"Artıq Halqa hazırdır. Sonuncu dəfə Bakıya gəlməyimdən 1 ay keçib. Bu müddətdə xeyli iş görülüb”.
Modern.az-ın məlumatına görə, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq “Formula 1” üzrə Avropa Qran Prisi öncəsi keçirdiyi mətbuat konfransında deyib.
Çarli Vaytinq halqanın hazır vəziyyətə gəlməsinin çətin iş olduğunu söyləyib:
"Çünki şəhərdə nəqliyyat vasitələri hərəkət edir. Baxışı həyata keçirmək üçün bizə 45 saat vaxt lazım olur. Bütün halqa boyu müxtəlif yerlərə nəzər yetirdik. Bəzi xırda məsələlər var ki, bunları tam hazır vəziyyətə gətirmək lazımdır. Ancaq əməl olunmuş standartlar olduqca yüksək səviyyədədir".
FİA rəsmisi işlərin plan üzrə getməsindən məmnunluq ifadə edib. O, havanın dəyişəcəyi, yağış yağacağı təqdirdə, baş verə biləcək hadisələrdən söz açıb:
"Yağış yağsa da, yürüş baş tutacaq. Təkərlər qalındır və onlar hər bir sürtküyə tab gətirir. Düzdür, yağış çətinlik yaradır. Yalnız bir halda xoşagəlməz hadisə baş verə bilər. O da güclü leysan yağarsa, havaya nəzarət edən heyət qərar çıxaracaq. Yolda hər hansı bir dəlik olursa, onu ya qapaqla örtürlər, ya da tamam asfaltlayırlar. Bu isə təhlükənin olmaması üçündür".
Təhlükəsizlik tədbirləri görülüb və bundan məmnunam. Son iki ildə biz bütün təhlükəsizlik məsələlərini müzakirə etmişik. 8 - 11-ci döngələr hissə trekin ən nazik hissəsidir.
Hər hansı qəza baş verərsə, künclər iti deyil, mailidir. Bu səbəbdən maşınların qarşısını kəsəcək amil yoxdur. Həmin hissədə də sürət aşağı olur" - deyə, Çarli Vaytinq diqqətə çatdırıb.
Xatırladaq ki, Avropa Qran Prisi 17 - 19 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.
Ağa AKİFOĞLU