Modern.az

Təhsil haqqını ödəyə bilməyən xeyli tələbə var

Təhsil haqqını ödəyə bilməyən xeyli tələbə var

Aktual

6 İyun 2016, 15:02

“Hazırda ali məktəblərdə tədris ilini başa vurmasına baxmayaraq, təhsil haqqını ödəyə bilməyən xeyli tələbə var”.

 Modern.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Maarifçi Tələbə Kredit Fondunun (MTKF) fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, I kursdan sonra tələbələr illik ödənişi biirdəfəlik yox, hissə-hissə ödəyirlər.

Sülhəddin Gözəlovun sözlərinə görə, Təhsil Nazirliyi universitetlərə tövsiyə edib ki, tələbələr ödənişi semestr üzrə etsinlər.

 O, qeyd edib ki, bütün bu tövsiyələrə baxmyaraq, bəzən tələbələr təhsil haqqını semestrin axırına kimi ödəyə bilmirlər:

“Universitetlər onları bir neçə imtahana şərti olaraq buraxır ki, imtahanları versinlər. Lakin təhsil haqqı tədris ilində ondan tələb olunacaq”.

 Nazirliyin sektor müdiri söyləyib ki, bu il üçün kreditlər yalnız bakalavrlara aid edilir, amma gələcəkdə bu isə sistem magistr və doktorantura pilləsində təhsil alanlara da tətbiq olunacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, tələbələr gələcəkdə təhsil kreditləri, yaşayışla bağlı kreditlər, müxtəlif iş-tədris şəraitini yaxşılaşdırmaq, digər ləvazimatların alınması üçün kreditlərdən yararlana biləcəklər:

“Hazırda bu layihə yalnız 10 universitetin tələbələrinə şamil edilir. Gələcəkdə təşəbbüsə digər universitetlər qoşulduqda onların da aztəminatlı ailələrdən olan tələbələri bu cür kreditləri almaq imkanı olacaq”.

 Maarifçi Tələbə Kredit Fondunun (MTKF) icraçı direktoru Rüfət Mahmud isə bildirib ki, pilot layihə olduğundan gələcəkdə konkret hansı işlərin görüləcəyini indidən demək çətindir:

 “Gələcəkdə tələbələrə yaşayış krediti vermək üçün Fondun maliyyə vəsaiti olmalıdır. Çünki tələbəyə yataqxana və ya kirayə ev üçün vəsait ayrılmalıdır. Növbəti illərdə bu məsələnin gerçəkləşdirilməsi çətindir”.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan