Azərbaycan İctimai Televiziyasında əməkdaşlar kütləvi şəkildə işdən çıxarılıb. Modern.az saytı xəbər verir ki, bu barədə işini itirmək təhlükəsi ilə üzləşən şəxslər adından sosial şəbəkələrdə yayılan məlumatda bildirilir.
Məlumat müəllifləri iddia edirlər ki, işçilərin azad edilməsi haqqında qərarlar İTV baş direktoru Cəmil Quliyevin ölkədə olmadığı bir vaxtda qəbul edilib.
Belə ki, iyunun 1-dən İnformasiya Departamentinin direktoru Elgün İbrahimov, Türkiyədəki müxbirlər Rəhimə Mirzəyeva və Dilqəm Mirzəyev, Mərkəzi Asiya üzrə müxbirlər Füzuli Məcidli və Reyhan Məcidli, böyük redaktor Mais Ağayev, böyük redaktor Esmira Qasımova, müxbir Dilavər Seyidov, rus dilində verilişlərin aparıcısı Tamilla Şirinova, siyasi icmalçı Bəxtiyar Səlimov, müxbir Rauf Nəbiyev işdən azad edilib.
Həmçinin bəzi şəxslərin işdən azad edilməsinin qanunsuz olduğu qeyd edilir, belə ki, departament rəhbərlərini baş direktor deyil, yalnız İTV Yayım Şurası işdən azad edə bilər.
Bu həftə daha 7-8 əməkdaşın işdən azad edilməsinin nəzərdə tutulduğu bildirilir.
Məsələ ilə bağlı “Turan” İTV-dən şərh almaq istəsə də, mümkün olmayıb.
Modern.az