“Təhsil sahəsində tətbiqi tədqiqatlara 4 milyon manat ayrılır. Səhiyyəyə də ayrılır. Bu formal rəqəmlərdir. Bizdə nə təhsil sahəsində, nə də tibbdə tədqiqat aparılmır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən deputat Fazil Mustafa deyib.
Deputat təhsil müəssisələrində idman infrastrukturunun olmamasından narazılığını ifadə edib:
“Universitetlər içərisində də tək Ali Neft Məktəbində və UNEC-in yeni korpusunda idman infrastukturu qurulub. Bu o deməkdir ki, biz tələbəni universitetə bağlayan bir infrastrukturdan məhrumuq. İdman infrastrukturunun olmaması universitetlərin reytinqinə də təsir edir”.
Deputat Fazil Mustafa Bakıxanov ərazisində yerləşən Mədəniyyət evinin dağıdıldığını da diqqətə çatdırıb:
“Mən başa düşürəm, mədəniyyətə ehtiyac yoxdur. O binanı dağıdıblar, çəpərləyiblər, bəs söküb yerinə nə tikəcəklər - heç olmasa bunu bilək. Mədəniyyət evinin yerində yaşayış evi, yoxsa pivəxana tikiləcək buna aydınlıq gətirilməlidir”.