Modern.az

Prezidentliyə namizədlərin ailələri, övladları - NADİR FOTOLAR

Prezidentliyə namizədlərin ailələri, övladları - NADİR FOTOLAR

12 Aprel 2023, 10:56

Məlum olduğu kimi, Türkiyədə 14 may tarixində prezident seçkiləri keçiriləcək. 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

 

Türkiyədəki seçki prosesi Azərbaycanda da yaxından izlənilir. Modern.az bu dəfə oxucuları namizədlərin ailəsi, övladları və siyasətdən kənardakı həyatı ilə tanış etmək qərarına gəlib.

 

1. Rəcəb Tayyib Ərdoğan

 

 

 

Əslən Rizedən olan Ərdoğan 1954-cü ildə İstanbulun Kasımpaşa rayonunda yaşayan ailəsinin 3-cü uşağı kimi dünyaya gəlib. Atası Ahmet Ərdoğan, anası isə Tenzile Ərdoğandır. Dəniz yolunda sahil kapitanı işləyən atası 13 yaşında olarkən ailəsi ilə Rizenin Güneysu rayonundan Kasımpaşaya köçüb. Ərdoğana Rəcəb ayında anadan olduğu üçün Rəcəb adı verilib. Babasının adı Tayyib olduğu üçün ona həm də Tayyib adı veriblər. Rəcəb Tayyibdən başqa ailədə onun 3 qardaşı və 1 bacısı vardı.

 

 

O, 1978-ci ildə Emine Ərdoğanla evlənib. Onların bu nikahdan 4 övladı olub. Ahmet Burak, Necmeddin Bilal, Esra və Sümeyye. 1955-ci ildə İstanbulda anadan olan Emine Ərdoğan əslən Siirtli olan Hayriye ve Cemal Gülbaran ailəsinin qızıdır. Babası Hamdi Ali Gülbaran Siirtdən İstanbulun Fatih rayonuna köçüb. Gəncliyində "İdealist Qadınlar Birliyi" təşkilatının fəaliyyətində aktiv rol oynayan E.Ərdoğan həyat yoldaşı ilə də burada tanış olub.

 

 

Bu xəbər ilə bağlı
Türkiyə prezidentliyinə namizədlərin həyat yolu: Oğandan Ərdoğana...
Xəbəri oxu

Ərdoğanın ən böyük oğlu Ahmet Burak 1979-cu ilin iyulunda İstanbulda doğulub. İstanbul Bilgi Universitetinin məzunu olan prezident oğlu 2001-ci ildə Sema Ketenci adlı xanımla ailə həyatı qurub. O zamanlar Rəcəb Tayyib Ərdoğanın üzvü olduğu Fəzilət Partiyasının sədri Recai Kutan və Böyük Birlik Partiyasının sədri Muhsin Yazıcıoğlu evliliyin nikah şahidi olublar. Atası kimi siyasətə yox, biznes fəaliyyətinə maraq göstərən Ahmet Burak müxtəlif sahələrdə özünü sınayıb.

 

 

Türkiyə prezidentinin digər övladı Necmeddin Bilal Ərdoğan isə 1981-ci il təvəllüdlüdür. Harvard Universitetinin məzunu olan Bilal eyni təhsil ocağında dövlət idarəetməsi sahəsində magistrlik dərəcəsi alıb. Tələbəlik dövründə Dünya Bankında təcrübə keçmiş, daha sonra o da biznes həyatına atılmışdır. İnsan və İrfan Vəqfi, TÜRGEV və TÜGVA kimi qeyri-hökumət təşkilatlarının fəaliyyətində də yaxından iştirak edib. O, 2003-cü ildə Reyyan Uzuner adlı xanımla evlənib. Onun nikah şahidləri isə İtaliya və Albaniyanın sabiq baş nazirləri Silvio Berluskoni və Fatos Nano olub. Ömer Tayyib və Ali Tahir adlı oğulları, Fatıma Serra adlı qızı var.

 

 

Ərdoğan ailəsinin ilk qızı - Esra Ərdoğan Albayrak isə 1983-cü ildə İstanbulda anadan olub. 2003-cü ildə İndiana Universitetindən tarix və sosiologiya üzrə bakalavr təhsilini tamamlayaraq məzun olub. Magistratura və doktorantura təhsilini isə Berkli Universitetində alıb. O, 2004-cü ildə gələcəkdə xəzinə və maliyyə naziri olacaq Berat Albayrakla ailə qurub. Bu nikahın da şahidləri dünya siyasətçiləri olub. Belə ki, Rumıniyanın və Yunanıstanın sabiq baş nazirləri Adrian Nastase və Kostas Karamanlis, İordaniya kralı Abdullah, Pakistanın eks-prezidenti Pərviz Müşərrəf, Türkiyənin keçmiş prezidenti və baş naziri (həmin dövrdə XİN başçısı) Abdullah Gül və Türkiyə parlamentinin eks-spikeri Bülent Arınç bu evliliyin qurulmasına şahidlik ediblər.

 

 

Prezidentin digər qızı Sümeyye Ərdoğan Bayraktar da İstanbulda dünyaya gəlib - 1985-ci ildə. 2005-ci ildə o da bacısı kimi  İndiana Universitetindən məzun olub. Magistraturanı isə London İqtisad Məktəbində (LSE) bitirib. 2010-cu ildə AKP-də, 2013-cü ildə isə baş nazir olan atasının yanında bir müddət müşavir kimi işləyən Sümeyye də biznes sahəsində özünü sınayıb. 2016-cı ildə hazırda məşhur PUA-ları istehsal edən "Baykar" firmasının texniki direktoru olan Selçuk Bayraktarla evlənib. 2017-ci ildə Ərdoğanın bu evlilikdən daha bir nəvəsi - Canan Aybüke Bayraktar doğulub.

 

 

2. Kemal Kılıçdaroğlu

 

 

1948-ci ildə Tuncelinin Nazımiye rayonunda Kamer bəy və Yemuş xanımın 7 uşağından 4-cüsü olaraq dünyaya gələn Kılıçdaroğludan 10 dəqiqə əvvəl əkizi Adil anadan olub. Ailənin soyadı Karabulut olsa da, 1950-ci illərdə bütün kənd sakinlərinin soyadı eyni olduğu üçün ailə Kılıçdaroğlu soyadına keçib. Kemal Kılıçdaroğlu 1974-cü ildə xalası qızı, 1952-ci ildə Tunceli də doğulmuş Selvi Kılıçdaroğlu ilə evlənib. İxtisasca jurnalist olan xanım Kılıçdaroğlu Ankara Universitetində oxuyub. Müsahibələrində həyat yoldaşının siyasətlə məşğul olmasına o qədər də isti baxmadığını deyən Selvi xanım CHP sədrinin sevdiyi işlə məşğul olduğu üçün onun seçiminə sayğı duyduğunu bildirib. Ailənin 3 uşağı dünyaya gəlib: Aslı, Zeynep və Kerem.

 

 

 

1983-cü ildə Ankarada anadan olan Kerem Kılıçdaroğlu Bilkent Universitetində politologiya üzrə bakalavr, ODTÜ-də isə Asiya araşdırmaları üzrə magistr təhsili alıb. Elmi işçi kimi akademik sahədə çalışan Kerem daha sonra qazandığı təqaüd proqramı ilə Cənubi Koreyada "Siyasətdə klientalizm" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2017-ci ildə ODTÜ-də müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. Həmin il hərbi xidmətə yollanan Kılıçdaroğlunun oğlu 2018-ci ildə tərxis olunub. Daha sonra TED Universitetində müəllimlik edib. Kerem Kılıçdaroğlu 2017-ci ildə kimyaçı Mine Alşanla nişanlanıb, 2018-ci ildə isə ailə həyatı qurub.

 

 

3. Muharrem İnce

 

 

1964-cü ildə Yalovada Şerif və Zekiye İncelərin ailəsində dünyaya göz açan Muharrem İnce ana tərəfdən Rize, ata tərəfdən isə Saloniki qaçqınlarındandır. 1983-cü ildə universitetdə tanış olduğu Ülkü xanımla evlənən İncenin Salih Arda adlı 1 övladı var. İncenin oğlu 2017-ci ildə Silivri bələdiyyəsinin keçmiş sədri Özcan İşıkların qızı İdil Göknillə ailə həyatı qurub.

 

 

4. Sinan Oğan

 

 

İğdırda Azərbaycan əsilli ailədə anadan olan Sinan Oğan Gökçen Oğanla evlənib. Ailənin 1 qızı, 1 oğlu var. Gökçen Oğan yazar və araşdırmaçıdır. Zəfər Partiyasının sədri Ümit Özdağın sədrlik etdiyi Avrasiya Strateji Araşdırmalar Mərkəzində (ASAM) Orta Asiya üzrə ekspert kimi çalışan G.Oğanla siyasətçi ASAM-da birlikdə işləyib və burada tanış olub.

 

 

Oğanın xanımı Qazi Universitetindən beynəlxalq münasibətlər üzrə məzun olub. "Şanxay Əməkdaşlıq Təşkilatı və regional əməkdaşlıq cəhdləri" mövzusunda magistr dissertasiyası müdafiə edib. ASAM-dan sonra müxtəlif beyin mərkəzlərində Avrasiya üzrə məsləhətçi kimi çalışan Gökçen Oğan regionla bağlı xeyli məqalə və elmi araşdırmanın müəllifidir. Xüsusən, Əfqanıstan və Pakistan onun tədqiqat sahəsinin əhatəsinə daxildir.

 

 

Türkiyə prezidentliyinə namizədlərin keçdiyi həyat yolu ilə buradan daha ətraflı tanış olmaq mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir