“Biz dəfələrlə media vasitəsi ilə də bildirmişik ki, xarici mediaya çıxışımız azdır. Bu da xaricdə Azərbaycana olan münasibəti formalaşdırmağımıza mane olur. Bu məsələnin məhz ölkə prezidenti tərəfindən Dünya Azərbaycanlılarının IV Qurultayında xüsusi vurğulanması önəmli idi”.
Bu sözləri Modern.az saytına açqlamasında Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib.
Deputat ölkə prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında diaspor rəhbərlərinə, qurultay iştirakçılarına Azərbaycanın xarici media, KİV orqanlarında layiqincə təmsil olunmaq haqqında verdiyi tapşırıqları vaxtında və düzgün atılmış addım hesab edir.
Cavanşir Feyziyev bildirib ki, xaricdəki azərbaycanlıların yaşadıqları ölkələrin media orqanlarında təmsil olunmaları daha asan və səmərəlidir:
“Cənab Prezident bu çatışmazlıqları Dünya Azərbaycanlılarının Qurultayında yerində, düzgün və zamanında qeyd etdi. Çünki Azərbaycan jurnalistlərinin gücünün çatmadığı bəzi fəaliyyətlərin diaspor üzvləri tərəfindən həyata keçirilməsi daha asan, effektli və səmərəli olar.
Öncə ona görə ki, diaspor üzvləri həmin ölkələrdə yaşayır və oranın dillərini gözəl bilirlər. Xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin mətbuatını izləmək imkanları olduğu kimi, orada çıxış etmək fürsətləri də var. Azərbaycan jurnalistinin Azərbaycanda oturub xarici mediada görünə bilməməsi kimi bir boşluğu onlar doldura bilirlər.
Cənab prezident verdiyi bu mesaj Dünya Azərbaycanlıları Qurultayının iştirakçıları tərəfindən həmən anlaşıldı. Bu, diaspor rəhbərlərinə bundan sonra əsas fəaliyyət istiqamətlərini bu yöndə qurmağa təsir edəcək.
Belə olsa, Azərbaycana qarşı məqsədli və qərəzli şəkildə yayılan informasiyaların qarşısını ala bilərik. İnformasiya müharibəsi hər zaman davam etdiyi üçün, Azərbaycan jurnalistləri də xarici mediaya çıxmaq istiqamətində hər gün çalışmalıdırlar”.
Ağa AKİFOĞLU