İyunun 7-də Azərbaycan vətəndaşı olan qadın dövlət sərhədini keçərək Ermənistan tərəfə adlayıb. Modern.az saytı xəbər verir ki, bu barədə "news.am" saytına Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.
“İyunun 7-də Azərbaycan - Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunu Yanıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzar qızı Ermənistan tərəfə keçib”, - deyə Armen Kaprielyan bildirib.
Hazırda Z.Vəliyeva barəsində əlavə məlumatların toplanması və onun erməni tərəfə hansı şəraitdə keçməsi ilə bağlı dəqiqləşdirilmələr aparılır. Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyinə də məlumat verildiyi qeyd olunur.
Modern.az