Modern.az

Ərdoğanın seçki kampaniyaları - 2014 və 2018 nümunələri...

Ərdoğanın seçki kampaniyaları - 2014 və 2018 nümunələri...

Analitika

20 Aprel 2023, 16:30

Türkiyədə 14 mayda baş tutacaq prezident seçkiləri yaxınlaşmaqdadır. Prezidentliyə namizədlərin seçki kampaniyası və təbliğat-təşviqat dövrü rəsmi olaraq başlasa da, hələlik prosesin sönük keçməsi ilə bağlı müxtəlif rəylər mövcuddur. Ayrı-ayrı tədbirlərdə, televiziya proqramlarında və sosial media platformalarında rəqabət və qarşılıqlı atışmalar müşahidə olunur, lakin ənənəvi səs-küylü seçki kampaniyaları ortalıqda yoxdur.

 

Şübhəsiz ki, bunda ölkədə baş vermiş güclü zəlzələnin, 50 mindən çox insanın həyatını itirməsinin böyük təsiri var. Digər tərəfdən, Ramazan ayında iftara qədər insanlar enerjisiz olduğundan kampaniyanın zəif keçdiyi deyilir. Məlumatlara görə, bayramdan sonra təbliğat-təşviqat prosesi daha aktiv fazaya keçid edəcək, izdihamlı mitinqlər, seçicilərlə görüşlər bir-birini əvəzləyəcək.

 

Modern.az bu dəfə hazırkı prezident, Türkiyə tarixində bu vaxta qədər keçirilmiş hər iki prezident seçkilərindən qalib ayrılmış Rəcəb Tayyib Ərdoğanın 2014 və 2018-ci illərdə keçirilmiş prezident seçkilərindəki performansı barədə kiçik araşdırma edib.

 

2014-cü ildəki prezident seçkiləri

 

 

Bu seçkilər Türkiyədə dövlət başçısının birbaşa xalq tərəfindən seçildiyi ilk seçkilərdir. Belə ki, 2007-ci ildəki referenduma qədər Türkiyə konstitusiyası prezidentin parlament tərəfindən seçilməsi ilə bağlı müddəanı özündə ehtiva edirdi. Həmin referendumda edilmiş dəyişikliklə prezidentin seçkilərlə seçilməsi üsulu təsbit edildi.

 

Xatırladaq ki, Türkiyənin 11-ci prezidenti Abdullah Gülün səlahiyyət müddətinin başa çatdığı 2014-cü ildə prezident seçkiləri keçirildi.

 

AKP 1 iyul 2014-cü ildə prezidentliyə namizədinin ovaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan olduğunu açıqlayıb. Bu açıqlamadan sonra Türkiyənin əsas şəhərlərində mitinqlərə start verilib. 10 avqustda Ərdoğan 51.8 faiz səslə ölkənin 12-ci - xalq tərəfindən seçilmiş 1-ci prezidenti olub. Seçkilərdə CHP, MHP və 14 digər siyasi partiyanın dəstəklədiyi Ekmeleddin İhsanoğlu və HDP-nin də daxil olduğu 5 partiyanın dəstək verdiyi Selahattin Demirtaş Ərdoğanın rəqibləri olub. AKP-nin namizədini isə sabiq prezident Turqut Özalın qurduğu ANAP dəstəkləyib. Ərdoğanın namizədliyi ATO Konqres Mərkəzində təxminən 4 min nəfərin qatıldığı tədbirdə Mehmet Ali Şahin tərəfindən elan olunub. Ərdoğan seçkilərdə "Milli iradə, milli güc!", "Millətin adamı Rəcəb Tayyib Ərdoğan!", "Türkiyənin gücünə güc qat!" və digər şüarlarla kampaniya aparıb. 9 avqusta qədər Ərdoğanın kampaniyası üçün tərəfdarlarının 55 260 778 lirə ianə verdiyi açıqlanıb.

 

 

Onun seçkilər dövründə istifadə etdiyi tanıtım loqosunun ABŞ-ın eks-prezidenti Barak Obamanın 2008-ci ildəki seçkilərdə istifadə etdiyi loqotipə bənzədiyi, hətta onun əsasında hazırlandığı iddia olunurdu. Ərdoğanın seçki texnoloqları loqonun mənasının "tunelin ucundakı işıq" olduğunu ifadə etmişdilər. Belə ki, loqodakı qırmızı rəng Günəşin doğuşunu, yüksəlişini istiliyini və səmimiliyini, gücü və qərarlılığı, Türkiyə bayrağının qırmızısını, ağ rəng sülhü, qardaşlığı, həmrəyliyi, sadəliyi və şəffaflığı, sabitliyi və davamlılığı və Türkiyə bayrağındakı ağı, tünd mavi rəng səmanı, hədəflərin böyüklüyünü, etibarlılığı, nüfuz və xarizmanı təmsil edirdi. Seçki günü Ekmeleddin İhsanoğlu 38.44 faiz, Selahattin Demirtaş isə 9.76 faiz səs yığmış, Ərdoğan prezident seçilmişdi. O, seçkidən sonra məşhur "balkon konuşması" ilə xalqa təşəkkür etmişdi.

 

 

2018-ci ildəki prezident seçkiləri

 

2017-ci ildəki referendumdan sonra Türkiyədə parlament respublikası üsul-idarəsindən prezidentli respublikaya keçid edilib. 2018-ci il seçkiləri prezidentin ölkənin birinci adamı olaraq seçiləcəyi ilk seçkilər kimi tarixə düşüb. 3 mayda Ərdoğanın namizəd olacağı dəqiqləşdirilib. O zaman MHP, BBP və HÜDAPAR Ərdoğanın namizədliyini dəstəkləmək qərarına gəlib.

 

 

Ərdoğan bu seçkilərdə ölkə daxilində keçirdiyi genişmiqyaslı mitinqlərlə yanaşı, xaricdə də mitinq keçirmişdi. O, 20 mayda Bosniya və Herseqovinaya səfər edərək, burada Türkiyə vətəndaşlarının qatıldığı izdihamlı mitinqdə iştirak etmişdi.

 

Ərdoğan ilk mitinqini 28 apreldə İzmirdə keçirib. 6 mayda isə İstanbulda seçki platformasını elan edib. Ərdoğan seçki kampaniyası dövründə 55 mitinq keçirəcəyini açıqlamışdı. Onun əsas şüarları "Vaxt Türkiyənin vaxtıdır!", "Güclü Türkiyə üçün güclü iqtisadiyyat!" və digərləri olmuşdu.

 

 

Bu seçkilərdən də qalib çıxan Ərdoğan səslərin 52.59 faizini alaraq prezident kürsüsünü qoruyub. Müxalifətdəki "Millət İttifaqı" isə seçkilərə bir neçə namizədlə qatılmaq və ikinci turda ən çox səs yığan namizədi dəstəkləmək strategiyasını tətbiq edərək CHP-dən Muharrem İncenin (30.64 faiz), İYİ Partiyadan Meral Akşenerin (7.29 faiz) və Səadət Partiyasından Temel Karamollaoğlunun (0.89 faiz) namizədliyini irəli sürsə də, ilk turda seçkilərin taleyi həll olunub və müxalifət məğlubiyyətlə üzləşib.

 

Bundan başqa, seçkilərdə HDP-nin namizədi Selahattin Demirtaş və VP-nin namizədi Doğu Perinçek də iştirak edərək müvafiq olaraq 8.4 və 0.2 faiz səs yığmışdılar.

 

 

2023...

 

Qarşıdakı seçkilərə "Türkiyə üçün dərhal indi!" şüarı ilə qatılan Ərdoğan hələlik müxtəlif açılış və təməlqoyma mərasimlərinə qatılarkən söylədiyi nitqlərdə, habelə teleproqramlarda çıxışları zamanı seçki prosesi və rəqibləri barədə fikirlərini bildirir. Gələn həftədən seçki kampaniyası və təbliğat-təşviqatın qızışacağı gözlənilir...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir