Modern.az

Elə bir adamın müdafiəsinə ehtiyacımız yoxdur” – Sərdar Cəlaloğlu 

“Elə bir adamın müdafiəsinə ehtiyacımız yoxdur” – Sərdar Cəlaloğlu 

Aktual

26 Aprel 2020, 12:24

Tarixçi alim Altay Göyüşovla ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı arasında sosial şəbəkədə bir-birinin ünvanına söz atışması baş verib. Sevinc Osmanqızı Altay Göyüşovu “Qədeşbala” professor adlandıraraq  REAL-a girib-çıxdığını, çörək kəsdiyi dostlarını satdığını, Vaşinqtonda qrant alıb Azərbaycana qayıtdığını deyib.

 

Altay Göyüşov haqqında səslənənlərə Facebook üzərindən cavab verərək  Osmanqızının ünvanına “mən səni hər zaman fırıldaq saymışam” deyib.

 

Tarixçi alim Vaşinqtonda olduğu illərdə də onu heç zaman axtarmadığını, onunla əlaqə yaratmaqda maraqlı olmadığını vurğulayıb: “Vaşinqtonda olanda özün mənə zəng edib, filan layihə var demisən, verilişinə dəvət etmisən. “Qədeşbala” idimsə niyə çağırırdın verilişinə, niyə təmas qururdun? Mən bu adama inanmıram”.

 

Prezidentin köməkçisi Yusif Məmmədəliyevin əmisi nəvəsi olduğunu bildirən tarixçi alim Sevinc Osmanqızının faktları təhrif etdiyini iddia edib: “Bunun yalanı nədir? Deyir ki, guya onunla görüşür və müxalifəti dağıtmaqla bağlı danışırıq. Onu bir neçə il əvvəl atasının yasında görmüşəm. Ondan sonra da onu təsadüfən Opera Teatrında görmüşəm”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında tərəflər arasında yaşananlara əhəmiyyət vermədiyini bildirib:

 

“Altay Göyüşov kimdir?! Mən onu tanımıram. Nə dərəcədə tanınmış adamdır?! Düzü, Osmanqızının onu hakimiyyətə işləməkdə suçlaması mənə maraqlı deyil. Guya müxalifəti nə zamansa müdafiə edib?! Elə bir adamın bizi müdafiə etməsinə ehtiyacımız da yoxdur. Özümüzü müdafiə etməyə kifayət qədər gücümüz var. Müxalifətə qarşı çıxmaq, müxalifəti söymək hökumətin yanında hörmətli olmaq, pul qazanmaq  deməkdir.

 

Digər bir məsələ də var. İnsanların iqtidarın, yaxud da, müxalifətin yanında olmaq hüquqları var. Bu normaldır. Bizi narahat etməməlidir”.

 

Sərdar Cəlaloğlu Sevinc Osmanqızının müxalifətə olan aqressiyasından da söz açıb:

 

“Sosial şəbəkələrdə fəaliyyət göstərən internet televiziyaları özlərinə adam toplamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Sevinc Osmanqızı əsasən Milli Şuranın maraqlarını müdafiə edir. Milli Şuradan başqa yerdə qalan müxalif qüvvələrə neqativ yanaşma sərgiləyir. Vaxtilə fəaliyyəti dayandırılmış ANS Televiziyasında çalışanda hakimiyyətə qulluq edirdi. İndi də Amerikada oturub. Görünür, ona demokrat olmaq lazımdır. Ona görə də özünü bu cür təqdim etmək istəyir. Bütün bunların hamısı siyasi oyunlardır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada