Nazirlər Kabineti yanında Operativ Qərargah xaricdə qalmış azərbaycanlılar üçün “Evə gedirəm” portalı hazırlayıb. Bu gündən qeydiyyat başlayır. Aprelin 20-dən sonra Rusiya və Türkiyədən xüsusi reyslərlə sərnişinlərin qəbulu həyata keçiriləcək. İlkin olaraq 300-400 azərbaycanlının gətirilməsi nəzərdə tutulur.
Moskva Azərbaycanlıları icmasının sədri Şamil Tağıyev Modern.az-a açıqlamasında bildirib ki, məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir:
“Təəssüf ki, ilkin olaraq 300-400 vətəndaşın qayıtması gözlənilir. Diasporla İş üzrə Dövlət Komitəsində səhifə yaradılmışdı. İnsanlar o səhifədə qeydiyyatdan keçərək özləri barədə məlumatları və əlaqə nömrələrini qeyd edirdilər. Sonradan həmin şəxsi məlumatlar Azərbaycanın Rusiyadakı səfirliyinə verildi. Onu da qeyd edim ki, məsələ Azərbaycan səfirliyinin tam nəzarəti altındadır”.
Şamil Tağıyev Rusiyadakı diaspor təşkilatlarına edilən müraciətlərdən də söz açıb:
“Artıq 2 həftədən çoxdur ki, Azərbaycanın Rusiyadakı səfirliyinin “qaynar xətt”i fəaliyyət göstərir. Bizə müraciət edən insanları həmin “qaynar xətt”ə yönəldirik. Azərbaycana dönmək istəyən soydaşlarımızın siyahısı tutulur. Belə başa düşürəm ki, həmin siyahı əsasında da insanlarımız vətənə geri dönəcəklər. Ancaq ilk olaraq kimlər dönə bilər sualına gəlincə, Nazirlər Kabineti yanında Operativ Qərargah tam olaraq cavablandırıb”.