Milli Məclisin iclasında Cinayət və İnzibati Cəzalar məcəllələrinə bir sıra dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, layihələr barədə Milli Məclisin plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.
İclasda Azərbaycan Respublikasının peşə təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi məsələsinə baxılıb.
Müzakirəyə çıxarılan bu məsələ Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir.
Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.