Modern.az

UNEC-də elm və təhsilin vəhdətinə dair konfrans keçirilib

UNEC-də elm və təhsilin vəhdətinə dair konfrans keçirilib

Aktual

7 İyun 2016, 18:00

İyunun 7-də Milli Elmlər Akademiyası (AMEA) ilə İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda elmi konfrans keçirilib.

 

UNEC-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, universitet rektoru Ədalət Muradov bildirib ki, elm, təhsil və təcrübənin vəhdəti olmadan biznesdə uğur qazanmaq mümkün deyil. Rektor elmi tədqiqatların aparılmadığı universitetin orta məktəbdən fərqlənmədiyini vurğulayıb: “UNEC-də elmlə təhsilin vəhdətini daha yüksək səviyyədə təşkil etmək üçün “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda konfrans keçirməyi qərara aldıq. Tədbirin əsas müzakirə mövzusu AMEA ilə UNEC arasında əməkdaşlıq olacaq”.

 

"İstəyirik ki, müəllimin pedaqoji fəaliyyəti onun elmi tədqiqatları əsasında qiymətləndirilsin" deyən rektor bildirib ki, bunu nəzərə alaraq, UNEC-də Diskurs.az – virtual iqtisadi forumu və “UNEC ekspert” jurnalı yaradılıb. Bu resurslar müəllimlərimizə elmi tədqiqatlarının nəticələrini ictimaiyyətlə bölüşmək imkanı verir.

 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə isə  elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayaraq, konfransın əhəmiyyətini yüksək qiymətləndirib və prezident İlham Əliyevin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təşəbbüsünü alqışladığını bildirib: “Bu qərar elm və təhsildə kadr hazırlığına böyük zəmin yaradacaq, təhsildə fasiləsizliyi təmin edəcək. Tədqiqatçıların böyük əksəriyyəti qadınlardır. Yeni qərarın magistr və doktorantlar arasında oğlanların sayının artmasına da təsir edəcəyini ümid edirik”.

 

AMEA-nın prezidenti bildirib ki, akademiyada universitetlər yaradılarsa, onlar gələcəkdə mükəmməl elm təhsil mərkəzlərinə çevriləcək: “ Elm və təhsilin vəhdəti yeni tələblərə uyğun istiqamətdə yaradılmalıdır. Burada innovasiya da vacib faktor sayılır”.

 

Konfransda müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Bildirilib ki, AMEA ilə UNEC-in vahid kitabxana şəbəkəsinin yaradılması, dərslik hazırlığı və birgə tədqiqatların aparılması elm və təhsilin vəhdətini təmin etməkdə vacib rol oynayacaq.

 

Sonda AMEA ilə UNEC arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Qeyd edək ki, sənəddə birgə elmi-tədqiqatların aparılması, onların tədris prosesində tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması və digər məsələlər öz əksini tapıb.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı