“Dünən cənab prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi. Cənab prezident müşavirədə bir çox məqamlara toxundu. Hazırda dünyada, eləcə də, ölkəmizdə insanların sağlamlığı üçün təhlükə yaratmış koronavirus pandemiyasına qarşı tədbirlər görülməkdədir. Müşavirədə ən geniş yer dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərə həsr olundu. Cənab prezidentimiz müşavirədə bir daha vurğuladı ki, Azərbaycan modeli dünyanın bir çox ölkələrində tətbiq olunmaqdadır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanın atdığı addımların müsbət nəticə verdiyini təsdiqləyib”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov dünən prezident İlham Əliyevin cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair müşavirədə etdiyi çıxışını şərh edərkən deyib. Deputat bildirib ki, İlham Əliyevin siyasi islahatların aparılması ilə bağlı söylədiyi fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinə inamla keçdiyini göstərir:
“Bu çox yaxşı haldır ki, koronavirus pandemiyasına qarşı xalq və dövlət birgə formada addım atır. Xalqımız verilən hər bir qərara hörmətlə yanaşır. Necə deyərlər, “Biz birlikdə güclüyük!”. Hesab edirəm ki, dünyanın da üzləşdiyi belə çətin bir vaxtda koronavirusa qarşı daha əzmlə bir yerdə mübarizə aparmalıyıq”.
Məşhur Məmməov ölkənin inkişafına, milli maraqlarımıza zərbə vurmağa çalışan qüvvələrdən də söz açıb:
“Sevindirici haldır ki, Azərbaycanın siyasi arenasında gəncləşmə gedir. Son 2 ilə nəzər salsaq, ölkənin müxtəlif sahələrində struktur islahatlarının həyata keçirildiyinin şahidi olarıq. Nazirlər Kabineti, Prezident Administrasiyası, eləcə də, Milli Məclisdə köklü dəyişikliklər həyata keçirilib. Təəssüf ki, bu inkişafa zərbə vurmağa çalışan destruktiv qüvvələr var. Ancaq həmişəki kimi məğlub olurlar. Çünki öz şəxsi maraqlarını güdən insanlar heç zaman xalqın, dövlətin yanında ola bilməzlər. Xalqın sevgisini bacarmaq üçün xalqın yanında olmaq lazımdır. Görülən işlərə kölgə salmaq uğur göstəricisi deyil. Burdan o insanlara deyirəm. Niyə qondarma Dağlıq Qarabağda keçirilən seçkilərə etiraz etmədiz?! Halbuki o seçkilər beynəlxalq aləm tərəfindən tanınmadı. Susduz. Səsinizi o zaman çıxartmalı idiz. Bu cür dövlətinə, xalqına düşmən kəsilən qüvvələr heç zaman qabağa gedə bilməyəcək. Hesab edirəm ki, ölkə başçısı cənab İlham Əliyevin əsas məqsədi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulub. Biz birlikdə güclüyük!”.