nəfərə “Xalq şairi” adı verilib - Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub. Üç nəfərə isə “Xalq yazıçısı” adı verilib - Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud.

Adları çəkilənlərdən yalnız Musa Yaqub fəxri adı alandan az sonra – 2021-ci ilin mayında vəfat edib, qalanlar həyatdadır.

Modern.az saytı hazırda həyata olan titullu AYB üzvlərinin siyahısını hazırlayıb. Onların adlarını təqdim edirik:

“Xalq yazıçısı”


Anar Rzayev
Elçin Əfəndiyev
Mövlud Süleymanlı
Çingiz Abdullayev
Elmira Axundova
Kamal Abdulla
Natiq Rəsulzadə
Afaq Məsud


“Xalq şairi”

Sabir Rüstəmxanlı
Nəriman Həsənzadə 
Vahid Əziz
Ramiz Rövşən

Yeri gəlmişkən, hazırda həyatda olan və vaxtilə fəxri ad daşımış bir yazıçı da var – Əkrəm Əylisli. Lakin o, 2013-cü ildə bu addan rəsmən məhrum edilib.

 

Əkrəm Əylisli "Xalq yazıçısı" fəxri adından məhrum edilən yeganə yazardır. Belə ki, Azərbaycan Prezidentinin 1998-ci il 23 may tarixli fərmanı ilə "Xalq yazıçısı" fəxri adına layiq görülən Əkrəm Əylisli ölkə başçısının 2013-cü il 7 fevral tarixli sərəncamı ilə "Xalq yazıçısı" fəxri adından məhrum edilib. Buna onun qələmə aldığı “Daş yuxular” adlı romanı səbəb olub. Əkrəm Əylislinin 2012-ci ilin dekabrında çap etdirdiyi həmin romanda erməni-azərbaycanlı münasibətlərdən bəhs olunub. Əsərdə ermənilərin tərifləndiyi məqamlar yer alıb.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı