Daşınmaz əmlakın, ticarət obyektlərinin sığortalanması ilə bağlı ciddi problemlər var. Bu tip obyektlərin sahibi ilə işlədənlər fərqli şəxslər olduğu üçün sənədləşmə ilə bağlı problemlər yaşanır.
Bu barədə Modern.az-a dnaışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, icarəyə verilən obyektlərin sahibi başqa insanlar, çox zaman məmurlar olur:
“Ticarət obyektlərində sığorta olmamasının əsas səbəbi icarəyə verənlə icarəyə götürən arasında hüquqi şəkildə icarə müqaviləsinin olmamasıdır. Burada mülkiyyətlə bağlı problemlərin həll olunması vacibdir. Çünki icarə müqavilələri çox zaman bağlanmır, tərəflər arasında sadəcə şifahi razılaşma olur. Bu da həm vergidən yayınma, həm də qanunvericilik şəklində icarəyə verənlə icarəyə götürən arasında münasibətlərin təmzimlənməsində problemlər yaşadır. Əgər müqavilə mədəniyyəti formalaşsa, icarəyə verənlə icarəyə götürən arasında müqavilə öhdəlikləri yazılsa, o zaman obyektlərin də sığortalanması məcburiyyəti qeyd oluna bilər. Fərq etməz, ya icarəyə götürənin, ya da icarəyə verənin qarşılıqlı razılığı əsasında ikisindən biri həmin obyekti sığortalanması ilə bağlı öhdəlik götürə bilər. Ona görə də ilkin olaraq müqavilə mədəniyyətinin formalaşması üçün həm ciddi nəzarət, həm də təşviqedici addımlar lazımdır”.
Ekspertin sözlərinə görə, çox zaman ona görə o müqavilələr imzalanmır ki, icarə müqaviləsinə görə 14 faizlik vergi müəyyənləşdirilib:
“Bu vergi həddindən artıq yüksəkdir. Ona görə də çox zaman müqaviləsiz çalışmağa üstünlük verirlər. Ola bilər ki, bu vergi dərəcəsinin dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilməlidir və bu təkliflər qəbul edilməlidir. İlkin mərhələdə bunu 2 dəfə azaltmaq lazımdır ki, ən azından icarəyə verənlə icarəyə götürən arasında məsələlərin hüquqi müstəvidə müqavilə şərtləri çərçivəsində həll olunmasına şərait, imkan yaransın. O zaman sığorta məsələsi də öz həllini tapa bilər”.
İqtisadçı bildirib ki, daha ciddi məsələlə bu tipli obyektlərdə satılan malların mənşəyi ilə bağlıdır:
“Topdan alınan malların qaimələri olmur, qanuni əməliyyatlar aparılmır, banklar vasitəsi ilə köçürmələr olmur, nəticədə mal qalığını çıxartmaq, dəymiş ziyanı hesablamaq müşkülə çevrilir. İqtisadi münasibətləri o günə salıblar ki, “kölgə iqtisadiyyatı” dominant hal alıb, məmur biznesə, biznes məmura qarışıb. Kresloları ilə diffuziya əlaqəsinə girmiş məmur tayfası biznesdən qoparılmasa, iqtisadiyyatda və idarəetmədə yaranmış problemlərin çözülməsi mümkün deyil”.