Modern.az

Avropa İttifaqı Ermənistanı müharibəyə hazırlaşdırır? - AÇIQLAMA

Avropa İttifaqı Ermənistanı müharibəyə hazırlaşdırır? - AÇIQLAMA

23 İyul 2024, 17:30

Son zamanlar Ermənistan və Avropa İttifaqı arasında yaxınlıq müşahidə edilir. Avropa İttifaqı (Aİ) Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamağa qərar verib. İyulun 22-də isə Şura Avropa Sülh Fondundan (EPF) Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketi qəbul edib.

 

Bu yardım barədə qərar Fransa tərəfindən Ermənistana “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra verilib. Rəsmi Bakı Aİ-nin bu qərarına sərt reaksiya verib. XİN-in açıqlamasında bildirilib ki, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir.

 

"Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək", - XİN qeyd edib.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Yeganə Hacıyeva bildirib ki, Avropa İttifaqı və Ermənistan arasında bir çox cəbhələrdə yaxınlaşma nəzərə çarpır:

 

“Amma bunun özü biraz anlaşılmazdır. Məsələ ondadır ki, Rusiyaya məxsus 102-ci baza burada yerləşir və bu ölkə rəsmi Moskvanın aparıcı güc olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvüdür. Bu 2 faktor Ermənistanın təhlükəsizliyinin vacib elementidir. Belə bir mərhələdə Avropa ilə münasibətlərin yaxşılaşdırılmasına maraqlı olan məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan faktiki olaraq Aİ-nin sanksiyalar tətbiq etdiyi Rusiyanın sanksiyalardan çıxarılması üçün var gücü ilə işləyir və bundan qazanır. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının (ABŞ) USAİD Xarici İnkişaf Agentliyinin rəhbərliyi də qeyd etdi ki, Ermənistanda ümumdaxili məhsulun indeksi artıb , maaşlar artırılıb və s. Amma faktiki olaraq bunların nəyin əsasında olması, xaricə satış miqdarının artmasının nəyin hesabına baş verməsi bildirilməyib və bu onu heç narahat da etməyib”.

Politoloqun sözlərinə görə, hamıya aydındır ki, bu, Rusiyanın birbaşa edə bilməyib Ermənistan vasitəsilə həyata keçirdiyi ticarətin nəticələridir:

 

“Ermənistan Rusiyanın sanksiyalardan çıxarılması üçün vacib addımlar atır. Avropa İttifaqı bunu bilir, amma Ermənistanla viza leqallaşdırılmasını həyata keçirməkdə məqsədlidir. Aİ ilə viza leqallaşmasının bir neçə səbəbi var. İlk səbəb Ermənistna vətəndaşlarının Aİ-yə çıxışını asanlaşdırmaq. Ermənistan hakimiyyəti Avropayla yaxınlaşdıqları görüntüsü verməyə çalışır. İrəvan Rusiyadan kənarlaşdığını göstərirlər. Amma iqtisadi indekslər gösərir ki, əksinə, iki ölkə arasındakı iqtisadi münasibətlər təşəkkül dövrlərində də bu səviyyədə olmayıb. Daxili hakimiyyətə və Avropada çalışan erməni lobbisinə Aİ ilə Ermənistanın yaxınlaşması görüntüsü lazımdır”.

 

Y.Hacıyeva sonda qeyd edib ki, Aİ-nin Ermənistana ayırdığı 10 milyon avronun xüsusi təyinatı var:

 

“Guya regionda sülh naminə Ermənistanın gücləndirilməsi addımları atılır. Bu yanaşmanın özü absurddur. Sülh naminə atılan heç bir addım ölkənin müdafiə potensialının gücləndirilməsi ilə aparıla bilməz. Harada bir ölkənin kənar təsirlərlə müdafiə potensialı gücləndirilirsə, deməli ölkə müharibəyə hazırlanır. Hansı müharibəyə hazırlanır sualının cavabı indi yoxdur, amma təxmin edə bilərik. O səbəbdən də Aİ-nin ayırdığı maliyyə Ermənistanın Cənubi Qafqazdakı mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu isə olduqca absurddur, Ermənistan nə üçün regiondakı mövqeyini Avropa İttifaqı vergi ödəyicisinin hesabına gücləndirməlidir?!”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri