Modern.az

Şəhərlər və milli hökumətlər arasında əlaqə vacibdir

Şəhərlər və milli hökumətlər arasında əlaqə vacibdir

Aktual

Bu gün, 15:55

Mənzil məsələsi yalnız bir sektor deyil, mobillik, xidmətlərin təşkili və iqtisadi inkişaf kimi bir çox sahə ilə qarşılıqlı əlaqədə olan sistemli məsələdir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi - hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada UN-Habitat-ın Local2030 Katibliyinin rəhbəri və koalisiyanın direktoru Sébastien Vauzelle bildirib.

O qeyd edib ki, parlamentlərin əsas funksiyalarından biri xalqın səsini təmsil etməkdir və lokalizasiya da məhz insanların prioritetlərinin qlobal gündəliklərə inteqrasiyasını nəzərdə tutur:

“Parlamentlər insanların səsini, onların prioritetlərini, mədəniyyətini və yerli kontekstini Dayanıqlı İnkişaf Məqsədlərinin və digər qlobal gündəliklərin hazırlanmasına daxil edir. Bu baxımdan parlamentlər mənzil siyasəti və yerli dayanıqlı inkişaf üçün fundamental rol oynayır”.

Sebastien həmçinin vurğulayıb ki, qanunvericilik fəaliyyəti də lokalizasiya prosesində əsas mexanizmlərdən biridir:

“Yerli səviyyəni təcrid olunmuş şəkildə görmürük. Şəhərlər və regionlarla milli hökumətlər, milli siyasətlər və qlobal gündəliklər arasında əlaqə vacibdir. Parlamentlər yerli ehtiyaclara və prioritetlərə uyğun qanunlar qəbul etməklə qlobal gündəliklərin milli qanunvericiliyə və yerli fəaliyyətə çevrilməsində mühüm rol oynayır”.

Onun sözlərinə görə, parlamentlərin nəzarət funksiyası da xüsusi əhəmiyyət daşıyır:

“Parlamentlər hökumətin fəaliyyətinə nəzarət edir, onun qlobal gündəliklər və yerli reallıqlarla uyğunluğunu qiymətləndirə bilir. Eyni zamanda büdcə üzərində nəzarət mənzil siyasətinin transformasiyası, özəl sektor investisiyalarının təşviqi və yerli səviyyədə dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün vacibdir”.

O onu da əlavə edib ki, UN-Habitat və Local2030 Koalisiyası müxtəlif alətlər və təşəbbüslər vasitəsilə lokalizasiya prosesinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı