“Dünən cənab prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə ən geniş yer dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərə həsr olundu. Cənab prezidentimiz bir daha vurğuladı ki, Azərbaycan modeli dünyanın bir çox ölkələrində tətbiq olunmaqdadır. Çünki dünya ölkələri görür ki, Azərbaycanda atılan addımlar yaxşı nəticələr verir. Bunu ÜST də təsdiq edir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat bildirib ki, koronavirus dünya ölkələrinin də iqtisadiyyatına təsir edir:
“Azərbaycan da dünya ölkələrinin bir parçası olaraq, təbii ki, bu pandemiya ölkəmizin də iqtisadiyyatına təsirsiz ötüşmür. Görülən işlər, atılan addımlar ayrılan vəsiatlər ilk növbədə Azərbaycan iqtisadiyyatının daha az zərər görməsinin nəticəsidir”.
Cavid Osmanov belə bir gündə bəzi müxalifət nümayəndələrinin səsləndirdiyi fikirlərə də aydınlıq gətirib:
“Xalqımızın belə bir vaxtda koronavirusa qarşı dövlətlə birgə mübarizə apardığı bir zamanda Azərbaycanda 27 il bundan əvvəl xalq tərəfindən süpürülüb zibilxanaya atılmış, bugünkü “beşinci kolon”, Milli Şura ətrafında birləşən Cəmil Həsənli, Sevinc Osmanqızı, Əli Kərimli Tofiq Yaqublu kimi qruplaşma yaramazcasına Azərbaycan iqtidarına yox, Azərbaycan dövlətinə, xalqına qarşı çirkin bir siyasət həyata keçirirlər. 2005-ci ildə digər ölkələrdə olduğu kimi, Azərbaycanda da inqilablar həyata keçirtməyə çalışırdılar. “Ərəb baharı”nı Azərbaycanda da tətbiq etməyə çalışdılar. Bunların məkrli siyasəti birbaşa Azərbaycan xalqına yönəlib. Çünki bunların rəhbərləri bunları maliyyələşdirən birbaşa Ermənistan lobbisi, ermənipərəst qüvvələrdir. Onların gözü Azərbaycanın inkişafını götürmür. 27 il bundan qabaq xalq tərəfindən zibilliyə atılmış şəxslər çirkin virusdurlar. Düşünürəm ki, koronavirus belə insanlara yoluxmayacaq. Azərbaycan xalqı bir daha həmrəylik nümayiş etdirdiyi bir vaxtda, bunlar öz niyyətlərini istifadə etmək üçün erməni tərəfindən aldıqları tapşırıları xalqımıza təhqir yağdırmaqla göstərirlər. Halbuki son 2 ildə ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar onu deməyə əsas verir ki, biz hər zaman inkişaf edəcəyik. Düşünürəm ki, bu cür insanlara hüquqi qiymətin verilməsinin vaxtı çoxdan çatıb və bu da həyata keçiriləcək”.