Modern.az

Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib

Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib

Aktual

25 İyul 2024, 16:42

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğızıstana səfəri davam edir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, iyulun 25-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin baş prokurorlarının 22-ci iclası keçirilib. Azərbaycan nümayəndə heyəti iclasın işində dialoq üzrə tərəfdaş qismində iştirak edib.

 

Qırğız Respublikasının Prezidenti Sadır Japarov videomüraciətində tədbir iştirakçılarını salamlayaraq iclasın işinə uğurlar arzulayıb.

 

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev milli prokurorluq orqanlarının rəqəmsallaşması və bu sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən “Elektron prokurorluq informasiya sistemi”nin fəaliyyəti barədə məlumat verib, müasir cinayətkarlıqla mübarizədə yüksək texnologiyalardan istifadənin vacibliyini vurğulayıb.

 

Baş prokuror işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, həmçinin bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu bildirib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunduğu, Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

İyun ayında Xankəndi Şəhər Prokurorluğunun açılış mərasiminin keçirildiyi barədə danışan Kamran Əliyev bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.

Kamran Əliyev, həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), cari il sentyabrın 29-dan oktyabrın 2-də Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.

Baş prokuror rusiyalı həmkarı İqor Krasnov və Çinin Baş prokuroru Ying Yong ilə görüşlər keçirib, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri