Ötən gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin növbəti iclası keçirilib.
ADR-dən Modern.az-a verilən məlumata görə, qərarların icrası və görülmüş işlərin müzakirəsi ilə başlayan toplantıda mayın 25-də “Bankların çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda keçirilmiş dəyirmi masanın nəticələri ətrafında fikir mübadiləsi olub.
Bildirilib ki, bank sektorunun sağlamlaşdırılması istiqamətində ADR Hərəkatının mütəxəssislərlə birlikdə hazırladığı təkliflər paketi aidyyatı oqranlara təqdim olunub.
Bununla əlaqədar çıxış edən İdarə Heyəti üzvləri bank sektorunda getdikcə artan və genişlənən problemlərin mənfi təsirlərindən və sosial fəsadlarından bəhs ediblər və bir daha narahatçılıqlarını ifadə ediblər.
İclasda həmçinin ADR Hərəkatının Ali Məclisində qəbul edilən qərarların icrası istiqamətində fikir mübadiləsi aparılıb.
Razılaşdırılıb ki, ADR Hərəkatının xaricdə fəaliyyət göstərəcək qurumlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı sənəd yekun varinatda növbəti iclasın müzakirəsinə çıxarılıb.
İctimai siyasi vəziyyət haqqında müzakirə aparan İdarə Heyəti üzvləri Azərbaycanı siyası məhbuslarsız ölkə kimi təqdim etmək üçün hələ çox işlər görülməsninin zəruriliyindən danışıblar.
Xədicə İsmayılın azadlığa çıxmasını müsbət dəyərləndirən ADR Hərəkatı üzvləri İlqar Məmmədov, İlkin Rüstəmzadə, Seymur Həziyev, Fuad Qəhrəmanlı, Asif Yusifli və digərlərinin də tezliklə azad edilməsinin vacibliyini vurğulayıblar.
Gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimova həbs ediləndən sonra verilən işgəncələri pisləyiblər.
İyunun 2-də Almaniya parlamentində (Bundestaq) 1915-ci il olaylarının “soyqırımı” kimi tanınmasına dair qətnamənin qəbulunu haqsız və ədalətsiz hesab edən ADR-çilər bu hadisənin tarixi köklərini araşdırmadan ondan siyasi məqsədlər üçün istifadə edilməyin yolverilməz olduğunu deyiblər.
Ötən həftə Bakıda səfərdə olan NATO-da ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Ben Hodcesin verdiyi 3 təklif müzakirə olunub.
Onların hər birini müsbət qarşılayan ADR Hərəkatı İdarə Heyətinin üzvləri Azərbaycan hərbiçilərinin Gürcüstanda və Rumıniyada keçirilə, eləcə də Bakıda təşkil olunan təlimlərdə geniş iştirakçılığını məqsədəmüvafiq hesab etdilər və hər 3 təklifin Azərbaycan hakimiyyəti tərəfindən qəbul olunmasının vacibliyini qeyd ediblər.
Azərbaycanın Avropada üzv olduğu ilk beynəlxalq təşkilat olan ATƏT-in Parlament Assambleyasında səsvermə hüququnun itirilməsi ətrafında gedən müzakirələrdə belə imkanların əldən çıxmasının Ermənistanın ölkəmizə qarşı məkrli fəaliyyəti üçün geniş imkanlar yaratdığı qeyd olunub.
Qarşıda duran vəzifələrin müzakirəsi zamanı növbəti 3 aylıq planlaşma aparıldı. Fəaliyyət planı üzrə növbəti dövrdə regionlara səfər qrafiki, Ali Məclisin komissiyalarının formalaşdırılması, informasiya siyasətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Qeyd edək ki, ADR sədri Qubad İbadoğludur.
Ağa AKİFOĞLU