“Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla, ölkəmizdə qiymətlər azad iqtisadiyyat sistemində tələb-təklif əsasında formalaşır. Ərzaq məhsulları, tikinti materiallarının qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlər sırasındadır. Bunlar tələb və təklif əsasında formalaşır. Bura süni olaraq, müdaxilə edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb”.
Modern.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları” adlı onlayn konfransda yanacağın bahalaşmasının ərzaq məhsullarının qiymətinə təsirlərindən danışarkən bildirib.
M.Abbasbəyli qeyd edib ki, xidmət olaraq bu fəaliyyətin aparılmasını düzgün saymırlar:
“Süni qiymət artımlarına gəldikdə, tərəfimizdən gündəlik olaraq, monitorinqlər aparılır. 57 adda ərzaq məhsulu üzrə, 28 adda meyvə-tərəvəz üzrə, 51 adda tikinti materialı üzrə monitorinqlər aparırıq. Bizim monitorinqlərin aparılmasının məqsədi bazarda azad rəqabət şəraitinin mövcud olan qiymətlərin monitorinqi və bunun əsasında aninhisar qanunvericiliyinin pozulmasına yönəlmiş hansısa sövdələşmə əlamətlərinin aşkarlanmasından ibarətdir”.
M.Abbasbəylinin sözlərinə görə, təhlillər qiymətlərlə bağlı hər hansı qanun pozuntusu aşkar edilmədiyini göstərir:
“Müəyyən məhsullar var ki, ölkəmizdə istehsal olunmur. Dünyada şəkər, duru yağların qiymətlərində kifayət qədər bahalaşma gedir ki, bu bizdə də müşahidə edilir. Ona görə də bizdə də bunu qanun pozuntusu saymaq olmaz”.