Modern.az

Media Ukraynada döyüşən azərbaycanlı bacılardan yazır - FOTOLAR

Media Ukraynada döyüşən azərbaycanlı bacılardan yazır - FOTOLAR

Reportaj

14 Aprel 2022, 16:33

Yerli media Ukraynada döyüşən iki azərbaycanlı bacıdan kiçik xəbər yayıb.

Söhbət Leyla və Dərya adlı qadınlardan gedir.

Modern.az xəbər verir ki, Ukrayna KİV-lərinin məlumatına görə, Kiyevdə yaşayan Leyla Muxtarova və Dərya Hüseynova  müaharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıblar. Tibb təhsili almış bacılar döyüşçülərə və mülki şəxslərə də ilkin tibbi yardımla bağlı məsləhətlər verirlər.
 

Bacılarla bağlı xəbərlərdə deyilir ki, onlar övladlarını Azərbayacana aparıb qoyduqdan sonra yenidən cəbhəyə qayıdıb, ən gərgin nöqtələrdə xidmətlərinə davam ediblər.

Tibb təhsili almış bacılar bir müddət öncə NATO-nun təlimlərində də iştirak ediblər.

Anaları ukraynalı olan bacıların həyat yoldaşlarının azərbaycanlı olduğu bildirilir.

Leyla Muxtarova və Dərya Hüseynova 1992-1993-cü illər AXC hakimiyyəti dövründə Bakının Nizami rayonu İcra Hakimiyyətinin başçısı işləmiş Xaqani Hüseynlinin qızlarıdır.
 

Əslən Ağdam rayonundan olan Xaqani Hüseynli vaxtilə Azərbaycan Milli Ordusunun yaradılmasında, onun silah - sursatla təmin olunmasında, həmin dövrdə ukraynalı zabitlərinin ordumuza cəlb olunmasında, Ukrayna - Azərbaycan əlaqələrinin qurulmasında xüsusi xidmətlər göstərib.



Xaqani Hüseynli 90-ci illərin sonlarınadək Bakıda yaşayarkən mətbuatda politoloq və hərbi ekspert qismində çıxışlar edirdi.

2000-ci illərin əvvəllərində o, Azərbaycanı tərk edərək Ukraynaya köçmüş, orada yaşayır və işləyirdi. X.Hüseynli hətta bir müddət Ukraynanın eks-prezidenti Viktor Yuşşenkonun müşaviri postunuda da çalışmışdı. 

Ukraynada kifayət qədər nüfuz qazanmış X.Hüseynli sonralar digər eks-prezident Pyotr Poroşenkonun seçki qərargahının koordinatoru olmuşdu.


Eyni zamanda, Ukraynadakı Azərbaycan diasporunun fəal nümayəndələrindən birinə çevrilmişdi.

X.Hüseynli 2015-ci il iyunun 19-na keçən gecə infarktdan vəfat etmiş və elə Ukraynada da dəfn olunmuşdu.
 

Mərhum soydaşımız son mənzilə Dnepropetrovsk vilayətinin Sarıçansk rayonundakı kənd qəbirsanlığında yola salınıb. O zaman X.Hüseynlinin milliyətcə ukraynalı olan  həyat yoldaşı və övladları onun nəşinin məhz orada dəfn edilməsini istəyiblər.

Xəqani Hüseynli Ukraynadakı ucqar kənd qəbirsanlığında dəfn edilən ilk müsəlman idi.


X.Hüseynlinin dəfni...

“Silahlı qüvvələrin döyüşçülərinin yaylım atəşlərindən tutmuş, 1990-cı illərin əvvəllərində Bakı şəhərinin rayonlarından birində icra başçısı işləyərkən onunla çiyin-çiyinə çalışmış dostlarının çıxışlarına qədər bütün mərasim kəndin yerli sakinlərinə onların qəbiristanlığında heç də adi olmayan bir insanın dəfn edildiyindən xəbər verirdi”, - deyə X.Hüseynlinin dəfn mərasiminin iştirakçıları o zaman mərhumla bağlı mediaya bildirmişdilər.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!