“İl ərzində 300-320 uşaq müxtəlif zəhərlənmə diaqnozu ilə qəbul olunur. Onlar əsasən valideynlərin məsuliyyətsizliyi və etinasızlığı ucbatından olur”.
Modern.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.
O qeyd edib ki, uşaq zəhərlənmələri arasında yandırıcı məhlullarla zəhərlənmələr liderlik edib.
“Uşaqlar arasında yandırıcı məhlullarla zəhərlənmələr 80 faiz təşkil edir. Uşaq zəhərlənmələrində ikinci yerdə məişət-kimyəvi zəhərlənmələri (10 faizi ), üçüncü yerdə isə polivitaminlərlə ,antibiotiklərlə( 4-5 faiz) zəhərlənmələrdir. Nəticədə ağır formalarda ağız boşluğu, qida borusu, mədənin kimyəvi yanığı ilə bağlı müraciətlər daxil olur. Bəzən valideynlər ürək, təzyiq dərmanlarını uşaqların əlinin çatdığı yerlərə qoyur və nəticədə uşaqlar onu qəbul edərək zəhərlənməyə məruz qalır. Bundan əlavə, uşaqlar xəstələndikdə onlara təyin olunan dərman preparatlarının dozası artıq verilir və bu da mənfi nəticəyə səbəb olur”.
Şöbə müdiri bildirib ki, sirkə turşusundan zəhərlənmələr üstünlük təşkil edir.
“Bu da böyük problemdir. Dəfələrlə sirkə turşusunun faizinin azaldılması ilə bağlı müraciət edilib. Əvvəllər sirkə turşusu 85-90%-lik buraxılırdısa, indi hardasa 75%-dir. Ona baxmayaraq, sirkə turşusu içənlər arasında ölüm faizi çoxdur. Hər ay 10-15 xəstə qəbul olunur. Onların da 80-90%-i ağır və kəskin ağır vəziyyətdə olur. Əsas da ölüm faizi sirkə turşusu ilə zəhərlənmələr verir”.
A.Maqsudov vurğulayıb ki, il ərzində 2 mindən çox xəstə Toksikoloji Mərkəzə ümumi zəhərlənmələrlə bağlı müraciət edir.
“2 min müraciətdən 30-40 nəfəri ölümlə nəticələnir. Onların əksəriyyəti sirkə turşusu, psixotrop maddələr və tək-tək hallarda dərman zəhrələnmələri nəticəsində olur”.
A.Maqsdov sərxoş vətəndaşlarla bağlı da müraciət edib. O bildirib ki, hər gün axşamlar 5-6 nəfər 25-40 yaş araşı kişilə sərxoş halda xəstəxanaya gətirilir. Az miqdarda spirtli içkilər qəbul edildiyi halda xəstəxanaya gətirilir və bu da şöbənin fəaliyyətinə çətinlik yaradır”
Qafar Ağayev