"Azərbaycanda koronavirus əleyhinə aparılan mübarizə,əldə olunan müsbət nəticələr dünyada maraqla qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatının da dövlətimizin bu sahədəki fəaliyyətini dəfələrlə təqdir etməsi xarici mətbuatın diqqətini ölkəmizə yönəldib".
Bu fikirləri Modern.az-a Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
O bildirib ki, dünyaca məşhur televiziya kanalları- "Euronews", "Haber Global", "TRT Haber, “MİR" və s, yazılı nəşrlərin, elektron mətbuatın bizim milli təcrübəmizə üz tutması, təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan modelini təbliğ etməsi bir siyasətçi və vətəndaş kimi məndə qürur hissləri yaradır.
"Hər birimiz yaxşı bilirik ki, bir çox digər qlobal problemlərlə bağlı sərgilədiyi fəaliyyətlə yanaşı, ölkəmizin koronavirusa qarşı həyata keçirdiyi çevik, dinamik və səmərəli tədbirlər bugünkü dünyada, doğrudan da, qabaqcıl bir nümunədir, örnəkdir.Ölkəmizin belə vacib bir məsələdə öncüllər sırasında yer alması, söz yox ki, ilk növbədə dövlətimizin başçısı İlham Əliyevin xalqımızın həyat və sağlamlığının qorunmasında vaxtında atdığı adekvat addımları, savadlı və fədakar fəaliyyəti ilə bağlıdır. Azərbaycan Prezidenti, 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva öz bacarıqları ilə dövlətimizin, cəmiyyətimizin və hər bir vətəndaşımızın həmrəyliyinə nail olaraq, ölümcül virusa qarşı çox ciddi bir mübarizə təşkil etmişlər. Xarici ölkə mətbuatının xüsusilə vurğuladığı məsələlərdən biri də odur ki, Azərbaycanda antivirus tədbirləri bir çox ölkələrdə olduğu kimi, kor-koranə deyil, sistemli şəkildə aparılır və dövlətimizin atdığı bütün addımlar situasiyanın məntiqinə və tələbinə uyğun şəkildə yerinə yetirilir. Koronavirusla mübarizədə ölkəmizin yeni metod və texnologiyalardan istifadə etməsi və hər gün bu işi daha mükəmməl mərhələlərə qaldırması da mətbuatın diqqətindən yayınmayıb. Xarici jurnalistlərin qənaətinə görə, Azərbaycanda itkilərin azlığı məhz ölkə rəhbərliyinin fəaliyyəti ilə bağlıdır"