Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfərini, səfər zamanı Almaniya kansleri Angela Merkellə və həmin ölkənin nüfuzlu siyasi və biznes təmsilçiləri ilə görüşünü çox yüksək qiymətləndirəm.
Bu səfər Azərbaycanın bir daha müstəqil, heç kimdən asılı olmayan siyasət yürütdüyünü, onun istər Şimal və Cənub qonşuları ilə, istərsə də Avropa, Avroatlantik məkanla ikitərəfli əməkdaşlığa, tərəfdaşlığa necə yüksək dəyər verdiyini bütün dünyaya-dostlarımıza da, düşmənlərimizə açıq-aşkar nümayiş etdirmiş oldu.
Modern.az saytı xəbər verir ki, bu fikirləri Gün.Az-a açıqlamasında millət vəkili Eldar İbrahimov bildirib.
E.İbrahimov deyib ki, müstəqil Azərbaycanın memarı və banisi mərhum Heydər Əliyev tərəfindən əsası qoyulan balanslaşdırılmış, tarazlaşdırılmış, heç kimi daxili işlərinə qarışmayan xarici siyasət kursu son 13 il ərzində ölkə Prezidenti İ.Əliyev tərəfindən də eyni uzaqgörənlik, eyni ustalıq, eyni müdrikliklə davam etdirilir.
Onun sözlərinə görə, məhz bunun nəticəsində də Azərbaycan dünyada, o cümlədən, Avropada etibarlı müttəfiq və tərəfdaş kimi qəbul olunur.
Millət vəkili deyib ki, uğurlu xarici siyasət kursunun nəticəsidir ki, Azərbaycan özünü dünyada və regionda yaşanan siyasi-hərbi-iqtisadi kataklizmlərdən qoruya bilib, həm də nəinki qoruyub, eyni zamanda, dünyanın və regionun aparıcı, lider dövlətinə, söz və nüfuz sahibinə, ən əsası sabitlik və təhlükəsizlik adasına çevrilə bilib.
Almaniyaya səfərə və onun nəticələrinə də məhz bu kontekstdən yanaşılmasının vacibliyini vurğulayan E.İbrahimovun qeyd etdiyinə görə, Azərbaycan dövləti ölkə rəhbərinin uğurlu xarici siyasət xətti ilə bundan sonra da diplomatiya tarixinə öz imzalarını qoymaqda, Azərbaycanın dünyadakı yerinin, rolunun və nüfuzun möhkəmlənməsinə öz töhfəsini verməkdə davam edəcək:
“Almaniya da bu gün dünyanın, Avropanın əsas söz sahibi olan ölkələrindəndir. Bu ölkənin dünyadakı proseslərə təsiri böyükdür. Eyni zamanda, bu ölkə Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirən ölkələrdəndir.
Heç təsadüfi deyil ki, bu ölkə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, işğalçı erməni qoşunlarının Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edən, bu yöndə qətnamə qəbul edən azsaylı ölkələrdəndəndir.
Bu baxımdan, Almaniya kimi bir dövlətlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi çox vacib və əhəmiyyətlidir.
Elə hesab edirəm ki, bu səfərin 20-23 ildən bəri ədalətli həllini gözləyən Ermənistan-Azərbaycan münaqişəsinin sülh, danışıqlar yolu ilə çözümünə də müsbət, əhəmiyyətli təsiri ola bilər və olacaq”.
Millət vəkili açıqlamasında səfərin önəmli məqamlarından biri kimi enerji təhlükəsizliyi məsələsinin, o cümlədən, hazırda dünyanın 7 ölkəsini əhatə edən “Cəbub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı məsələnin müzakirəsini vurğulayıb.
E.İbrahimovin bildirdiyinə görə, dövlət başçısı da birgə mətbuat konfransında buna xüsusi diqqət çəkib və deyib ki, adıçəkilən layihə istehsalçılar və istehlakçılar üçün enerji şaxələnməsi layihəsidir:
“Çünki vurğulandığı kimi, onların Azərbaycandan gələn, müasir nəqliyyat infrastrukturu vasitəsi ilə çatdırılan yeni alternativ qaz mənbəyinə çıxış imkanı olacaq.
Eyni zamanda, dövlət başçısının da qeyd etdiyi kimi, ölkələrin enerji təhlükəsizliyini onların milli təhlükəsizliyindən ayırmaq olmaz.
Yəni, enerji təhcizatından asılı olan ölkələrə təbii ki, şaxələndirilmiş mənbə və marşrut lazımdır ki, burada da heç şübhəsiz “Cənub Qaz Dəhlizi” layihəsi müstəsna əhəmiyyətə malikdir”.
E.İbrahimov eyni zamanda bildirib ki, bu səfərin gedişatı və nəticələri Azərbaycan iqtidarının ölkə daxilindəki reallıq hissini itirən bəzi siyasi opponentləri və onların xaricdəki havadarları, daha doğrusu, ermənipərəst anti-Azərbaycan dairələr tərəfindən ölkəmizin Qərblə, Avropa ilə münasibətlərdə problemlər olması haqqında səslənidirdikləri, dövriyyəyə buraxdıqları fikirlərin reallığa söykənmədiyini də əyani şəkildə ortaya çıxarmış oldu:
“İstər səfər ərəfəsində, istərsə də səfərin gedişatında “opponentlər”imizn Almaniyanı Azərbaycan qarşısında sərt tələblər qoymağa çağırması, millilikdən uzaq bədnam Milli Şuraya yaxınlığı ilə tanınan bir qrup “siyasi mühacirin” erməni separatçıları ilə birgə etiraz aksiyası keçirməsi isə həmin qüvvələrin sadəcə, reallıq hissini itirməsini deyil, həm də antimilli mövqeyə yuvarlanmasını bir daha aşkar şəkildə göstərdi.
Olsun, özləri bilər, bunun Azərbaycanın dünyadakı nüfuzuna, ölkə iqtidarının heç kimdən asılı olmayan hərtətəfli xarici siyasət kursuna zərrə qədər də heç bir təsiri olmayacaq. Həmin qüvvələr bundan sonra da rəzil və rüsvay olacaqlar.
Çünki Azərbaycan xalqı və ölkə rəhbərliyi həmin qüvvələrin məkrli cəhdlərinə qarşı hər zaman olduğu kimi, layiqli və qətiyyətli cavabını verəcək”.
Modern.az