“Hazırda Ali Məhkəmə sədrinin əmək haqqı Milli Məclis sədrinin əmək haqqına bərabər səviyyədədir. Hazırda məhkəmələrdən gələn şikayətlərin sayı olduqca çoxdur”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Vahid Əhmədov deyib. O bildirib ki, məhkəmə sisteminin çıxardığı qərarlardan çox şey asılıdır:
“Bank sistemi, mülkiyyət sistemi ilə əlaqədar məhkəmələrin çıxardığı qərarlarla əlaqədar çox şikayətlər olur. Bu şikayətlər çox halda öz həllini tapa bilmir. Beləliklə, ədalət öz həllini tapa bilmir. Məhkəmə sistemi tamamilə dəyişilməlidir. Yeni gələn insanlar hansısa məmur, icra başçısına görə qərarlar çıxarmamalıdır. Təyin edilən hakimlərdən xahişim ondan ibarətdir ki, qərar qəbul edəndə vicdanlarına uyğun qərarlar qəbul etsinlər. Ölkə başçısının qarşıya qoyduğu məqsəd bir günlük, iki günlük məqsəd deyil. Korrupsiyaya qarşı addımlar istər aşağı səviyyədə, istərsə də yuxarı səviyyədə davam etdiriləcək”.
Deputat Sadiq Qurbanov isə bildirib ki, bu, məhkəmə-hüquq sistemində gedən islahatlar çərçivəsində ciddi addımdır:
“Bu gün təyin olunan hakimlərdən ən yüksək gözləntimiz ölkə başçısı tərəfindən aparılan islahatlar kursuna dəstək vermələridir”.