Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsi müzakirəyə çıxarılıb.
Modern.az-ın məlumatına görə, məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edib.
İnsan Hüquqları üzrə Müvəkkil öz çıxışında ölkədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində vəziyyəti geniş təhlil edib, koronavirus epidemiyasına qarşı mübarizədə hökumətin həyata keçirdiyi tədbirləri dəyərləndirib, eyni zamanda insan hüquqlarının daha etibarlı müdafiəsi və səmərəli təmin edilməsinə yönələn təklif və tövsiyələr verib.
Məruzədə İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.
Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq qəbul edilib.