Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda Qarabağ veteranları və əlilləriylə növbəti dəfə görüş keçirib. Görüşdə 3 iyun tarixli “Dünya Azərbaycanlılarının qurultayı”nda prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələr və bu mövzu ətrafında geniş müzakirə aparılıb.
Millət vəkili seçicilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial müdafiə yönümlü addımların önəmini qeyd edib və bunun dövlətin daim diqqət mərkəzində oldugunu vurğulayıb.
H.Rəcəbli bildirib ki, dövlət tərəfindən əlil və fiziki imkanları məhdud olan insanların sağalması və cəmiyyətə inteqrasiya olunması üçün dövlət tərəfindən lazım olan bütün tədbirlər görülür. Reabilitasiya sahəsində də aparılan ardıcıl işlərdən danışan millət vəkili vurğulayıb ki, burada da mövcud olan qanunvericilik aktları, əmr və sərəncamlar müvəffəqiyyətlə həyata keçirilir.
Seçicilər söhbət əsnasında öz fikir və arzularını da ifadə ediblər.
Onların qaldırdığı bəzi məsələlər yerində həllini tapıb, digərləri isə müvafiq nazirlik, komitə və baş idarələrə ünvanlanıb.
Görüşdə iştirak edən Bakı və Lənkəran Qarabağ veteranları və fiziki qüsurlu insanlar prezident İlham Əliyevə onlara göstərilən qayğıya görə təşəkkür ediblər.
Modern.az