“Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının fəsadlarından qorunmaq üçün vaxtında preventiv addımlar atılır, profilaktik və sistemli tədbirlər həyata keçirilir. Həyata keçirilən mühüm tədbirlər nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılması və təhlükəli həddə çatması artıq mümkünsüzləşdirilib.”
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
"Təhlükəni anında və məqamında hiss edən ölkə Prezidenti çoxlarının, hətta dünyaya “insanlıq və demokratiya dərsi” keçib, indi də insanlıq dramı yaşayan, təhlükəyə, bəlaya sanki gözləri baxa-baxa təslim olan aparıcı dövlətlərin və onların rəhbərlərinin “Bu da keçib gedər, virusdur, ötəridir, baş qoşmağa dəyməz” kimi bir yanaşma sərgilədikləri və bunun bədəlini çox ağır ödədikləri bir dönəmdə cənab Prezident İlham Əliyev epidemiya ilə mübarizənin bütün yollarını arayıb-axtardı, bu bəlanın ölkəmizdə genişlənməməsi və təhlükəli hal almaması üçün bütün resursları səfərbər etdi.
Nəticələr göz önündədir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, görülən işlər vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Koronavirus pandemiyası dünyanı cənginə alandan və ölkəmizə “gəlməyə” başlayandan böyük iradə ortaya qoyulub, qətiyyyət nümayiş etdirilib. Ölkə Prezidentinin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, büdcədən həmin fonda 20 milyon vəsait ayrılıb. Bunun davamı olaraq daim humanistlikləri, insanpərvərlikləri ilə seçilən dövlət başçımız və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz birillik məvaciblərini fonda ianə ediblər və bununla da növbəti gözəl bir ənənənin əsasını qoyublar. Artıq deputatlar, Milli Məclis də daxil olmaqla, bütün strukturlar, imkanlı şəxslər, sahibkarlar, iş adamları, ziyalılar, ünlülər, sadə vətəndaşlar belə bu fonda vəsait köçürməkdə, xeyirxah, savab işə töhfələrini verməkdədirlər. Əminik ki, dövlətimizin dəstəyi və Tanrının köməyi ilə biz bu bəladan da az zərərlə qurtulacaq, çətin günlər tezliklə arxada qalacaq, Azərbaycan xalqı öz sakit, firavan həyatına davam edəcək”.
Jalə Əliyeva çıxışının sonunda müsəlman dünyası üçün müqəddəs Ramazan ayından da söz açıb:
“Bu gün bütün müsəlman dünyasında müqəddəs ayın başlanğıcıdır. Müqəddəs Ramazan ayı bir ay davam edəcək. Bu günlərdə tutulan orucların bütün dünyaya xeyir, sağlamlıq, əmin-amanlıq gətirməsini arzu edirəm”.