"1998-ci ilin martın 20-də Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində Ümummili Lider Heydər Əliyev Şuşaya, Füzuliyə, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya, Kəlbəcərə, Laçına bir yerdə gedəcəyimiz haqqında "biz onlarsız yaşaya bilmərik və təsəvvür edə bilmərik" demişdi. Ulu öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi olub. Ümummilli liderin bu arzusunu Prezident İlham Əliyev həyata keçirdi və bu gün ölkəmizin ərazi bütövlüyü təmin olunub".
Modern.az xəbər verir ki, bunu deputat Azər Badamov deyib. O qeyd edib ki, azad və inkişaf edən Qarabağ, Şərqi Zəngəzur torpaqlarında həyata keçirilən quruculuq abadlıq işləri Ulu öndərin ruhunu şad edir:
"Cənab Prezidentin işğaldan azad olunmuş torpaqlara etdiyi hər səfərdə yeni layihələrin açılışı və ya da təməl qoyma mərasimləri baş verir. Bu, o deməkdir ki, ermənilər 30 il işğal altında saxlayaraq məhv etdiyi, daşı-daş üstündə saxlamadığı yaşayış məntəqələrimiz ən müasir şəkildə yenidən qurulur. Torpaqlarımızı işğaldan azad etdiyimiz il yarım ərzində öz sahiblərinə qayıtdıqda bu ərazilərin necə inkişaf etdiyinə bütün dünya şahidlik edir. Bu gün azad Şuşa beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Şuşada davam edən V Xarıbülbül Festivalı beynəlxalq səviyyəli tədbir olaraq bütün dünyaya səs salır. Festivalda ölkəmizin regionlarını təmsil edən nümayəndələrinin müxtəlif milli musiqi nümunələrini səsləndirilməsi 44 günlük Vətən müharibəsində düşmənin başını əzən "Dəmir yumruğu" formalaşdıran milli birlik və həmrəyliyin bir daha nümayişidir. Bəli, Şuşada festivallar hər il keçiriləcək. Cıdır düzündə mədəniyyət səhnəsində nümayiş olunan "Dəmir yumruq", lazım gələrsə, döyüş səhnəsində də yenidən nümayiş olunmağına hər zaman hazırdır".
Deputatın sözlərinə görə, bu gün İrəvan küçələrində revanşist bəyanatlar səsləndirən Koçaryanlar, Sarkisyanlar və Ohanyanlar 44 günlük Vətən müharibəsi zamanı ətrafında məğlubedilməzlik mifi yaratdıqları ordusunu məhv edən "Dəmir yumruğ"umuzu yaddan çıxartmamalıdırlar:
"Bu gün Azərbaycan həmişə olduğu kimi öz mədəniyyətini, humanizmini nümayiş etdirərək və sivil dünyanın normalarına hörmətlə yanaşaraq danışıqlar masasında məsələlərin həlli təşəbbüsü ilə çıxış edir. Əgər uzatdığımız sülh əlimizi tutmaqdan müxtəlif bəhanələr gətirərək yayınmaq istəsəniz sizi daha ağır günlər gözləyəcək. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun və xalqımızın yaratdığı yeni reallığın alternativi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında təmin edib və Qarabağ Azərbaycandır".