Modern.az

“Köçkünlük həyatı arzularımı dəfn etdi” - 13 yaşındakı ifası ilə yadda qalan Nizami illər sonra - MÜSAHİBƏ

“Köçkünlük həyatı arzularımı dəfn etdi” - 13 yaşındakı ifası ilə yadda qalan Nizami illər sonra - MÜSAHİBƏ

Müsahibə

11 İyul 2024, 12:36

"İndi qəriblikdir məni ağladan, O yanan evləri könlüm istəyir"... Yəqin ki, sosial şəbəkələrdə yanıqlı səslə muğam oxuyan və ifa edərkən də göz yaşlarını saxlaya bilməyən 13 yaşlı uşağın videosunu çoxları görüb. Təxminən 24 il əvvəl səslənən ifa Azərbaycan muğamının amerikalı tədqiqatçısı Cefri Verboku da heyran etmiş və o, həmin oğlanı axtarıb taparaq haqqında film çəkmişdi...

İllərlə Qarabağ həsrəti ilə yaşayan Nizami Paşayev Modern.az saytının redaksiyasında qonaq olub.

Onunla söhbəti təqdim edirik:


- Məşhur bir ifadə var: çətin vaxtlar güclü insanları, asan vaxtlar isə zəif adamları formalaşdırar. Siz də çox çətin zamanlardan keçmisiniz. İşğal dövründə ağır şəraitdə yaşamaq məcburiyyətində qalmısınız. Bu, sizin güclü şəxsiyyət kimi formalaşmağınıza necə təsir göstərib?

- Mən də digər Füzuli sakinləri kimi öz yurd-yuvamdan didərgin düşmüşdüm. Bir çox yerlərdə yaşadıq. Əslində yaşadıq da demək olmaz. Üç gün orqada, beş gün burada məskunlaşdıq. O zamanlar dövlətimizin köməyilə dəmirdən fin evlər tikilmişdi. Çox ağır, çətin günlər keçirdik. Elə gözəl yerlərdən gəlib yad bir yerə uyğunlaşmaq, yaşamaq bizim üçün çox çətin oldu.

- 44 günlük müharibədə hər birimiz  Ali Baş Komandan tərəfindən hansı ərazilərin azad olunması ilə bağlı məruzəni eşidə bilmək üçün böyük səbirsizliklə televiziya kanallarını izləyirdik. Füzulidən olan sakin kimi rayonunuzun azad olunması xəbəri sizə necə təsir etmişdi? Öz sevincinizi kiminlə bölüşmüşdünüz, reaksiyalarınız necə olmuşdu. Həmin anları indi necə xatırlayırsınız?


- Bəli, cənab Ali Baş Komandanın çıxışını səbirsizliklə gözləyirdik. Füzuli şəhəri 17 oktyabr tarixində işğaldan azd edildi. Biz də - atam, anam, bacılarım və qohumlarımızla həmin an çox böyük sevinc hissi yaşadıq. Bu gözəl xəbəri sevdiklərimizlə sevinc göz yaşları içərisində paylaşdıq. Füzuli şəhərindən sonra da bizim kəndimiz - Zərgər kəndi işğaldan azad edildi. Onda ilk zəngim atama olmuşdu. Atamla mən telefonda danışıb ağladıq. O belə bir söz dedi, “axır ki, öz torpağımıza qayıdırıq” və qəhərdən boğuldu...


- Adətən yeni insanlarla tanış olanda və ya fərqli mühitlərə düşəndə "haralısan?" deyə ümumi bir sualla qarşılaşırıq. İşğal dövründə yəqin ki, bu suala cavab vermək heç də asan olmayıb. Keçmiş vaxtlarla müqayisə etdikdə, indi bu suala necə cavab verə bilirsiniz?


- İndi bu suala alnı açıq şəkildə cavab verə bilirik, deyirik ki, biz Qarabağlıyıq. Amma 1992-ci ildən 2020-ci ilin noyabrınadək bu suala qəmgin şəkildə cavab verirdik. Qaçqın-köçkünlük bizə vurulmuş bir damğa idi.
Bu gün biz sevinc hissi ilə deyirik ki, biz Qarabağdanıq, Laçındanıq, Şuşadanıq, Qubadlıdanıq, Kəlbəcərdənik, Füzulidənik, Cəbrayıldanıq...

- Doğma yurdunuza qayıtdığınız zaman hansı hissləri keçirdiniz?

- Düzü nə vaxtsa öz torpağıma gedə biləcəyimə çox da inanmırdım. 30 il az müddət deyil. Mən oradan 5-6 yaşımda ayrılmışam. İşğal dövründə biz Füzulinin yalnız Alxanlı kəndinə qədər gedə bilirdik, ordan irəli getmək mümkün deyildi. Hər zaman Allaha dua edirdim ki, nə vatxsa irəli də gedə bilim. Öz kəndimə, torpağıma ayağım dəysin. Şükür ki, bunlar bizə qismət oldu.

Uzun illərdən sonra kəndimizə gedəndə öncə qəbiristanlığı ziyarət etdim. Mənim babam, nənəm, əmim o torpaqlarda yatır. Öz doğmalarımın qəbirlərini tapa bilmədim, çünki qəbiristanlığın görkəmi dəyişmiş, məzar yerləri dağıdılmış, oraları ot-alaq basmışqdı.
Sonra kəndimizə girdik. Arzuma çatdım, söz vermişdim ki, kəndimiz işğaldan azad olunsa, Məngəlin ata dağının ətəyində həmin o muğamı ifa edəcəyəm. 30 illik həsrətdən sonra mənə kəndimizdə o muğamı ifa etmək nəsib oldu. Buna görə şəhidlərimizə borcluyuq.


- Sizin uşaq ikən ifa etdiyiniz muğamın videosu yayılandan sonra çox adam sosial şəbəkələrdə "bu oğlan indi nə haralardadır?",- deyə soruşurdu. Bu gün hansı peşə sahəsində çalışırsınız?


- Hazırda hərbçiyəm, qürurla Azərbaycan Respublikasına xidmət edirəm. Dövlətimizə, xalqımıza xidmət etmək hamımızın borcudur.

- Niyə xanəndə, müğənni olmadınız?

- Ən böyük arzularımdan biri muğam ifaçısı olmaq idi. Amma işğal dövrü çox acınacaqlı, çətin günlər yaşadıq. O günlərdə oxumaq barədə düşünmək üçün belə vaxt yox idi. Valideynlərim də necə dolanmaq barədə fikirləşirdilər. Ailədə ancaq anam işləyirdi. 3 uşağı böyütmək çox çətin idi. Həmin vaxtlar valideynlərim üçün çox ağır idi. Yaşadığım sıxıntılar, maddi problemlər mənə sənətin arxasınca getməyə mane oldu. Köçkünlük həyatı arzularımı, məqsədlərimi məndən aldı. Bəlkə də öz torpaqlarımızda olsaydıq, bu gün mən tanınmış muğam ifaçısı idim...

- Bəs hərbçi olmaq istəyiniz necə yarandı?

- Mən torpağımızı işğaldan azad etmək üçün ordumuzla birlikdəm olmaq, vətənimizi qorumaq və Ali Baş Komandanımızın ətrafında birləşmək məqsədilə bu peşəni seçdim.
 

- İllər əvvəl amerikalı tədqiqatçı Cefri Verbokla görüşünüz baş tutub və onun vasitəsilə haqqınızda film çəkilib. Bu tanışlığı, onun sizi axtarıb tapmasını necə xatırlayırsınız?

- 2000-ci illərdə İmişli rayonunun Bəhramtəpə qəsəbəsindəki vaqon evlərdə məskunlaşmışdıq. Onda 13 yaşım vardı. Bir gün anam məktəbdən bir şagirdi mənim ardımca evə göndərmişdi. Mən heç onda Cefri Verboku tanımırdım, onun gəldiyini bilmirdim. Məni çağrıb məktəbdəki toplantıya apardılar, orada Qarabağla bağlı muğam ifa etdim. İfam da Cefri Verbokun xoşuna gəldi. Ümumiyyətlə, o, çox rayonlarımızda olub. Verbok da müsiqiçi olduğu üçün istedadlı uşaqlara qulaq asmağı xoşlayırdı.
8 il sonra o, məni yenidən tapmaq və haqqımda film çəkmək qərarına gəlir. 2008-ci ildə artıq mənim 21 yaşım var idi. Verbokda olan şəklim isə 13 yaşımda çəkilmişdi. O, mənim harada oxuduğumu unudub və buna görə də məcburi köçkünlərin məskunlaşdığı bütün rayonlara gedir. Nəhayət İmişlidə valideynlərimi tapıb. Mən o zamanlar Bakıda ofisiant işləyirdim. 2005-ci ilə qədər ailəmlə birgə İmişlidə yaşadım. Sonra isə Bakıya gələrək, müxtəlif işlərdə işləməyə başladım. Nə isə... Film çəkildi və uğurlu alındı. Filmin təqdimatı 2015-ci Azərbaycanda, daha sonra isə London və ABŞ-da keçirildi.

- Cefri Verbokun həyat yoldaşının da azərbaycanlı olduğu bilinir. Bu barədə sizə nəsə deyibmi?

- Mən onun azərbaycanlı xanımla ailə qurduğunu bilmirdim. Özünün yaradıcılıq gecəsində xanımı ilə tanış edərək bildirdi ki, yoldaşı Natəvan xanımdır. Mən də xoş arzularımı çatdırdım. İndi də bir yerdədirlər, oğul övladları var. Cefri Verbok oğluna da Azərbaycanı sevdirir. O, Azərbaycanın musiqi aləti olan sazda ifa edir, ürəyi bura ilə döyünür.

- Sonralar buna bənzər başqa bir görüş, yaxud təklif olubmu?

- Mən sənəti davam etdirmədiyim üçün görüşlərimiz davamı olmadı. Filmin sonunda da Cefri Verbok Şuşaya gedir. Bu kadrla film sonlandırılır.


- 13 yaşında ifa etdiyiniz həmin muğamın adı nədir? Sözləri kimə məxsusdur?

- Mən musiqi məktəbini bitirmişəm, bu sahəyə çox böyük həvəsim var idi. Kasetlərin birindən o muğamı eşitmişdim. Əvvəl bu ifanın müəllifinin kim olduğunu bilmirdim. Sadəcə olaraq Manaf Ağayevin ifasında dinlədikdən sonra mən də oxumuşam. Sonradan öyrəndim ki, müəllif də Füzuli rayonundandır. Adı Əşrəf Veysəlli olan müəllif indi rəhmətə gedib.

- Vaqon şəhərciyində yaşadığınız günləri necə xatırlayırsınız? Həmin vaxtlardan ən yaddaqalan xatirələriniz nələrdir?

- Çətin vaxtlar idi... Beş nəfər bir otaqda qalırdıq. Vaqon evlər yayda isti, qışda soyuq olurdu. Yayda sərinləmək üçün otağın üstünə su tokürdük ki, dəmir soyusun, otaq sərinləsin, biz də girib içəridə yata bilək. Yayda istidən gecə saat 3-ə qədər, qışda da soyuqdan səhərə qədər yata bilmirdik. O vaxtlar elektrikli qızdırıcılardan istifadə edirdik, amma elektrik də zəif idi. Bu günə şükürlər olsun. Cənab Prezidentimiz kəndimizin təməlini qoyub. İnşallah, tezliklə öz yurdumuza qayıdarıq.

- Füzuliyə qayıtdıqdan sonra hansı planlarınız var?


- Yaşım hələ o qədər də çox deyil. Ona görə də hazırkı peşəmi davam etdirməyi, dövlətimizə və xalqımıza xidmət etməyi düşünürəm.

Rəşid Qarayev 

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı