“Tam səmimi deyirəm, yanğın məsələsindən o qədər narahatıq və bu mövzuya o qədər həssasıq ki, hardasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik. İstəyirik ki, bu narahatlıq, bu həyəcan bütün vətəndaşlarımızda da olsun”.
Modern.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, yay mövsümündə təbiət ərazilərində yanğınların baş verməsi təəssüf ki, bir reallıqdır və qaçılmazdır:
“Lakin hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurarıqsa, insan etinasızlığından yarana biləcək bu fəlakətdən qurtularıq.
Meşə ərazilərində baş verən yanğınlar, bu fəlakətin qarşısının alınmasında yaranan çətinliklər, təbiət və cəmiyyətə vurulan zərərlər, onun acı nəticələri ilə bağlı xəbərlər çox sarsıdıcıdır.
Allah qorusun, bizlər də bu amansız alovun törədə biləcəyi fəsadlardan sığortalanmamışıq və yay mövsümü, qızmar hava şəraiti gələr-gəlməz, tikan üstündə dayanmış kimi, hamımız narahatlıq və həyəcan içində keçiririk günlərimizi.
Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız bir şəxsin törətdiyi ehtiyatsız əməlin fəsadı qarşısında aciz qalırıq”.
İ. İbrahimova vətəndaşlardan xahiş edib ki, odla həddən artıq ehtiyatlı davransınlar:
“Çünki sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq. Unutmayaq ki, bir nəfərin ani ehtiyatsız davranışı, qaydalara əməl etməməsi yüzlərlə hektar meşə sahəsində qarşısıalınmaz yanğınlara səbəb olur, eləcə də insanların, canlıların həyatına təhlükə yaratmaqla böyük fəlakətə yol açır. Nəticədə həm təbiətimiz, həm ekosistem məhv olur, həm də dövlətimizin büdcəsinə zərər vurulur”.