Modern.az

Aqrar sığorta haqqında yeni qanun layihəsi – deputat  YAZIR

Aqrar sığorta haqqında yeni qanun layihəsi – deputat  YAZIR

Aktual

9 May 2019, 11:30

 

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir və zamanın çağırışlarına uyğun olaraq daim təkmilləşdirilir. Pezidentliyinin ilk illərindən başlayaraq aqrar sahəni qeyri-neft sektorunun prioritet sahəsi adlandıran ölkə başçısı bu sahənin əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında,  respublikamızda sosial və siyasi sabitliyin bərqərar olmasında, habelə yüngül, yeyinti, maşınqayırma, kimya sənayesinin və digər sahələrin inkişafında  mühüm əhəmiyyət kəsb etdiyini düzgün qiymətləndirərək aqrar sahənin inkişafına daim diqqət və qayğı ilə yanaşmış və bu gün də həmin münasibət davam edir.

 

Məhz İlham Əliyev cənablarının təşəbbüsü ilə kənd təsərrüfatı məhsul istehsalçılarına müxtəlif istiqamətlər üzrə subsidiyaların verilməsi, onların torpaq vergisi istisna olmaqla digər bütün vergilərdən azad edilməsi, fermerlərə güzəştli şərtlərlə kreditlər ayrılması, kənd təsərrüfatı texnikasının və mal-qaranın  lizinq yolu ilə satılması və digər stimullaşdırıcı tədbirlər öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, 2018-ci ildə ilk dəfə ölkəmizdə  7 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuş, bir çox əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına təmin olunur və həmin məhsulların ixracı ildən-ilə artmaqda davam edir.

 

Hörmətli Prezidentimizin imzaladığı Fərman və Sərəncamlara, habelə verdiyi tapşırıqlara uyğun olaraq  son illər ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın artırılması, rəqabətə davamlı yüksək keyfiyyətli məhsullar istehsalı  istiqamətində  əsaslı işlər görülür. Belə ki, hazırda  respublikamızın 31 rayonun ərazisində 193 min hektar torpaq sahəsində  dəyəri 1,4 milyard manat olan 46 aqroparkın və iri təsərrüfatın , o cümlədən 45,3 min hektar ərazidə 18 müasir cins heyvandarlıq kompleksinin və 147,9 min hektar sahədə 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər davam edir. Kənd təsərrüfatını yüksək texnoloji sahəyə çevirmək üçün 18 aqroparka 114,3 milyon manat həcmində  güzəştli kredit verilmiş və 17 aqroparkda birinci mərhələ üzrə nəzərdə tutulmuş işlər başa çatdırılmaqla  onlar fəaliyyətə başlamışlar. İstifadəyə verilmiş bu təsərrüfatlarda hər hektardan 55-60 sentner buğda, 110-115 sentner qarğıdal dəni götürülür və  hər inəkdən 6000-7000 litr süd sağılır. Bu göstəricilər respublikamız üçün rekord hesab olunur və qabaqcıl dünya ölkələri ilə rəqabət aparmağa imkan verir.

 

Ölkəmizdə aqrar sahədə həyata keçirilən sistemli tədbirlər sırasında fermerlərin risklərinin azaldılmasında, istehsalın səmərəliliyinin artırılmasında, aqrar sahəyə investisiya cəlb edilməsində, habelə yeni texnika və texnologiyaların tətbiqində  aqrar sığortanın genişləndirilməsinin    xüsusi əhəmiyyəti vardır.

Aqrar sığortanın tətbiqi və inkişaf etdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli (1138 nömrəli) Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə və “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapmışdır. Eyni zamanda “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2017-ci il tarixli (2806 nömrəli) Sərəncamının icrasının təmin edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərdən biri də effektiv, dayanıqlı və sağlam kənd təsərrüfatı sığortası mexanizminin yaradılmasıdır.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, qüvvədə olan “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Qanunun kənd təsərrüfatında sığortanı tam şəkildə əhatə etməməsi, səmərəliliyin aşağı səviyyədə olması bu sahədə  sığorta   mexanizmin işləməməsinə səbəb olmuşdur. Belə ki,  riskləri yüksək olan kənd təsərrüfatı sahəsində ölkəmizdə ixtisaslaşmış sığorta şirkətinin olmaması və fermer təsərrüfatlarının əksəriyyətinin kiçik olması sığortalanma ilə bağlı xərcləri artırır. Sığorta haqqının bir hissəsinin  dövlət büdcəsi hesabına ödənilən məhsullar siyahısında  yalnız buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz (göyərti istisna olmaqla) meyvə, sitrus və üzüm bağlarının məhsullarını  əhatə etməklə  sığorta hadisələrini yanğın, dolu, sel, daşqın, şaxta vurması təşkil edir ki,  bu da  aqrar sığorta fəaliyyətini tam əhatə etmir. Bu və digər səbəblərdən mövcud qanun demək olar ki, işləmir və hər il dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsait çox az həcmdə istifadə olunur.   Ona görə də aqrar sığorta ilə bağlı işlək mexanizmi təmin edən yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yaranmışdır.

 

Bu məqsədlə və Strateji Yol Xəritəsinin icrası ilə əlaqədar olaraq, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış birgə işçi qrupunun fəaliyyəti nəticəsində dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılmış, mütərəqqi kənd təsərrüfatı sığortası sisteminə malik olan ABŞ, Kanada, İspaniya, Türkiyə və  İsrailin bu sahədə təcrübəsi öyrənilmişdir. Kənd təsərrüfatı sığorta mexanizmi kifayət qədər müvəffəqiyyət əldə etmiş Türkiyənin “Tarsim” aqrar sığorta modelinin yerində öyrənilməsi üçün həmin ölkəyə səfər təşkil edilmişdir. Həyata keçirilən araşdırmalar və təhlillər nəticəsində Türkiyə Respublikasının mövcud kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda uyğunlaşdırılaraq tətbiqi nəzərdə tutulmuş və “Aqrar sığorta haqqında” yeni qanunun layihəsi hazırlanmışdır.

 

Qanun layihəsi 4 fəsil 21 maddədən ibarətdir.

 

I fəsil ümumi müddəalara həsr olunmaqla qanunda  istifadə olunan anlayışlar, aqrar sığorta sahəsində dövlətin vəzifələri, sığortanın predmeti, sığorta üzrə təminat verilən risklər,  sığortanın tənzimlənməsi və sığorta haqqı barədə maddəalardan ibarətdir. 

 

Layihədə aqrar sığortanın predmeti kimi kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşular müəyyən edilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları bu aqrar sığorta predmetləri üzrə təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır. Göründüyü kimi mövcud qanundan fərqli olaraq bu layihədə həm aqrar sığortanın predmeti, həm də risklərin dairəsi daha geniş və əhatəlidir.

 

Eyni zamanda qeyd olunur ki, aqrar sığorta haqqı aqrar sığortalı tərəfindən ödənilməli olan hissədən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissədən ibarətdir. Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Bu da o deməkdir ki, aqrar sığortanın dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək hissəsi aqrar sığorta predmetlərini bütünlükdə əhatə edəcəkdir.

Layihənin II fəsli aqrar sığorta sisteminin subyektlərinə - Aqrar sığorta orqanına, İdarəedici quruma, müstəqil ekspertlərə, üzv aqrar sığortaçılara və aqrar sığortalıya həsr olunmuşdur.

 

Qeyd olunur ki, aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. Yəni  aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərən  təşkilat qüvvədə olan qanunda  göstərildiyi kimi özəl sığorta təşkilatı yox, dövlət orqanıdır. Bu isə çox önəmlı faktdır və ölkəmizdə aqrar sığorta sisteminin formalaşmasında həlledici əhəmiyyət kəsb edir. Bununla da dövlət aqrar sığorta fəaliyyəti ilə bağlı əsas riskləri öz üzərinə götürür və fermerlərin riskini azaldır. Belə ki, ölkəmizdə iqtisadiyyatın ən çox riskli sahəsi olan kənd təsərrüfatında sığortanın təşəkkül tapmamasının səbəblərindən biri də özəl  sığorta təşkilatlarının bu fəaliyyətə çox az hallarda  meyl göstərməsidir.   

 

Qanun layihəsində aqrar sığortanın inkişafına təkan verən amillərdən biri də aqrar sığorta  orqanının  öz mənfəətini  uzunmüddətli sığorta ehtiyatlarının formalaşdırılmasına,  nizamnamə kapitalının artırılmasına, sığortalı tərəfindən ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə və dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə yönəltməsi barədə müddəaların əks olunmasıdır. Bu imkan verəcəkdir ki, müqavilə bağlanan vaxt fermerin vəsaiti olmadıqda sığorta haqqının bir hissəsini  onun əvəzinə sonradan həmin vəsaiti fermerdən almaq şərti ilə  aqrar sığorta orqanı ödəsin. Belə olan halda fermerlərin sığorta müqaviləsi bağlamaqdan imtina etmələrinə də əsas qalmır və bu faktın özü də aqrar sığortanın formalaşmasında böyük rol oynayır. Aqrar sığorta orqanının  aktivləri və təkrarsığorta təminatı onun öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət etmədikdə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün ona  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etmək hüququnun verilməsi də böyük önəm daşıyır. 

 

Qanun layihəsində  aqrar sığorta sisteminin subyektləri olan aqrar sığorta orqanı, idarəedici qurum, müstəqil ekspertlər,  üzv aqrar sığortaçılar, aqrar sığortalı, aqrar sığorta informasiya sistemi, aqrar sığortanın araşdırılması və aqrar sığorta ilə bağlı digər məsələlərə dair müvafiq maddələr və müddəalar da  əks olunmuşdur.  

 

Qanun layihəsində bəzi uyğunsuzluqlar və çatışmamazlıqlar da vardır və bunlar layihənin Aqrar siyasət komitəsinin və Milli Məclisin plenar iclaslarında müzakirəsi zamanı  deputat həmkarlarım tərəfindən qeyd ediləcək və komitənin işçi qrupu bunları növbəti müzakirələrdə nəzərə alaraq müvafiq düzəlişlər etməklə biz sonda daha təkmil qanun qəbul edəcəyik.

 

Qanunun qəbul edilməsi mahiyyəti etibarı ilə mütərəqqi təcrübəyə əsaslanan kənd təsərrüfatı sığortası sisteminin formalaşması prosesinin sürətləndirilməsinə və kənd təsərrüfatı istehsalının davamlılığının təmin edilməsinə səbəb olacaqdır. Bu, eyni zamanda kənd təsərrüfatı sığortası fəaliyyətinin tənzimlənməsinin hüquqi bazasının təkmilləşdirilməsi və bu sahədə infrastrukturun yaradılması üçün hüquqi zəmin yaradacaqdır. Belə bir qanunun qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahənin inkişafına və kənd təsərrüfatı məhsul istehsalçılarına yüksək diqqət və qayğısının növbəti əyani sübutudur.  

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı